XƏBƏR LENTİ
04 Dekabr 2022
02 Dekabr 2022
01 Dekabr 2022
30 Noyabr 2022
29 Noyabr 2022
28 Noyabr 2022
27 Noyabr 2022



Yasamal rayonunda 5 mart - Bədən tərbiyəsi və idman günü qeyd edilib
Olimpiya Hərəkatı 18:20 / 04.03.2022
Yasamal rayon İcra Hakimiyyətində 5 mart-Bədən tərbiyəsi və idman günü münasibəti ilə "idman həftəsi” çərçivəsində bir qurup idman ictimaiyyəti nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, millət vəkili Ülvi Quliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinova, Yasamal Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanov və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.
Tədbiri giriş sözü ilə açan açan Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 mart 2005-ci il tarixli Sərəncamı ilə 5 mart tarixi Bədən tərbiyəsi və idman günü elan edilib. O qeyd edib ki, dövlət başçısı tərəfindən imzalanmış sərəncamlar ölkə rəhbərliyinin idmana və idmançılara olan qayğısının bariz nümunəsidir. "Son illər paytaxtımız çoxsaylı mötəbər turnirlərə ev sahibliyi edib. Bunların arasında I Avropa Oyunları, Formula 1 Azərbaycan Qran-Prisi, 42-ci Ümumdünya Şahmat Olimpiadası, IV İslam Həmrəyliyi Oyunları, xüsusilə edilməlidir. Ölkəmiz bu yarışları yüksək səviyyədə təşkil etməklə, dünya idman tarixində silinməz iz qoydu”, - deyə, İlham Səfərov bildirib.
O, ötən dövr ərzində idarə tərəfindən yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın təbliği və inkişafı istiqamətində görülmüş işlərdən söz açaraq bu sahənin idarənin fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev isə çıxış edərək qeyd edib ki, bədən tərbiyəsi və idman Azərbaycan dövləti üçün hər zaman ən mühüm sahələrdən birini təşkil edib. "Dünya miqyasında idman ölkəsi kimi tanınan Azərbaycan son 20 ildə qazandığı yüksək nəticələrin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda Olimpiya Hərəkatının fəal üzvlərindən biridir”, - deyə Hüseyn Əfəndiyev qeyd edib.
O, çıxışı zamanı Yasamal rayonunda müxtəlif idman və bədən tərbiyəsi mərkəzlərinin, o cümlədən, şahmat-dama klubları, idman-sağlamlıq mərkəzləri, uşaq-gənclər idman məktəblərinin fəaliyyət göstərdiyini bildirib. Qeyd olunub ki, son bir neçə ildə Yasamal rayonundakı müxtəlif ünvanlarda süni örtükü futbol meydançaları sakinlərin istifadəsinə verilib. Bu futbol meydançalarının tikintisi və açılışı Yasamal rayon İcra Hakimiyyətnin başçısı Elşad Həsənovun xüsusi diqqət mərkəzində olub və bundan sonra da yeni idman infrastrukturlarının istifadəyə verilməsi rayon İcra Hakimiyyəti üçün prioritet olacaq.
Daha sonra çıxış edən millət vəkili Ülvi Quliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftahətdinova, Yasamal Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanov və digər natiqlər Azərbaycan idmanının uğurları və qarşıda duran məqsədlər barədə danışıblar.
Sonda bir qrup idmançı və idman ictimaiyyətinin nümayəndəsi əldə etdikləri yüksək nəticələrə və 5 mart - Bədən tərbiyəsi və idman günü münasibəti ilə fəxri fərmanlarla mükafatlandırılıblar. Təltif olunanlar arasında "Olimpiya dünyası” qəzeti də yer alıb.

11992 oxunub

InvestAZ