XƏBƏR LENTİ
19 Mart 2024
18 Mart 2024
17 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024



Kömür şaxtasından yaşıl meydanlara uzanan ömür yolu
Maraqlı 13:27 / 04.02.2021

XX əsrin əvvəllərində futbolun vətəni olan İngiltərədə oyunlar yerli azarkeşlərin gözü önündə xüsusi bir mənzərə açdı. Futbol intibah dövrünü yaşayırdı. Söhbət oyunların sürətindən və texniki-taktikasından deyil, oyunçuların artıq vərdiş etdiyimiz standartlara uyğun olmamasından gedir. Məsələn, oyunçular həm yaşlı və həm də hədsiz kök idilər. Onlardan ən məşhur və qeyri-adi göstəriciləri olan biri isə qapıçı Uilyam Fulk idi. İndiki dövrümüzdə belə bir ağır çəkili qapıçının çətin ki, yığma komandada çıxış etmək şansı olsun. O vaxtkı dövrdə isə Fulk belə çəki ilə kifayət qədər uğur qazanmışdı. Futbol karyerasının sonlarında idmanda qazandığı uğurlar onun həyatını dəyişdirdi. O, futbol tarixində ən nəhəng qapıçı kimi məşhurlaşdı. "Olimpiya dünyası” qəzeti bu sayında "nəhəng qapıçı” adlanan Uilyam Fulk haqqında yazını çoxsaylı oxucularına təqdim edir.


Futbol dünyasında onun bənzəri yox idi

Uilyam Fulk 1874-cü ildə İngiltərənin Douli (indiki Telford) şəhərində dünyaya göz açıb. O, Meri Enn Fulkun qanundan kənar oğlu idi. Uşaq doğulan kimi Meri onu Blekuell şəhərinə, valideynlərinin yanına göndərir. Nənə və babasının himayəsində olan balaca Fulk ailədə sevilmədiyi üçün onlar tərəfindən ağır əməyə cəlb edilir. Buna baxmayaraq, fiziki cəhətdən güclü olan Uilyam ağır işlərin öhtəsindən gələ bilirdi. O, şəhərin əksər kişiləri ilə birlikdə şaxtada işləməyə gedirdi. Boş vaxtlarında isə Fulk Blekuell şəhərinin yerli futbol komandasında oynayırdı. Fiziki göstəriciləri qeyri-adi olduğu üçün onu qapıçı təyin edirlər.
Gənc şaxtaçının taleyi "Derbi Kaunti” ilə yoldaşlıq matçında dəyişir. 20 yaşlı qeyri-adi görünüşlü qapıçı diqqətdən kənarda qalmır. Onun boyu 193 sm, çəkisi isə təxmini 100 kq idi.
XX əsrin əvvəllərində, xüsusilə bu cür "nəhəng”lərə çox az rast gəlinərdi. Bədən quruluşunun kök olmasına baxmayaraq, Fulk çox cəld qapıçı idi. O, bütün zərbələri, hətta aşağıdan vurulan zərbələri belə dəf etməyi bacarırdı. Qapıçı cərimə topunu da çox məharətlə tuturdu. Onun qoruduğu mövqeyə girmək hücumçu üçün təhlükəli idi. Hətta bir dəfə Uilyamla üz-üzə qalan "Derbi” hücumçusu iki dişini itirmişdi.
Yoldaşlıq matçı bitdikdən sonra "Derbi” rəhbərliyi dərhal Fulka müqavilə təklif etmişdi. Müqavilənin dəyəri adi işçinin qazancından bir neçə dəfə yüksək idi. Amma qapıçının qardaşı ona razılıq qərarı vermədən bir daha düşünməyi və özünü ucuz qiymətə satmamağı tövsiyə etmişdi. Qapıçının qohumu haqlı idi. Uilyamın sayəsində futbol agentliyi açaraq, uğurlu karyera qurmaq olardı. Bir neçə gündən sonra Fulk öz qərarını verdi. Təklifi gücləndirmək üçün oyunçunun yanına "Şeffild Yunayted”dən nümayəndə gəlmişdi. Razılıq əldə edildi. Beləliklə, "dərinliklərin sadə şaxtaçısı” elit ingilis diviziyasının peşəkar futbolçusuna çevrildi. Onun gəliri birbaşa siyahıdankənar, 4 dəfə yüksəldi.
Fulk tez bir zamanda "Şeffild”in əsas qapıçısına çevrildi. O, bir mövsumdə 29 matçda 30 rəqib zərbəsini dəf edə bildi. O matçlarda möhtəşəm çıxış edirdi.


Milli komandada ilk və son görüş

Həmin dövrün yazarlarından biri olan Ceyms Eşkroft qapıçılar haqqında yazırdı: "Qapıçı artıq çəkili olmamalıdır. Bu mövzuda əfsanəvi Fulk mənim fikrimlə razılaşmaya bilər. Çünki onun öz qanunları var. Diqqət çəkən kompleksləri olan min kişi götürsək, onların içində Uliyam kimi reaksiyası sürətli və cəld hərəkətli birini görə bilmərik.”
1896-97-ci illər mövsümündə "Şeffild Yunayted” 2-ci yeri tutdu. Fulk mövsüm ərzində qoruduğu çərçivədən cəmi 29 top buraxdı. Bu uzun illərdən sonra divizionun tarixində rekord sayılırdı. Bununla da nəhəng qapıçı çempionatın ulduzuna çevrildi. Onun azarkeşləri xeyli artmağa başladı. Nəticədə, Uilyama İngiltərə yığma komandasından dəvət gəldi. Fulk 1897-ci ildə "üç şir”in heyətində Uels yığmasına qarşı çıxış etdi. Həmin görüşdə ingilislər 4:0 hesabı ilə qalib gəldilər. Bu matçdan sonra qapıçı bir daha milli komandada görünmədi.
XX əsrin astanasında cərimə meydanındakı mübarizə bugünki kimi deyildi. Hakimlər təpiklərə və itələməyə fikir vermirdi. Qapıçını topla bərabər qapıya itələyirdilər. Belə tryuklar Fulka qarşı edilə bilməzdi. O, bədəni və əli ilə öz mövqeyini səliqəyə sala bilirdi. Uilyam bacarığından istifadə edərək, əli ilə topu oyun meydançasına qədər ata bilirdi. Hətta nəhəng qapıçının uzaq məsafədən ayaqla vurduğu zərbə çoxları üçün əlçatmaz idi.


"Çelsi” futbola yenilik gətirdi

"Şeffild” öz qapıçısını çox sevirdi. Onun mükafat və maaşını qaldıraraq, ona olan etimadı lazımi qədər qiymətləndirirdi. Demək olar ki, Fulkun qazancı onun parametrlərinə görə yüksəlirdi. Bir neçə il ərzində o, 60 kiloqram artaraq, futbolçudan çox, sumo döyüşçüsünə oxşayırdı. Təəcüblüsü ondadır ki, çəkisinin artması onun oyun göstəricilərinə heç bir təsir göstərmirdi. Uilyam "Şeffild”lə birlikdə ölkə çempionu oldu. O, iki dəfə İngiltərə Kubokuna yiyələndi. Lakin 1905-ci ildə qapıçının "Şeffild Yunayted”lə yolları ayrıldı. Səbəb Fulkun artıq həmin maaşla qane olmaması idi. Həmin vaxt yeni yaranmış və mübarizəyə ikinci divizyondan qoşulan "Çelsi” Fulka təklif göndərdi. "Təqaüdçülər” ("Çelsi” yaranandan 1952-ci ilə qədər komandanın ləqəbi belə idi - A.Ə) qapıçının tələbini ödəyə biləcək maaşı təklif etdi.
Qapıçının paytaxt klubunda çıxış etməsi böyük səs-küyə səbəb olmuşdu. Komanda yarandığı illərdən etibarən futbolda yeniliklər tətbiq etməyə başladı. Belə ki, ilk dəfə "Çelsi” qapının arxasına, meydançadan çıxan topları geri qaytarmaq üçün uşaqlar təyin etdi. Bu oyunun tempini yüksəltmək və ya oyunçulara psixoloji təsir göstərmək üçün mühüm bir addım idi. Onların fikrincəi qeyri-adi ölçülü qapıçı ampluası ilə rəqib komandasının böyük olmayan oyunçularını bir-birinə vurmalıdır. Plan qısa müddət ərzində həyata keçmişdi. Bir ildən sonra Fulk "göylərin” heyətini tərk etsə də, bu taktika komanda da qaldı. Sonralar başqa ölkələrin, başqa komandaları da bu təcrübəni təkrarlamağa başladılar.
Fulk əvvəlki kimi təsir bağışlamırdı. 170 kiloqam çəkisi olan 33 yaşlı qapıçı artıq qapıda çətin hərəkət edirdi. Fulk məntiqli qərar verdi. "Çelsi”dən sonra "Bredford Siti” komandasında cəmi bir mövsüm çıxış etdikdən sonra, futbolçu karyerasını yekunlaşdırdı.


"Məni nahara vaxtında çağırmağı unutmayın”

İdman jurnalistikası XIX əsrlə XX əsrin kəsişməsində çiçəklənməyə başladı. Artıq reportajlar, fotoçəkilişlər, müsahiblər idmana da gəlib çatmışdı. Fulkun demək olar ki, qapıçı kimi çıxış etdiyi dövrlər lentin yaddaşında qalıb. Onunla bağlı maraqlı hadisələr indiyə qədər arxivlərdədir. Belə ki, 1904-cü ildə "Şeffild” derbisi - "Yunayted” və "Uensdey” matçında Uilyam qapı dirəyindən asılmaq istəyərkən, taxta dirək ağırçəkili qapıçıya dözməyib sınır. Matç dayanır, stadionun işçiləri uzun müddətə qapını təmir edə bilirlər. Fulk bu hadisədən sonra bu bardə araşdırma aparır. O, başa düşür ki, bu rəqibin işidir. Lakin matç dayanır.
Fulkun qeyri-adi xarici görünüşü matçın digər iştirakçılarının həyatı üçün əməlli başlı təhlükə idi. Bir dəfə qapıçı "Everton”un oyunçusu Lori Bellanın üzərinə düşmüşdü. Həmin vaxt Lori az qala həyatla vidalaşacaqdı.
Fulk həmin hadisəni belə xatırlayırdı: "Havada topla mübarizə apararkən biz toqquşduq. Belli yerə yıxıldı, mən də özümü ayaq üstə saxlaya bilməyib, diziüstü onun kürəyinə düşdüm. Onu yerdə fırladıb üzünə baxdım. Çox qorxmuşdum. İnsanı belə sifətlə yalnız tabuta qoyarlar. Bellanı körpə uşaq kimi qollarım üzərində apararkən, o, dirildi. Çox sevinirdim”
Fulkla bağlı daha bir maraqlı məqam yeməklə bağlı idi. Hadisə "Çelsi”nin heyətində səfər matçlarından birində mehmanxana restoranında baş vermişdi. Özündənrazı Uilyam komanda üçün ayrılmış bütün yeməkləri təkbaşına yemişdi. Fulkun bu acgözlüyünü onun üzünə deməyə heç kimin cəsarəti çatmamışdı. Yalnız kənardan ona gülmüşdülər. Ürəyi təmiz gombul onlara demişdi: "Mənimçün fərqi yoxdur, siz məni necə adlandırırsız. Amma məni nahara vaxtında çağırmağı unutmayın”.
Əks halda vacib matç vaxtı Fulkun gərginliyi həddini aşa bilərdi. 1902-ci ildə İngiltərə kubokunun finalında "Sauthempton” futbolçuları "Şeffild” komandasının qapısına, qapıçının fikirincə oyundan kənar vəziyyətdə qol vurdu. Uilyam oyun bitdikdən sonra baş hakim Tom Kirkomun "ovuna çıxmışdı”. Tom polsilən və süpürgə saxlanılan şkafda gizlənmişdi. Özündən çıxmış qapıçı isə onu tapmaq üçün tribunaya qədər çıxmışdı. Hakimi İngiltərə Futbol Assosiasiyasının "çinovnikləri” xilas etmişdi. Qapıçı kimi böyük bədəni və fiziki gücü olan bir neçə kişi Fulku sakitləşdirə bilmişdi.
Futbol karyerası dövründə Fulk özünə normal şərait yaratmışdı. Təqaüdə çıxdıqdan sonra özünün şəxsi "pub bar”ını açmışdı. Bir neçə ildən sonra polisin müdaxiləsi nəticəsində bar bağlanır. Çünki bar artıq qanunsuz bukmeker klubuna çevrilmişdi. Artıq Uilyamın səhhətində ciddi problem yaranmışdı. O, fiziki əməklə pul qazana bilmirdi. Onun bu səviyyəyə enməsinin əsas səbəbi isə spirtli içki idi.
Şahidlərin dediyinə görə, Fulk çimərlikdə sərgərdan kimi gəzir, istirahət edənlərə cərimə zərbəsi vurmağı təklif edirdi. O, bu yolla az miqdarda qazanc əldə edirdi. Amma artıq son idi.
"Nəhəng” Uliyam Fulk 1916-cı ildə 42 yaşında qara ciyər serrozundan vəfat edir.


Anar Əhmədov

32159 oxunub

InvestAZ