XƏBƏR LENTİ
19 May 2019
18 May 2019
17 May 2019
16 May 2019
15 May 2019
14 May 2019



Çempionlar Liqasının qalibi hansi komanda olacaq?
"Barselona" (40%)
"Yuventus" (26.67%)
"Mançester Siti" (13.33%)
"Mançester Yunayted" (13.33%)
"Liverpul" (0%)
"Ayaks" (6.67%)
"Totenhem" (0%)
"Porto" (0%)
Klub və cəmiyyətlər idmanın kütləviləşməsində mühüm rol oynayır
Maraqlı 17:30 / 15.03.2019


Sağlam olmaq hər kəsin haqqıdır. Hər bir insan istəyir ki, ideal bədən quruluşuna sahib olsun, düzgün qaməti ilə seçilsin. Bədən tərbiyəsi və idman bunun üçün ən zəruri vasitələrdən biridir. Tibb mütəxəssislərinin də təsdiq etdiyi kimi, idmanla məşğul olmaq qan-damar sisteminin inkişafı, ürəyin normal sürətlə döyünməsi, habelə əzələlərin inkişafı üçün olduqca vacibdir. İdman həm də, əhval-ruhiyyəni yüksəldir, xroniki xəstəliklərin qarşısını alır, yuxusuzluğu və təngənəfəsliyi aradan qaldırır. Bütün bunlar isə birbaşa sağlam həyat tərzinin formalaşmasına şərait yaradır.
İdmanla müntəzəm məşğul olanlar təkcə zahiri görkəmlərini inkişaf etdirmirlər. Onlar eyni zamanda ədalətli, səmimi, mehriban olur və bir çox hallarda məhz bu xüsusiyyətlərinə görə ətrafdakılar tərəfindən rəğbətlə qarşılanırlar. Müşahidələr göstərir ki, peşəkar idmançılara cəmiyyətdə böyük hörmət var. Onlar öz hərəkətləri, davranışları ilə yetişməkdə olan gənc nəsl üçün nümunə rolunu oynayırlar. Başqa bir tərəfdən isə idmançılar zərərli vərdişlərdən uzaq olur, tüfeyli həyat tərzi keçirmirlər. Bu da, əlbəttə ki, sağlam cəmiyyətin formalaşmasında əsas şərtlərdən biridir. Müxtəlif beynəlxalq miqyaslı yarışlarda fərqlənənlər nəinki ad-san, nüfuz qazanır, həm də təmsil etdikləri ölkəni dünyada tanıdırlar. Hazırda Azərbaycan dünyada özünün idman sahəsindəki uğurları ilə seçilən ölkələrdəndir. Müxtəlif idman klublarında, cəmiyyətlərdə məşq edən idmançılar özlərinin sağlamlıqlarının qayğısına qalmaqla yanaşı, həm də gələcəkdə ən nüfuzlu turnirlərdə bayrağımızı dalğalandırır, himnimizi səsləndirirlər.
Bu gün ölkəmizdə gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi, vətənpərvərlik ruhunda yetişməsi dövlətin əsas prioritetlərindəndir. Təbii ki, bu istiqamətdə idmanın rolu danılmazdır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra idmana və bədən tərbiyəsinə xüsusi diqqət və qayğı göstərilir. İnsanların asudə vaxtının səmərəli təşkili, uşaq və gənclərin sağlam ruhda tərbiyə almaları üçün hər cür şərait yaradılıb. İdman və bədən tərbiyəsinin kütləviləşməsində klubların, idman məktəblərinin rolunu xüsusi qeyd etmək lazımdır. Hazırda paytaxt Bakıda və bölgələrdə müxtəlif idman növləri üzrə klublar fəaliyyət göstərir. Həmin klublarda yüzlərlə uşaq, yeniyetmə və gənc idmanla məşğul olur. Maraqlıdır, bəs, görəsən, həmin idman məktəblərində məşqçi-idmançı-valideyn münasibətləri necə qurulur? Müəllimlər gənclərin fiziki və mənəvi inkişafında idmanın və bədən tərbiyəsinin rolunu necə qiymətləndirirlər? Valideynlər keçirilən məşqlərin keyfiyyətindən razıdırlarmı? Onlar öz uşaqlarını müxtəlif idman bölmələrinə, nə məqsədlə yazdırırlar? Bütün bu suallara cavab tapmaq üçün bir neçə idman kompleksində olduq, mütəxəssislərin və idmançıların fikirlərini öyrəndik.

"Qazanılan uğurlar
ölkəmizin şan-şöhrətini artırır”
Heç şübhəsiz, bu gün ölkəmizdə kütləviliyi ilə seçilən idman komplekslərindən biri də "Sərhədçi” İdman Olimpiya Mərkəzidir. Bir neçə il əvvəl əsası qoyulan bu idman qurğusu müasir standartlara cavab verir. Burada 32 idman növü ilə məşğul olmaq mümkündür. Onlardan biri də gənclər arasında sevilən cüdodur. "Sərhədçi” İdman Olimpiya Mərkəzinin kikboksinq bölməsinin baş məşqçisi Fuad Zeynalovla söhbətimiz çox maraqlı oldu. Müsahibimizin fikrincə, idmanla məşğul olmaq uşaqları təkcə fiziki cəhətdən deyil, həm əqli və mənəvi cəhətdən inkişaf etdirir: "Mən deyərdim ki, idman hər bir gənc üçün vacib sayılan əsas sahələrdən biridir. İdmanla məşğul olanlar təkcə fiziki cəhətdən inkişaf etmirlər. Onlar eyni zamanda humanistliyi, ədaləti, əzmkarlığı öyrənirlər. Qeyd etmək istərdim ki, yuxarıda sadaladıqlarım və eləcə də, səliqə, mədəniyyət, rəqibə hörmət digər idman növləri kimi kikboksda da var. Mən bir məşqçi kimi çalışıram ki, tələbələrimə bu idman növünün bütün sirlərini öyrədim. Sevindirici haldır ki, bizim çəkdiyimiz əziyyətlər bəhrəsiz qalmır. Müxtəlif yarışlarda qazandığımız uğurlar bunu sübut edir. Bizim üçün hər cür şərait yaradılıb. Bunun üçün bütün məsul şəxslərə, habelə "Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəhbərliyinə bizə göstərdiyi dəstəyə görə təşəkkürümü bildirirəm”.
Təcrübələr göstərir ki, yeniyetmə və gənclərin bir qismi müəyyən müddət bir idman bölməsində məşğul olduqdan sonra məşqlərdən uzaqlaşırlar. Bunun bir neçə səbəbi ola bilər. Əsas amillərdən biri də məşqçi-idmançı münasibətlərinin elə ilk gündən düzgün tənzimlənməməsidir. Bu barədə danışan Fuad müəllim vurğuladı ki, müəllim-tələbə münasibəti nə çox rəsmi, nə də çox səmimi olmalıdır. "Məşqçi ilə idmançı arasında münasibətlər dost yox, ata-oğul münasibəti kimi olmalıdır. İdmançı məşqçisindən qorxmamalıdır, amma çəkinməlidir, hörmət etməlidir. Hörmət etməlidir ki, müəlliminə inansın və onun verdiyi tapşırığı dəqiq yerinə yetirsin. Əlbəttə ki, müəllim-idmançı münasibətinin düzgün qurulması xeyli dərəcədə məhz məşqçilərdən asılıdır. Məşqçi dərk etməlidir ki, zala ilk addımı atan uşaq gələcəyin dünya, Avropa çempionu ola bilər. Odur ki, məşqçi elə etməlidir ki, uşaq məşqi-müəllimi sevsin. Məşq prosesində hər bir yeniyetməyə fərdi yanaşma olmalıdır. Əgər məşqçi fərdi-yanaşmağı bacarmırsa, deməli, o, məşqçi-müəllim deyil. Bəziləri sadəcə xoş sözdən, digərləri isə ciddi tənbehdən sonra öz səhvlərini düzəldirlər. Lakin müəllim ilk növbədə şirin dillə idmançısını başa salmalıdır. Necə deyərlər, insanın öyrənməsi lazım olan ilk dil şirin dildir”, - deyə Fuad Zeynalov əlavə etdi.

"Uşaq və gənclərin
fiziki tərbiyə məsələsi diqqət
mərkəzində saxlanılır”
Ölkəmizdə fəaliyyət göstərən və öz uğurları ilə diqqət çəkən idman ocaqlarından biri də Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətidir (DİN İC). 1926-cı ildə Bakıda yaradılan DİN İC fəaliyyətə başladığı gündən etibarən peşəkar səviyyəli idmançıların hazırlanmasını, gənclərin asudə vaxtlarının səmərəli keçirmələrini və onların fiziki cəhətdən sağlam olmalarını qarşıya əsas məqsəd qoyub. İdman ocağında dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında ölkəmizin idman şərəfini layiqincə qoruyan idmançılar yetişir. Burada müxtəlif idman növləri üzrə bölmələr fəaliyyət göstərir ki, onlardan biri də cüdodur. Uşaq və gənclərə bu idman növünün sirlərini təcrübəli mütəxəssis Zakir Kərimov öyrədir. O, bizimlə söhbətində bildirdi ki, idmanla məşğul olmaq hər şeydən əvvəl gənc nəsildə vətənpərvərlik hissini yüksəldir. Zakir müəllim uşaq və gənclərə peşəkar idmançı olmasalar belə, idmanla mütləq məşğul olmağı məsləhət görür: "Müharibə şəraitində olduğumuz bir vaxtda gənclərin vətənpərvərlik ruhunda böyümələri çox vacibdir. Bu baxımdan idmanın rolu danılmazdır. Fəxrlə deyə bilərəm ki, son illər uşaq və gənclərin idmana, o cümlədən cüdoya olan maraqları çox artıb. Bu, məni çox sevindirir. Bu günün idmançıları gələcəyin sərhəd keşikçiləri, ailə başçılarıdırlar. Biz çalışırıq ki, onları düzgün tərbiyə edək. Deyə bilmərəm ki, mən bütün tələbələrimi dünya çempionu edə bilərəm. Bunu heç bir məşqçi deyə bilməz. Amma onların hər birini layiqli vətəndaş, nümunəvi əsgər kimi yetişdirmək mümkündür. Çalışdığım idman cəmiyyətində uşaq və gənclərin fiziki tərbiyə məsələsi diqqət mərkəzində saxlanılır.
Zakir Kərimovun fikrincə, təhsil və idman mütləq paralel şəkildə aparılmalıdır: "Əsl insan kimi formalaşmaq üçün təhsil və idmanın paralel şəkildə inkişaf etdirilməsi əsas şərtdir. Bəzən valideyn və idmançılar elə bilirlər ki, yaxşı oxuyan uşaq mütləq idmandan, idmanla məşğul olan isə təhsildən yayınmalıdır. Bu, düzgün fikir deyil. Unutmaq olmaz ki, təhsil insanı əqli cəhətdən, idman isə fiziki cəhətdən inkişaf etdirir. İdmanla daha yaxşı məşğul olmaq adı ilə təhsildən yayınan tələbələrimə həmişə öz iradımı bildirmişəm”.
İdmançı üçün yarışda qələbə qazandığı gün bayramdır. Ancaq etiraf etmək lazımdır ki, qızıl medala layiq görülmək heç də asan deyil. Bu, ciddi texniki-taktiki, fiziki hazırlıq tələb etməklə yanaşı, həm də özünəinam istəyir. Zakir Kərimov bu fikirdədir ki, özünəinam hiss olmayan idmançı heç vaxt böyük qələbələr qazana bilməz. "Hazırlıq fiziki, texniki-taktiki və psixoloji olmaqla əsasən üç mərhələdən ibarətdir. Burada psixoloji hazırlıq faiz nisbətilə digərlərindən daha çox əhəmiyyətlidir. Çünki idmançıda inam olmasa o, nə fiziki gücünü, nə də texnikasını əminliklə tətbiq edə bilməz. Əsl məşqçi-müəllim həm də psixoloq olmalıdır. İstənilən insana, xüsusilə də yeniyetmələrə xoş sözlər deyəndə istər-istəməz onlarda özünəinam hissi yaranır. Məşqçilər bu "sirr”i bilməlidirlər. Məşqçi idmançının daxilindəki inam hissini üzə çıxarmalıdır, göstərməlidir ki, o, yetirməsinə inanır. Belə olan halda yeniyetmə və gənc düşünür ki, əgər müəllimim mənə inanırsa, mən həmin etimadı doğrultmalıyam. Nəticədə idmançı bütün qüvvəsi ilə mübarizə aparmağa başlayır və çox vaxt qalib gəlir.


"Əsl idmançı odur ki, məğlubiyyətə görə
həvəsdən düşüb təslim olmasın”
Ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafında müxtəlif idman kompleksləri, cəmiyyətlərlə yanaşı, klubların da xüsusi rolu var. Belə klublardan biri də "Qızıl əlcək”dir. Burada müxtəlif idman növləri, o cümlədən boks və kikboksinq üzrə məşqlər keçilir. Bizi maraqlandıran suallarla bağlı klubun təsisçilərindən biri olan, Əməkdar məşqçi Rəhim Allahverdiyevlə görüşdük: "Bizim zəngin idman tariximiz var və bu tarixi davam etdirmək lazımdır. Mən "Qızıl əlcək”klubunda ilk vaxtlardan çalışıram. Yeniyetmə və gənclərə boksun, kikboksinq sirlərini öyrədirəm. Kikboksinq ölkəmizdə yeni-yeni inkişaf etsə də, boks idman növündə uğurlarımız kifayət qədərdir. Bu gün Azərbaycan ən nüfuzlu idman yarışlarına uğurla ev sahibliyi edir. Gənc idmançılarımız üçrəngli bayrağımızı ən yüksək zirvələrdə dalğalandırmaq üçün çox çalışmalıdırlar. Bizim vəzifəmiz isə onlara yol göstərmək, əlimizdən gəldiyi qədər kömək etməkdir. Müşahidəmə əsasən deyə bilərəm ki, idmana təzə başlayanlar adətən sağlamlıqlarının qayğısına qalırlar. Lakin bir neçə yarışda uğurla çıxış etdikdən sonra onlarda peşəkar idmana maraq yaranır. Ona görə də çalışırıq ki, klubumuza gələnlərə ilk məşq günündən etibarən maksimum dərəcədə çox şey öyrədək. Şübhəsiz ki, hər bir zərbənin icrasını da birdən-birə öyrətmək mümkün deyil. Elə buna görə də yeniyetmə və gənclərimizə səbrli olmağı, məşqlərə məsuliyyətlə yanaşmağı və həvəsdən düşməməyi arzu edirəm. Təbii ki, idmançı karyerası ərzində daim qələbə qazana bilməz. Əsl idmançı odur ki, məğlubiyyətə görə həvəsdən düşüb təslim olmasın. Psixoloji amil idmanda mühüm şərtdir. Bu amil nəinki idmanda, şəxsi həyatda da kömək olur. Bəzən yarışda elə olur ki, görüşün ilk dəqiqələri rəqibin üstünlüyü ilə keçir. Amma məğlub tərəf inadla müqavimət göstərir və sonda elə bir zərbə endirir ki, nəticə məğlub tərəfin xeyrinə dəyişir. Bax, belə xarakterli idmançılardan olmaq lazımdır. Düşünürəm ki, məşqçi idmançının xarakterinin formalaşmasında əsas simadır”.
Vətənpərvərlik elə bir hissdir ki, insanın ən çətin anında onun köməyinə gəlir, məğlub olmağına icazə vermir. Məhz vətənpərvər insanlar böyük mübarizələrdə bayrağı dalğalandırmaq, himni səsləndirmək naminə sona qədər əzmkarlıqla mübarizə aparırlar. Sözsüz ki, bu, idmanda da belədir. Əməkdar məşqçi də bu fikirdədir. Onun sözlərinə görə, vətənpərvərlik hissi idmançıya lazım olan ən əsas keyfiyyətlərdəndir. "Şübhəsiz ki, yerinə yetirdiyimiz işin uğurlu alınması üçün hər birimiz vətənpərvər olmalıyıq. Məsələn müəllim, həkim, polis millətin təəssübünü çəkməlidir ki, öz işinin öhdəsindən layiqincə gəlsin. Eləcə də idmançılar. Bəzən həvəskarlar bunu dərk etmirlər, lakin peşəkar idmançılar yaxşı bilirlər ki, həqiqətən, vətənpərvər olanlar çox vaxt qalib gəlirlər. Vətənpərvərlik hissi insanda ən kiçik yaşlarından formalaşdırılmalıdır. Təsadüfi deyil ki, müntəzəm olaraq tələbələrimə milli qəhrəmanlarımız haqqında danışır, onlara bayraq, gerb, himn barəsində suallar verirəm. Bu, kiçikyaşlı idmançılarda vətənpərvərlik hissinin aşılanmasının ən yaxşı yoludur. Ancaq, böyüklər həm də öz hərəkətləri ilə uşaqlara, yeniyetmələrə nümunə olmalıdırlar. Əgər idmançıda vətənpərvərlik hissi varsa, o ən yüksək zirvələri də fəth edə bilər. Vətən sevgisi hər şeyə qadirdir”.
"Qızıl əlcək” klubunda kifayət qədər bacarıqlı idmançılar yetişib ki, onlardan biri də artıq uzun illərdir ki, boksla məşğul olan Nicat Həsənovdur. Nicat Avropa çempionatının ikincisidir. Onun fikrincə, təsadüfi insanlar idmanda arzu etdikləri nəticəni əldə edə bilməzlər: "10 ilə qədərdir ki, idmandayam. Mənə elə gəlir ki, idman xüsusi bir sahədir. İdman təsadüfi insanları sevmir. Olduqca çətin sahədir. Düşünürəm ki, əgər böyük uğur qazanmaq istəyirsənsə, idmanı sevmək, hətta ona bağlanmaq lazımdır. Məhz bu bağlılıq ən çətin anlarda insanı idmandan uzaqlaşmağa qoymur. Əlbəttə, bu vaxta kimi qələbələrim kimi məğlubiyyətlərim də olub. Çox ziddi zədələr almışam. Ancaq idmana olan sevgim məni boksdan uzaqlaşmağıma icazə verməyib. Nəticədə Avropa çempionatının gümüş medalını vətənə gətirmişəm, mötəbər yarışlarda iştirak etmişəm. Məqsədim Olimpiya zirvəsini fəth etməkdir. Bunun nə vaxt olacağını bilmirəm. Lakin ailəmə və məşqçimə söz vermişəm ki, mütləq məqsədimə çatacağam”.
Göründüyü kimi, mütəxəssislər və idmançılar da təsdiq edirlər ki, idmanla məşğul olmaq hər bir yeniyetmə və gənc üçün çox vacibdir. İdman və bədən tərbiyəsi insanda həm də yüksək dəyərlər formalaşdırır, onu əzmkar şəxs kimi yetişdirir. Odur ki, həvəskar şəkildə olsa da idman məşqlərində iştirak etmək hər birimiz üçün əsas prioritetlərdən olmalıdır. Bunun üçün ölkəmizdə kifayət qədər infrastruktur var. Üz tutduğumuz idman ocaqlarında və digərlərində yaradılan şərait imkan verir ki, hər bir insan arzu etdiyi idman növü ilə məşğul olsun, onun sirlərinə dərindən yiyələnsin.

Kənan Novruzov

977 oxunub

InvestAZ