XƏBƏR LENTİ
27 Oktyabr 2020
24 Oktyabr 2020
23 Oktyabr 2020
22 Oktyabr 2020
21 Oktyabr 2020
20 Oktyabr 2020



Qarabağ idmanı ölkəmizin idman həyatının ayrılmaz hissəsi olub
İdman 12:19 / 13.10.2020

XX əsrin 20-ci illərindən başlayaraq, gənclərin və zəhmətkeşlərin kütləvi sağlamlıq və bədən tərbiyəsinə, idmana xüsusi dövlət qayğısı olmuşdur. Həmin illərdə bədən tərbiyəsi və idmanı səmərəli təşkil etmək üçün maddi-texniki baza yaradılmış, bədən tərbiyəsi, kütləvi sağlamlıq və idman işləri geniş təbliğ olunmuşdur. İdmançılarımız keçmiş SSRİ dövründə beynəlxalq yarışlarda iştirak edib layiqli yerləri tutsalar da, bu nailiyyətlər Azərbaycanın deyil, SSRİ dövlətinin ünvanına yazılmışdır. Əlbəttə, bu heç də böyük əzmi, iradəsi, istedadı ilə bütün maneələri keçərək dünya idman tarixinə parlaq səhifələr yazmış idmançılarımızın nailiyyətlərini azaltmamışdır.
Azərbaycan dövlətinin diqqət və qayğısı nəticəsində ölkənin hər bir bölgəsində olduğu kimi, bir vaxtlar Qarabağda da idman qurğuları və stadionlar tikilib, istifadəyə verilib. Lakin hazırda həmin idman qurğularının əksəriyyəti işğal altında olan torpaqlarımızın ərazisində bərbad hala salınıb, məhv edilib. Artıq həmin torpaqlar qüdrətli Milli Ordumuz tərəfindən erməni işğalından azad edilir. Bu o deməkdir ki, tezliklə həmin ərazilərdə yeni quruculuq işləri aparılacaq, doğma yurdunu tərk etmiş insanlar öz yurdlarına dönəcək. Görüləcək böyük quruculuq işləri bütün sahələrdə olduğu kimi, idman və bədən təbiyəsindən də yan keçməyəcək.
«Olimpiya dünyası» qəzeti olaraq Qarabağda olan idman infrastrukturları və Qarabağ idmanı barəsində maraqlı faktları oxucularımıza təqdim edirik.
Keçmiş SSRİ dövründə başqa respublikalarda olduğu kimi, Azərbaycanda da bədən tərbiyəsi və idman sahəsində də geniş tədbirlər həyata keçirilmişdir. Dövlət bu sahəyə həmişə əsaslı vəsait qoymuş, hər bir rayonun, şəhərin, qəsəbənin, kəndinin, məhəllənin, məktəbin idman qurğuları, stadionları olmuşdur.
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyondan çox qaçqını və məcburi köçkünü olan respublikamızın Qarabağda 400-500-ə yaxın idman qurğuları, stadionlar, meydançalar, muzeylər işğalçı erməni cəlladlarının əlinə keçmiş və onlar tərəfindən dağıdılmışdır. Vaxtilə ölkədə bədən tərbiyəsi və idman sahəsinə rəhbərlik edən Bədən Tərbiyəsi Şurası təşkil olunmuşdur. Onun yaradılması Azərbaycanda bədən tərbiyəsi və idmanın daha da inkişaf etməsi üçün böyük əhəmiyyət kəsb edirdi. Azərbaycanda bədən tərbiyəsi üzrə aparılan məşğələlər və ayrı-ayrı idman növləri inkişaf etməyə başlamışdı. Gimnastika, basketbol, ağırlıqqaldırma və başqa idman dərnəkləri fəaliyyət göstərirdi. Bu dövrdə Azərbaycanda "Avtomotor”, "Vodnik”, "Raçnik”, sonralar 1925-ci ildə "Dinamo” idman cəmiyyətləri yaradıldı. Bədən Tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Həmkarlar İttifaqları Təşkilatları bədən tərbiyəsi və idman dərnəklərinə rəhbərliyi gücləndirib, onlara maddi yardım göstərirdi. Respublika Həmkarlar İttifaqının Mərkəzi Şurasının təşəbbüsü ilə bədən tərbiyəsi dərnəklərinə rəhbər hazırlamaq üçün xüsusi kurslar yaradılırdı.
Həmin dövrlərdə ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafından danışarkən, Dağlıq Qarabağ Muxtar Vilayətini də nəzərdən qaçırmaq olmaz.
Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yarandığı gündən (7 iyul, 1923-cü il) əhalinin sağlamlığının qorunması işində müsbət dəyişikliklər baş vermişdir. Lakin bu inkişaf daha çox ötən əsrin 50-60-cı illərindən etibarən özünü qabarıq şəkildə göstərdi.
Burada əhalinin sağlamlığının qorunması üçün Azərbaycan hökumətinin qayğısı daim hiss olunmuşdur. Müxtəlif illərdə bu istiqamətdə kifayət qədər vəsait xərclənmişdir.
Respublikada, o cümlədən DQMV-də həmin dövrlərdə böyüməkdə olan nəslin tərbiyəsi və səhhətinin qorunması üçün dövlətin sərf etdiyi vəsait adambaşına 1965-ci ildəki 49,3 rubldan, 1969-cu ildə 54,9 rubla, 1980-ci ildə 62,6 rubla, kadr hazırlanmasına çəkilən xərc isə 11,1 rubldan 15,4 rubla çatmışdır.
Əgər 1969-cu ildə vilayətdə səhiyyə sağlamlıq və bədən tərbiyəsinin inkişafı üçün 4078 min rubl pul ayrılmışdısa, 1970-ci ildə bu vəsait 4942 min rubla, 1973-cü ildə isə bu 4940 min rubla bərabər idi. Beləliklə, 1980-ci ildə təkcə səhiyyə xidməti üçün 780 min rubldan çox vəsait ayrılmışdır ki, bu da doqquzuncu beşilliyin (1971-1975) yekun ilində nəzərdə tutulduğundan xeyli çox idi. Bütün bu tədbirlərin vilayət zəhmətkeşlərinin sağlamlığının qorunmasında böyük əhəmiyyəti olmuşdur.

Azərbaycanın Qarabağ bölgəsində bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının inkişafı və möhkəmləndirilməsində də müsbət dəyişikliklər baş vermişdir. Respublikada, o cümlədən Qarabağda bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi haqqında Azərbaycan KP MK-nın qərarına əsasən Qarabağda bədən tərbiyəsi və idman sakinlərin gündəlik işinə çevrilmişdi.
1950-1960-cı illərdə Dağlıq Qarabağda bədən tərbiyəsi və idmanın inkişafı üçün bədən tərbiyəsi və idman kollektivlərinin yaradılması işi ildən-ilə genişləndirilmişdi.
Məsələn, 1960-cı ildə 12 min 445 idmançını birləşdirən 172-i bədən tərbiyəsi və idman kollektivi var idi. 1965-ci ildə isə 18 min 615 idmançını birləşdirən 210 bədən tərbiyəsi kollektivi, 1970-ci ildə isə 24,896 idmançını əhatə edən 317 bədən tərbiyəsi və idman kollektivi yaradılmışdı.
Bu say 1975-ci ildə 326-ya, 1980-ci ilin sonunda isə 558-ə çatmışdır. Onlardan da 289-u kəndlərə aid idi. Həmin kollektivlərdə təqribən 20 mindən çox idmançı təmsil olunurdu.
Məsələn, 1976-1980-ci illərdə DQMV zəhmətkeşlərinin 20 faizdən çoxu idmanın müxtəlif növləri ilə məşğul olurdular.
1966-1970-ci illərdə Şuşa şəhərində 28, Mardakert (Ağdərə) rayonunda 20, Martuni (Xocavənd) rayonunda 22, Hadrutda 20 idman zalı və meydançası tikilib sakinlərin ixtiyarına verilmişdi.
Vilayətin mərkəzi Xankəndində müasir tələblər səviyyəsində 15 min nəfərlik böyük bir stadion, "Dinamo” idman kompleksi və bir sıra qurğular tikilmişdi. Vilayətdə 12 stadion, 51 idman meydançası, 313 voleybol, basketbol və tennis meydançaları var idi.
DQMV-nə bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində respublika tərəfindən bu sahəyə ayrılan vəsaitin miqdarı getdikcə artmışdır. Əgər 1961-ci ildə dövlət tərəfindən ayrılan vəsait 20,980 min rubl olmuşdusa, bu rəqəm getdikcə artaraq 1965-ci ildə 27,779 min rubl, 1970-ci ildə 34,300 rubl, 1975-ci ildə 48,500 rubl, 1980-ci ildə isə 86,500 rubl olmuşdur. Sonrakı illərdə isə bu məqsəd üçün ayrılan vəsait daha da çoxalmışdır.
1971-ci ildə DQMV-də 32 nəfər idmançı yarışlarda göstərdikləri yüksək nəticələrə görə birinci dərəcəli idmançı, 3550 nəfər idmançı isə göstərdikləri nəticələrdən asılı olaraq II və III dərəcəli idmançı və "gənc idmançı” adına layiq görülmüşlər.
1975-ci ildə vilayətdə 28,552 nəfərdən artıq gənc bədən tərbiyəsi və idmanın müxtəlif növləri ilə məşğul olurdu. 5390 nəfərdən artıq gənc isə müxtəlif idman dərəcəsinə layiq görülmüşdür ki, bunlardan da 59 nəfəri birinci dərəcəli idmançı idi. Onlar rayon, respublika və ümumittifaq idman yarışlarında çıxış edərək, dəfələrlə mükafatalayiq yerlər tutmuşdular. Bundan başqa vilayətdə bir qayda olaraq, bədən tərbiyəsi və idman düşərgələri ixtisaslı mütəxəssislərlə təmin edilmişdir. Belə ki, Azərbaycan hökuməti tərəfindən Dağlıq Qarabağda bədən tərbiyəsi və idmanı inkişaf etdirmək üçün 1960-cı ildə 56, 1970-ci ildə isə 96 ali və orta ixtisas təhsilli bədən tərbiyəsi və idman mütəxəssisi göndərilmişdi.
Təkcə 1980-ci ildə vilayətdə 296 nəfər ali və orta ixtisas təhsilli bədən tərbiyəsi və idman mütəxəssisi var idi. DQMV-də pioner düşərgələrinin, idman tipli düşərgələrinin, habelə əmək və istirahət düşərgələri şəbəkəsinin inkişafına böyük diqqət yetirilmişdir. Bu düşərgələrdə 1979-1980-ci tədris ilinin yay mövsümündə 8400-dən çox şagird iştirak etmiş, idmanın müxtəlif növləri üzrə öz ustalıqlarını bir daha təkmilləşdirmişdilər.
1970-ci ilin yekunlarına əsasən, DQMV ərazisində 43 futbol meydançası, 277-i voleybol, tennis, basketbol meydançaları fəaliyyət göstərirdi. Azərbaycan hökuməti Dağlıq Qarabağda yaradılmış idman mərkəzini idman qurğuları, lazımı avadanlıqlarla təmin edirdi.

725 oxunub

InvestAZ