XƏBƏR LENTİ
06 Fevral 2023
05 Fevral 2023
03 Fevral 2023
02 Fevral 2023
01 Fevral 2023



İlham Zəkiyev: ““Qaranlığın rəngləri” filmi həyatımın bütün “rənglərini” özündə əks etdirib”
Müsahibə 15:20 / 22.09.2020
Bu yaxınlarda Əməkdar idman ustası, ikiqat Paralimpiya və dünya, yeddiqat Avropa çempionu, Qarabağ müharibəsi veteranı İlham Zəkiyev haqqında sənədli film çəkilib. Film Azərbaycan Televiziyasının Bədii və Sənədli Filmlər Studiyası tərəfindən ərsəyə gətirilib. Qarabağ müharibəsində sağlamlığını itirmiş idmançının həyat yolundan bəhs edən "Qaranlığın rəngləri” filmi həm də dünya işığından məhrum olmuş insanın daxili iradəsinin gücünü əks etdirir. Filmin süjet xətti qəhrəmanın daxili monoloqu üzərində qurulub. Bu yaxınlarda filmin qəhrəmanı olan İlham Zəkiyevlə əlaqə saxlayıb həm film, həm karantin vaxtı gördüyü işlərdən, həm də Tokio-2020 Yay Paralimpiya Oyunlarına hazırlıq prosesi barədə məlumat əldə etdik.
İlham müəllim həmişə olduğu kimi, bu dəfə də ona ünvanlanan sualları səmimi cavablandırdı.


- İlham müəllim, bu yaxınlarda sizin haqqınızda Azərbaycan Televiziyasının Bədii və Sənədli Filmlər Studiyası tərəfindən "Qaranlığın rəngləri” adlı sənədli film çəkildi. Film sizin yaradıcılığınızı tam olaraq əks etdirə bildimi?

- Qeyd etdiyiniz kimi, film Azərbaycan Televiziyası tərəfindən çəkilib. Doğrudan da bu ekran işinin ərsəyə gəlməsində çox peşəkar insanlar məşğul oldular. Filmin xronometrajı 42 dəqiqə olsa da, hər kəsin xoşuna gəldi. Təbii ki, mən də bu filmi çox bəyəndim. Filmi izləyənlərin yeganə sualı ancaq bu idi ki, "filmin xronometrajı niyə belə az oldu?”. Filmdə çox incə məqamlara toxunulub. Qeyd edim ki, filmin çəkilişləri bir ildən artıq idi ki, başlamışdı. Amma həm pandemiya, həm də təlim-məşq toplanışında topuğumdan aldığım zədəyə görə çəkilişlər dayanmışdı. Lakin ataların da dediyi kimi, "gec olar, güc olar”. Gec olsa da, çox gözəl film alındı. Filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm. Mənim haqqımda bir neçə sənədli film çəkilib. Amma bu filmdə hadisələr bir qədər fərqlidir. Bir sözlə "Qaranlığın rəngləri” filmi həyatımın bütün "rənglərini” özündə əks etdirib.

- Sənədli film olduğu üçün yaxınlarınızdan, dostlarınızdan, hətta rəqiblərinizdən sizin haqqınızda maraqlı fikirlər alınıb. Yəqin ki, rəqiblərinizin sizin haqqınızda nələr düşünməsi və nələr danışması maraqlı oldu?

- Filmdə İlham Zəkiyev tək idmançı kimi deyil, eyni zamanda bir valideyn, dost, hətta rəqib kimi təsvir olunub. Müəlliflər mənim rusiyalı rəqibimi taparaq, ondan müsahibə götürüblər. Burada cüdo üzrə Paralimpiya çempionu Oleq Kretsul da mənim haqqımda xoş sözlər deyib. Təbii ki, hər bir idmançı üçün rəqiblərinin onun haqqında nə danışması çox maraqlıdır. Onların haqqımda səsləndirdiyi fikirlər mənim üçün də həm maraqlı, həm də xoş oldu. Ümumiyyətlə, biz tatamidə rəqib olsaq da, kənarda dostuq. Heç biri ilə şəxsi ədavətim yoxdur.

- Qeyd etdiniz ki, topuğunuzdan zədə almısınız. Bu zədəni bərpa edə bilmisinizmi?
- Bəli, həmin zədəni bərpa etdim. Amma hazırda dirsəyimdən yeni zədə almışam. Peşəkar idmanda zədələr qaçılmazdır. Bu zədə ilə bağlı müalicə alıram. İnşallah, yaxın günlərdə əməliyyat olunmaq üçün Türkiyəyə yola düşəcəyəm. Düşünürəm ki, pandemiyaya görə yaranmış fasilədən istifadə edərək əməliyyat olunub, yarışlara qədər formamı tam bərpa edim.

- Bir müddət əvvəl Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) İdmançılar Məsləhətçi Komissiyasının sədri vəzifəsinə seçildiniz. İstərdik bir qədər də buradakı fəaliyyətiniz barədə məlumat verəsiniz.
- Qeyd etdiyiniz kimi AMADA-nın İdmançılar Məsləhətçi Komissiyasının sədr və sədr müavini vəzfəsinə seçkilər keçirildi. Təbii ki, idmançıların hüquqlarının daha effektiv müdafiəsi və təmiz idmanın təşviqi baxımından komissiyanın aktiv fəaliyyəti olduqca vacibdir. Bunun üçün İdmançılar Məsləhətçi Komissiyasının əsasnaməsinə uyğun olaraq komissiyaya sədr və sədr müavini seçildi. Komissiya üzvləri tərəfindən sədrlik üçün mənim namizədliyim irəli sürülmüşdü. Açıq səsvermə qaydasında keçirilən seçkidə komissiya üzvlərinin yekdil rəyi ilə İdmançılar Məsləhətçi Komissiyasının sədri seçildim. Təmiz idmanın qorunması baxımından antidopinq sahəsində idmançıların öz hüquq və vəzifələrini bilməsi, habelə maarifləndirmə işlərində idmançıların aktiv iştirak etməsi vacibdir. Burada əsas fəaliyyətimizdən irəli gələrək federasiyalarla, komandalarla, idmançılarla maarifləndirici söhbətlər aparılacaq. Mən hər zaman üzərimə düşən işin məsuliyyətini yaxşı dərk edirəm. Çalışacağam ki, burada da mənə göstərilən etimadı layiqincə doğruldum.

- Siz həmçinin Azərbaycan Milli Paralimpiya Komitəsinin vitse-prezidenti vəzifəsində də çalışırsınız. Maraqlıdır, idmançı karyeranızla yanaşı, bu qədər işin öhdəsindən necə gəlirsiniz?

- 2017-ci ildən Azərbaycan Milli Paralimpiya Komitəsinin vitse-prezidenti vəzifəsində çalışıram. Təbii ki, bu mənim məsuliyyətimi bir qədər də artırır. Amma qeyd etdiyim kimi, hər zaman çalışmışam ki, mənə həvalə olunan işi layiqincə doğruldum. Mən işimi sevirəm, gördüyüm işdən zövq alıram. Heç kim öz sevdiyi işdəki çətinlikdən qorxmamalıdır. Bu, bizim məşqlərimizə mane olmur. Öz üzərimizə düşən işimizi görürük. Çətin olsa da, çalışıram ki, öz üzərimə düşən işin öhdəsindən layiqincə gəlim. Ötən müddət ərzində bir sıra dəyişikliklər olub. 2013-cü ildə ölkəmizdə Uşaq Paralimpiya Komitəsi yarandı. Burada məqsəd odur ki, İlham Zəkiyev sabah karyerasını bitirdikdən sonra onu əvəzləyə biləcək idmançılar olsun. Uşaqlar cəmiyyətin ayrılmaz hissəsidirlər. Əlillikdən heç kəs sığortalanmayıb. Onlar cəmiyyətə inteqrasiya edilməlidirlər.

- İlham müəllim, bu gün ölkəmiz dünyanı cənginə alan koronavirus pandemiyasına qarşı mübarizə aparır. Bunun üçün karantin rejimi tətbiq olundu. Siz bir idmançı kimi, karantini necə keçirdiniz?
- Bildiyiniz kimi yığma komandanın üzvləri ilin 12 ayını təlim-məşq toplanışlarında və yarışlarda olurlar. Bunun üçün də ailələrinə o qədər də çox vaxt ayıra bilmirlər. Mən karantin rejimindən istifadə edib ailəmlə, övladlarımla daha çox vaxt keçirdim. Yəni karantinin mənfi cəhətləri ilə yanaşı, belə müsbət tərəfləri də oldu.

- Bir müddətdir ki, açıq havada məşqlərin keçirilməsinə icazə verilib. Bu məşqlər sizin formada qalmağınıza necə təsir edir?

- Karantin rejiminə görə məşqlərimizi bir müddət ev şəraitində davam etdirdik. Bu yolla formada qalmağa çalışırdıq. Evdə qalsaq da, idmandan kənar qalmırdıq. Düzdür bu bizə müəyyən qədər çətin oldu. Amma əsas odur ki, fiziki hazırlıq səviyyəmizi müəyyən qədər qoruyub saxlayaq. Artıq bir müddətdir ki, açıq havada məşqlərin keçirilməsinə icazə verilib. Düzdür, açıq havada keçirilən məşqlər formamızı tam qorumaq üçün kifayət etmir. Amma neyləmək olar, bu, tamamilə məşqsiz qalmaqdan daha yaxşıdır. Ən azından bədəndəki tonusu saxlamaq olur. Səbirsizliklə gözləyirik ki, pandemiya və karantin rejimi başa çatsın, biz də normal həyatımıza qayıdaq, məşqlərimizi bərpa edək, yarışlarımıza hazırlaşaq.

- Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının vaxtının dəyişdirilməsi qərarını necə qarşıladınız?
- Koronavirus pandemiyası hər bir sahəyə toxunduğu kimi, idman sahəsindən də təsirsiz ötüşmədi. Bildiyiniz kimi bu il Yaponiyanın paytaxtı Tokio Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etməli idi. Lakin pandemiyaya görə ilin ən mötəbər yarışları, eləcə də Tokio-2020 təxirə salındı. Olimpiadanın gələn ilə təxirə salınması kimisi üçün pis xəbər, kimisi üçün isə yaxşı xəbər oldu. Çünki bir sıra idmançılar var ki, zədəsinə görə bu il Olimpiya Oyunlarını buraxa bilərdilər. Biz də bu qərarı olduğu kimi qəbul etdik. Düşünürəm ki, bu doğru qərar idi. Çünki pandemiyaya görə karantin rejimi tətbiq olundu və ölkəmizdə bütün idman zalları bağlandı. Bu isə yarışlara yüksək səviyyədə hazırlaşmağımıza mane oldu. Əgər Tokio Olimpiya və Paralimpiya Oyunlarının vaxtı dəyişməsəydi, biz pik formamızı yığmadan Tokioya yollanacaqdıq. Evdə məşq etməklə isə olimpiadada uğurlu nəticəyə bel bağlamaq olmaz. Tək biz yox, bütün ölkələrdə vəziyyət belədir. İdmançılar hazırlaşıb, özlərini yaxşı tərəfdən göstərə bilməyəcəkdilər. Tokio-2020-nin vaxtının dəyişdirilməsi isə bizim üçün bir qədər yaxşı fürsət oldu. Bundan əlavə Düsseldorfda, beynəlxalq təlim-məşq toplanışında olanda topuğumdan zədə aldım. Həmin vaxtı təəssüfləndim ki, Paralimpiya Oyunlarına az vaxt qalıb və mən Tokio-2020-yə qədər zədəmi bərpa edə bilməyəcəyəm. Bunun üçün də Olimpadanın vaxtının dəyişdirilməsi mənim üçün bir qədər xoş xəbər oldu. Çünki gələn ilə qədər zədəmi sağaltmağa və formamı bərpa etməyə kifayət qədər vaxtım olacaq.

- Amma gələn il sizin 41 yaşınız olacaq. Bu, sizin Paralimpiya Oyunlarındakı çıxışınıza necə təsir göstərəcək?
- Mən burada böyük problem görmürəm. Hazırlaşacağıq, təki ciddi zədəmiz olmasın.

- İstərdik bir qədər də paracüdo üzrə komandamızın gələn il Tokioda keçiriləcək Paralimpiya Oyunlarına lisenziya şansları barədə məlumat verəsiniz.
- Qarşıda kifayət qədər vaxtımız var. İdmançılar məşqlərini tam olaraq bərpa etdikdən sonra lazımi formalarını yığıb, lisenziya qazanaraq Paralimpiya Oyunlarında Azərbaycanı yüksək səviyyədə təmsil edəcəklər. Bildiyiniz kimi, Azərbaycanın kişilərdən və qadınlardan ibarət komandası Paralimpiya Oyunlarında böyük nailiyyətlər əldə edib. Tokiodakı Paralimpiya Oyunlarının da komandamız üçün uğurlu olacağına inanıram. Bunun üçün isə qarşıdakı lisenziya yarışlarında uğurla çıxış etmək lazımdır. Komandamızın şansı yüksəkdir. Çalışacağıq ki, bu Oyunlarda tam heyətlə ölkəmizi təmsil edək və yükək nəticələr qazanaq.

- Qarşıda komandamızı hansı yarışlar gözləyir?

- Əgər hər şey qaydasında olarsa, noyabr ayında Bakıda paracüdo üzrə Dünya kuboku təşkil olunacaq. Artıq 20-ə yaxın ölkə də bu yarışda iştirak etmək üçün sifarişini verib. Əgər epidemioloji vəziyyət yaxşı olarsa, bu yarış təşkil olunacaq. Hələ yarışa müəyyən qədər vaxt var. Digər əsas iki yarışımız isə gələn ilə təsadüf edir. Bunlar aprel ayında İngiltərədə, may ayında isə Bakıda təşkil olunacaq Qran-pri yarışlarıdır. Hər iki yarış Tokioda təşkil olunacaq Paralimpiya Oyunları üçün lisenziya xalları verəcək. Buna görə də bu yarışların əhəmiyəti olduqca böyükdür.

- Rio-2016 Yay Paralimpiya Oyunlarında sizin rəqibləriniz əslində belə demək olarsa, olimpiyaçılar idi. Hətta sizin çəkidə çempion olan Özbəkistan təmsilçisinin görməsində ciddi problemi yox idi. Necə düşünürsünüz növbəti olimpiadadan B1, B2, B3 kateqoriyalarında olan idmançıların yarışı ayrı olacaq?
- Həmin olimpiadada iştirak edən Özbəkistan təmsilçisi Rio-2016-ya qədər sağlam cüdoçular arasında çıxış edib. Adilcan Tuledibayevin paracüdo kateqoriyası B3-dü ki, bu da 40 faizədək görmə deməkdir. Bürünc medal uğrunda mübarizənin ilk iki mərhələsində qarşılaşdığım rəqiblər də bu kateqoriyadan idi. Sonuncu kubalı rəqib isə B2-də (20 faizədək görmə) yer alırdı. Mən isə B1, yəni tam görmə qabiliyyətini itirmiş cüdoçuların kateqoriyasındayam. Beynəlxalq Cüdo Federasiyası ilə bu kateqoriyaların ayrılması barədə danışıqlar aparılır. Başqa idman növlərində bu kateqoriyaların yarışı ayrılıb. Bunlara misal olaraq atletika, üzgüçülük və digər idman növlərini göstərmək olar. Amma paracüdoda B1, B2, B3 kateqoriyalarında olan idmançıların hamısı bir yerdə güləşir. Bu məsələ hazırda müzakirə olunur. Yəqin ki, hər şey yaxşı olarsa növbəti Paralimpiya Oyunlarına qədər bu məsələ öz həllini tapacaq.

Azər Əlizadə

17462 oxunub

InvestAZ