XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Təəssüf ki, “Real” xəyala çevrilir!
Maraqlı 17:37 / 06.03.2019

(Bir azarkeşin harayı)

Son dövrlərdə futbol o qədər inkişaf edib ki, onu diqqətdə saxlamaq və yaxud ona diqqət yetirməmək olmur. Dünyanın aparıcı klublarının heyətindəki futbolçular qısa zaman ərzində məşhurlaşa bildikləri kimi, uğursuzluqla da üzləşənləri olur...
Planetin ən güclü və titullu futbol klublarından biri olan Madrid "Real”ından danışmaq istərdik. Son illərin "ən yaxşı”larından olan "Kral klubu” çox qeyri-adi çıxışları ilə yadda qalır. Komanda ardıcıl olaraq üç dəfə UEFA Çempionlar Liqasını qazanır, Ronaldunu "Yuventus”a verir, Zidanla yola getmir, "El Klassiko”da "Barselona”nı evdə məyus edib, səfərdə kataloniyalılara böyük hesabla uduzur. Bütün bunlar, doğrudan da, gözlənilməz və unudulmazdır.

Bu gün, doğrudan da, "Real” çox zəif kluba çevrilib. Artıq sadiq azarkeşlər də öz klublarına o qədər də güvənmir. Komanda ümid etdiyi nəticəni bir anda əldən verir, son anda qapısını taybatay açıb, məğlubiyyətlə barışır. Artıq "Real” öz azarkeşlərini məğlubiyyətlərə öyrəşdirib. Bu, "kral klubu”na yaraşmır. Belə düşünmək olar ki, rəqiblər də əvvəlki kimi "Real”a ciddi baxmır. Halbuki bir vaxtlar bu klubla oyuna qədər rəqiblər nə qədər əziyyət çəkib, həyəcan keçirirdilər. Zidanın və Ronaldunun gedişi komandaya çox pis təsir etdi. Bu yerdə Mayn Ridin "Başsız atlı” əsəri yada düşür. Onun vaxtında kölgədə qalan futbolçuların "at oynatması” üçün əsil şərait yarandı. Bu özü də səhv addım idi ki, bir klub yalnız bir futbolçunun oyunundan asılı idi. Amma bu futboldur, sirk deyil. Burada ata deyil, ayağa və başa üstünlük vermək lazımdır. Klubun prezidenti Florentino Peresin "Gələcəyin ulduzları” layihəsini hələ də başa düşmək olmur. Gələcək üçün gərək dünəni yada salıb, bu günü nəzərdə saxlamaq gərəkdir.


O, "Real”a deyil,
"Real” ona uğur qazandırdı

Bu günə qədər "Real”da, klub daxilində, görəsən, vəziyyət necədir? Bunu bəzi faktlarla qismən də olsa təxmin etmək mümkündür. Belə ki, "Real”da bu gün Santyaqo Solari var. Futbolçu kimi titulları yetərincədir. Amma məşqçi kimi o, "Real”ın aşağı yaş qruplarında elə də uğur qazana bilməyib. Götürək ki, aşağı yaş qruplarında fərqlənib. Axı "Real”ın əsas klubunda onun nə işi var? Solari elə bilir ki, Zidanın qurduğu komanda ilə uzun müddət irəli getmək olar. Xülyen Lopeteqi (Zidandan sonra məşqçi olmaq üçün gizli klubla müqavilə bağlayan, milli komandaya xəyanət edən sima - A.Ə) buna tab gətirmədi. "Üzüsulu” öz şələsini götürüb, harasa getdi. Solari bilməlidir ki, klublararası dünya çempionatında o, "Real”a deyil, "Real” ona uğur qazandırdı. Artıq Santyaqo Solarinin tərcümeyi-halında bu nəticə ona nailiyyət kimi yazılıb. Bu, el məsəlində deyildiyi kimi, "nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” söhbətini təsdiqləyir. Onun gördüyü işlər hələ ki, mənfiyə doğru gedir. Heyətdəkilər yalnız öz adlarına görə sözü bir yerə qoyub, qələbə üçün meydanda can yandırırlar. Artıq komandanın vitse-kapitanı Marselo oyunları ehtiyat oyunçular skamyasından seyr edir. İsko onun ilk onbirliyində yer almır. Qaret Beyl və Marko Asensio isə yalnız matçın son 10 dəqiqəsində onun səhvlərini düzəltmək üçün meydana çıxır. Bu, çox pis haldır. Təəssüf ki, "Real” artıq xəyala çevrilir. Bəlkə də, Solari bunu başa düşmür. Yaxud özü də bilmədən hansısa çirkin siyasətin icrasında vasitəçidir. Nəticədə "Real” itirir: nüfuzunu, dəyərini və milyonlarla azarkeşini.


Gənc futbolçu özünə
bu qədər nifrət qazanar?

Solarinin başçılıq etdiyi komanda da bir kabus peyda olub. Rəngini desək, yaxşı olmaz. Gənc bir futbolçu var ki, onu da Vinisius deyə, çağırırlar. Bütün dünyada "Real” azarkeşləri bu futbolçudan narazıdırlar. Qısa zaman ərzində gənc futbolçu da özünə bu qədər nifrət qazanar? Kiçik bir arayış verək. 2018-ci ilin yazında Vinisius "Flamenqo”dan "Real”a gəlir. Florentino Peresə məlumat verilir ki, bu - 16 yaşlı futbolçu Neymardan da parlaq gələcək vəd edir. İspaniya KİV-ində bildirilir ki, belə futbolçular son 10-20 ildə bir dəfə yetişir və daha nələr...Ola bilsin ki, bu, doğrudan da, belədir. Amma hazırda zəifləyən bir klubda belə bir futbolçunu aparıcı simaya çevirmək olar? Əgər Beyl, Asensio, İsko klubu tərk edəcəksə, onun əvəzinə kim oynayacaq? Vinisius Junior kimi "janqlyor” futbolçular "Real” üçün əlverişli sayılmamalıdır. "Sambaçı”nın həlledici görüşlərdə vurduğu qollara nəzər salsaq görərik ki, əksəriyyəti rəqibin üzərinə qəsdən vurulmuş avtoqollardır. Gələcək belə futbolçunun üzərində qurulubsa, vay onda, "madridistalar”ın (İspan dilində madridli deməkdir - A.Ə) halına. Yeri gəlmişkən, Solarinin baş məşqçiliyi dövründə heyətin daha bir üzvü Keylor Navas da ehtiyatda oturmaqla kifayətlənir. Peresin siyasəti yenə də özünü doğrultmur. Belçikalı Tibo Kurtuanın "Real”da yeri görünmür. Nə olsun ki, o, dünyanın ən yaxşı qapıçıları sırasındadır. Azarkeşlər də ona rəğbət bəsləmirlər. 1 nömrəli Keylor 25 nömrəli Kurtuadan daha təcrübəli və çevikdir. O, belçikalı həmkarı kimi topları ayağı arasından buraxmır. Xatırladaq ki, "Kosta-Rika panterası” ilə "Real” 2015-ci ildən bu günə qədər bir dəfə İspaniya çempionu, bir dəfə Kubokun qalibi olub. Navasla "Kral klubu” ardıcıl üç dəfə UEFA Çempionlar Liqasının əsas mükafatına, 3 dəfə Super Kubokuna, 4 dəfə isə klublararası dünya çempionatının qızıl medallarına yiyələnib. Heç rəvadır, belə bir ulduzu kölgədə qoymaq? Bunu heç bir sözlə ifadə etmək olmur. Madridlilərə qapıçı deyil, yaxşı bir hücumçu lazımdır ki, Benzema kimi futbolçu arada öz məsuliyyətini hiss etsin. Hələ ki, bu qədər. Görək Solarinin saxta xarizması nə vaxt üzə çıxacaq.

P.S. Artıq "Barselona” ilə "Real” arasında əbədi mübarizə öz əhəmiyyətini itirir. Rəqibin futbolçusu Leonel Messi də "El klassiko”larda əvvəlki kimi həvəsli görünmür. Bəs bunun səbəbi nədir?

Anar Əhmədov

58831 oxunub

InvestAZ