XƏBƏR LENTİ
06 Fevral 2023
05 Fevral 2023
03 Fevral 2023
02 Fevral 2023
01 Fevral 2023



Ömrünü idman tarixinə həsr edən görkəmli pedaqoq - Yubiley
Müsahibə 16:51 / 06.08.2020
Alim həyatı çox gərgin və çətin keçir. İllərlə bir sahədə çalışıb, yeni yaradıcılıq məhsulları bəxş edən insanların həyatı bir örnəkdir. Onlar keçmişi araşdırıb bu günlə uzlaşdırıb, gələcək nəsillər üçün yeni əsərlər yaradırlar. Gələcək nəsil bunlardan faydalanır və bəhrələnir. Yaradıcılıq sahəsində yeni araşdırmaları ilə böyük bir tarixi bir araya gətirən insanlardan biri də Dilqəm Quliyevdir. Öz həyatını elmə, idmana və bu sahədəki araşdırmalara həsr edən bu mütəxəssis gördüyü işlər təqdirəlayiqdir. Çəkdiyi zəhmətə görə «Tərəqqi» medalına, Əməkdar bədən tərbiyəsi və idman xadimi adına layiq görülub. Bundan başqa Dilqəm Quliyev Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 4 iyul 2018-ci il tarixli qərarı ilə pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsini alıb. Bu gün Dilqəm müəllim 70 yaşını qeyd edir. Elə bu məqsədlə yubilyarla görüşüb, onun həyat və yaradıcılığından bəhs olunan müsahibə hazırladıq. Ona ünvanladığımız ilk sual pedaqoji fəaliyyət barəsində oldu.

- Dilqəm müəllim, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında böyük fəaliyyəti ilə seçilən pedaqoqlardan birisiniz. Keçdiyiniz bu yola qısaca nəzər salsaq, yerinə düşər.

- 1978-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) pedaqoji fakültəsini fərqlənmə diplomu ilə bitirərək, təyinatla həmin institutun «Güləşmə və onun metodikası» kafedrasında baş laborant vəzifəsində çalışmağa başladım. 1989-cu ildə müəllim, 1990-cı ildə baş müəllim, 1991-2001-ci illərdə akademiyanın tərbiyə işləri üzrə prorektoru, 2001-2016-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri və xarici əlaqələr üzrə prorektoru vəzifəsində çalışmışam. 2016-cı il fevralın 1-dən ADBTİA-da yeni yaradılmış "Şərq güləşi və əlbəyağa döyüş növlərin nəzəriyyəsi və metodikası” kafedrasına (müsabiqə keçirilənədək - D.Q) kafedra müdiri vəzifəsinə təyin edilmişəm. 2016-cı il iyunun 22-dən rektorun idman işləri üzrə müşaviri vəzifəsində, eləcə də hazırda İdman Tarixi Elmi Mərkəzinin direktoru vəzifəsində çalışıram. Bu Akademiyanın idman həyatında yaddaqlana hadisələrin bir hissəsidir.

- Dilqəm müəllim, bir ali təhsil ocağında 50 il elmi-pedaqoji fəaliyyətiniz yüksək qiymətləndirilib. Bu müddət ərzində bir neçə dəfə rəhbərlikdə dəyişiklik olub. Lakin buna baxmayaraq siz onların etimadını layiqincə doğrultmusunuz.

- Mənim 50 il elmi-pedaqoji fəaliyyətim dövründə 4-cü rektordur ki, onunla çalışıram. Bütün rektorların dövründə rəhbər vəzifəsində çalışmışam. Bildiyiniz kimi 1988-1993-cü illərdə Qarabağ uğrunda gedən müharibədə könüllü olaraq müəllim və tələbələrimiz torpaqlarımızın azadlığı uğrunda vuruşurdular. O, dövrdə tələbə məzunlarımızdan 2 Milli Qəhrəman və 23 şəhid vermişdik. Professor Ağacan Abiyev 2001-ci ildə iş fəaliyyətimi nəzərə alaraq, məni müəllimlikdən prorektor vəzifəsinə kimi ucaltdı. 2015-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru vəzifəsinə Fuad Hacıyev təyin olundu. Həmin vaxtdan etibarən görülən işlərin siyahısına nəzər salanda, görürük ki, geniş miqyaslı işləri həyata keçirmişik. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin adı ictimaiyyətə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya vəzifəsinin öhdəsindən layiqincə gəldiyinə, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və digər xüsusiyyətlərinə görə tanıyıb, rəğbət bəsləyirlər. Bu məqamda Fuad Hacıyevin dediklərindən sitat gətirmək istəyirəm. O, deyir: «Qoyulan hədəflərə çatmaq üçün bu gün Akademiyada bir sıra islahatlar aparılır, gənc nəslin idman sahəsində hərtərəfli biliyə yiyələnməsi məqsədi ilə müasir şərait yaradılır. Bu işlər ona görə görülür ki, biz Azərbaycanı yalnız peşəkar idman sahəsində deyil, həmçinin idman təhsili sahəsində də aparıcı yerlərdə görmək istəyirik. Biz Akademiya məzunlarının dünya idman bazarında rəqabətə dözümlü mütəxəssis olmasını arzu edirik. Bu, bizim məqsədimizdir və biz inanırıq ki, yaxın zamanda bu məqsədə çata biləcəyik». Mən, 50 il çalışdığım müddətdə akademiyanın bütün rektorlarına (Rafiq Rəcəbov, Samur Novruzov, Ağacan Abiyev və Fuad Hacıyevə) öz minnətdarlığımı və təşəkkürümü bildirirəm.


- Dilqəm müəllim, məlumdur ki, İdman Akademiyasının yaranma tarixinin müəllifliyi sizə qismət olub. Bu barədə oxucularımıza məlumat verərdiniz.

- Bəli, İdman Akademiyasının 70 illiyinə kimi akademiyanın tarixinə dair bir dənə də olsun kitab yazılmamışdı. İdman Akademiyasının tarixi akademiyanın nəzdində yaradılmış İdman muzeyi sayılır. Akademiyanın 70 illiyində sabiq rektorumuz, profессор Ağacan Abiyev bu tarixi günün yazılmasını mənə həvale etdi. 2001- ci ildə «Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası -70», 2010- cü ildə «Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası -80» və 2015-ci ildə «Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası -85» salnamələrinin müəllifiyəm. Fərəhli haldır ki, bu yaxın aylarda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illiyi olacaq. Akademiyanın 90 illik tarixi salnaməsinin hazırlanması da akademiyanın rektorluğu tərəfindən mənə tapşırılıb. Artıq bu salnamə barədə işlərimi tamamlamaq üzrəyəm. Bir ali təhsil ocağında 50 il elmi-pedaqoji fəaliyyətimi nəzərə alaraq firsətdən istifadə edərək, deyirəm: «Əziz tələbələr, hörmətli müəllim və əməkdaşlar, ADBTİA sevərlər. Bu il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının şərəfli tarıxındə çox ələmətdar bir gündür, noyabrın 8-də ADBTİA-nın 90 yaşını təntənəli surətdə qeyd edəcək. Düz 90 il əvvəl bədən tərbiyəsi və idman sahəsində Zaqafqaziya Dövlət Cismani Mədəniyyət İnstitutu Cənubi Qafqazda ilk ali məktəb kimi tarixə düşüb. 2020-ci ildə bu əlamətdar tarixi birlikdə qeyd edəcəyik. Bu gün sürətli bir inkişafla irəli gedən ADBTİA-nın tarixi qızıl hərflərlə yazılır. İdman Akademiyasının rektoru Fuad Hacıyev dediyi kimi: «1930-cu ildə yaranan, böyük və şərəfli tarixə sahib olan Akademiya son aylarda 90 illik baharını yaşayır və burada yeni tarix yazılır»

- Dilqəm müəllim, ümummilli lider Heydər Əliyevlə və ölkə Prezidenti İlham Əliyevlə dəfələrlə görüşmək imkanı əldə etmisiniz...

- Heydər Əliyev dahi şəxsiyyət, müdrik siyasətçi, gözəl insan idi. Bu insan mənim idealım idi və idealım olaraq qalacaq. Ümummilli liderlə görüşmək imkanını da mənə kitablarım verib. Belə ki, "Şəhid idmançılar” "XX əsrin qan yaddaşı”, "Azərbaycan ulduzları Olimpiya oyunlarında”, "Bədən tərbiyəsi və idmana dövlət qayğısı” kitablarımı xalqımızın ümummilli lideri Heydər Əliyevə şəxsən özüm təqdim etmişəm. «Azərbaycanda cüdo» (2002), «Azərbaycan idmanının dünəni və bu günü» (2003), "İdman və Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu” (1997-2007) və b. kitabları isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə şəxsən təqdim etmişəm. Bu müdrik insanla sonuncu görüşümü indiki kimi xatırlayıram. 2001-ci il dekabrın 29-da Maştağa qəsəbəsindəki Olimpiya İdman Kompleksinin açılışında xalqımızın ümummilli lideri Heydər Əliyevə "Azərbaycanda bədən tərbiyəsi və idmana dövlət qayğısı” kitabımı təqdim etdim. Heydər Əliyev mənə minnətdarlığını bildirdi və dedi: "Gözəl kitabdır, bu işi mütləq davam etdir”. Bu görüş mənim sonrakı yadacılıq taleyimdə çox əhəmiyyətli rol oynadı. Ümummilli lider öz əməlləri, vətənpərvərliyi ilə qəlbində əbədi yaşayacaq. Hər birimizin borcudur ki, Heydər Əliyevin bizə miras qoyduğu müstəqil dövlətçilik ənənələrini gözbəbəyi kimi qoruyaq. Müstəqilliyimiz və azadlığımız uğrunda onun layiqli davamçısı gənc və qətiyyətli ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşək.

- Kitablarınız xaricdə və dövrü mətbuatda çıxış etdiyiniz yazılarınız minlərlə oxucu kütləsi qazanıb. Bunun üçün ən qiymətli dəqiqələrinizi sərf etmisiniz. Buna görə heyfislənmirsiniz ki?

- Doğrusu elmi-tədqiqat işlərinə başlamaq mənim həyatımda bir sirr olaraq qalır. 1984-cü ildə Azərbaycan Respublikası Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Azərbaycan Respublikası Təhsil İnstitutu) dissertantı oldum. Ümumiyyətlə mənim elmi həyatım enişli-yoxuşlu olub. Lakin yazıb-yaratmaq, idman tarixini araşdırmaq mənim üçün həmişə maraqlı olub. İndiyədək dövrü nəşriyyatda 400-ə yaxın əsərim və 300-ə yaxın elmi-pedaqoji və publisistik qəzet məqalələrim çap olunub. Onlardan 6-sı dərslik, 22-si kitab, 19-u monoqrafiya, 14-ü dərs, 2-i proqram, 31-i metodiki, 17-si metodiki göstəriş, 13-ü isə tədris vəsaiti olub. Bundan başqa 3-ü metodik tövsiyə, 137-si jurnal məqalə (31-i xarici ölkədə), 135 tezis (26-sı xarici ölkədə), orta ümumtəhsil məktəbinin dərsliklərində isə 5 məqalə müəllifiyəm. Elmi məqalələrim Rusiya, Almaniya, Yunanıstan, Bolqarıstan, Polşa, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Ukrayna, Estoniya və digər ölkələrin mətbu orqanlarında çap olunub.

- Bir ildən çoxdur ki, elmi ada layiq görülmüsünüz. İstərdik bu barədə fikirlərinizi bildirəsiniz.

- Əvvəlcə onu qeyd edim ki, 1994-cü il iyulun 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə pedоqoji elmlər namizədi alimlik dərəcəsi almışam. Sonra, 2017-ci ildə bədən tərbiyəsi və idman sahəsində 1930-2018-ci illər ərzində yeganə və ilk dəfə olaraq Azərbaycanda "Azərbaycan Respublikasında müstəqillik dövründə bədən tərbiyəsi və idmanın inkişaf istiqamətləri (1991-2015-ci illər)” mövzusunda pedaqogika üzrə elmlər doktorluq dissertasiyasını müdafiə etmişəm (7 noyabr 2017-ci il, Bakı ş.). 2018-ci il 4 iyulda AAK tərəfindən pedaqogika üzrə elmlər doktorluk diplomum təsdiq olunub.

- Elmi araşdırmalarınız kitab şəklində böyük oxucu kütləsi qazanıb.

- Yazdığım əsər və elmi-pedaqoji məqalələrdən Bədən Tərbiyəsi və İdman Akademiyasında, liseylərdə, ali təhsil ocaqlarında, habelə müəllimlərin ixtisasartırma kurslarında pedaqoji fikir tarixi, bədən tərbiyəsi və idman tarixi fənlərindən mühazirə kursu kimi istifadə edilir. Müəllifi olduğum "Azərbaycanın ustad pəhləvanları”, "İdman və Olimpiya Oyunlarında İlham Əliyevin rolu”, "Azərbaycan idmanının dünəni və bu günü”, "Helsinkidən başlayan yol”, "Azərbaycanın Avropa, dünya çempionları və mükafatçıları” və başqa kitablar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən Dövlət Qulluğuna qəbul testlərində istifadə olunan ədəbiyyatların siyahısına salınıb. 2004-cü ildən Azərbaycan Milli Ensiklopediyasının bədən tərbiyəsi və idman bölməsi məqalələrinin müəllifiyəm. Bundan başqa "Şair qəlbli qəhrəman”, "Tələsmə könlüm” adlı məqalələrim rus dilində olan məktəblərin 9-cu sinif dərsliklərində və ibtidai siniflərdə folklor materiallarının öyrədilməsi metodikasında çap olunub.

- Dilqəm müəllim, dövlət tərəfindən yazdığınız kitabların təqdimatı keçirilibmi?

- Bəli, 2013-cü il mayın 12-də Milli Olimpiya Komitəsinin inzibati binasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə nəşr olunmuş «Azərbaycanın idman tarixində Heydər Əliyev mərhələləri» adlı kitabımın təqdimat mərasimi keçirildi. Mərasimdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, AZBDTİA-nın sabiq rektoru, professor Ağacan Abiyev, MOK-un vitse-prezidenti Xəzər İsayev, idman ictimaiyyətinin nümayəndələri və KİV-lər iştirak edirdilər.
2018-ci il mayın 25-də isə Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbərliyi ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində bədən tərbiyəsi və idmanın inkişafı” (1918-2018) monoqrafiyasından bəhs edən kitabın təqdimat mərasimi keçirilib.

- Gələcəkdə hansı mövzulara müraciət etməyi planlaşdırırsınız?

- Elə mövzular var ki, onlara öz araşdırmalarımda toxunsam da, açıqlamasını verməmişəm. Həmişə əsasən bir istiqamət üzrə araşdırmalar aparmışam. Lakin istəyirəm ki, bu dəfə bədən tərbiyəsi və idmanın nəzəriyəsi, bədən tərbiyəsi və idmanın texnikası mövzularına ətraflı toxunum. Onlardan, "Qadın və idman”, "Olimpiya oyunlarinin ensiklopediyası”, "Tarixi sənədlər və əməli yazilar”, "Əsasnamələr və qaydalar toplusu”, "Azərbaycan idman ensiklopediyası” və b. artıq hazırdır. Onu da qeyd edim ki, hazırda yeni bir kitab üzərində çalışıram. Kitabın adı "Halalıqdır”. Həmin kitabda həyatım və üzləşdiyim çətinliklər haqqında olan bütün məsələlərə daha aydın şəkildə açıqlama verəcəyəm. Hesab edirəm ki, həmin kitab çoxsaylı oxucuların rəğbətini qazanacaq.

- 50 ildir ki, bu sahəyə gücünüzü sərf etmisiniz. İdman tarixini araşdırmaq çətin deyil ki?

- Təbii ki, çətindir. Ümumiyyətlə tarix mənbələr üzrə insanın meydana gəlməsi və inkişafını, müxtəlif xalqların ən qədim zamanlardan bizim dövrümüzədək necə yaşamaları, onların həyatlarında hansı hadisələrin baş verməsi, insan cəmiyyətlərinin həyatı necə və niyə dəyişib indi mövcud olduğu hala düşməsini öyrənən elmdir. Tarix- özü bir fəlsəfədir. Tarix fəlsəfəsi insan qəlbi və şüuruna yaxın olan problemlərə bilavasitə toxunur. Fərəhli haldır ki, bədən tərbiyəsi və idman tarixi sahəsində yazmış olduğum kitablar məhs, İdman Akademiyasının rektoru Fuad Hacıyevin dövründə onun maddi və mənəvi dəstəyi nəticəsində çap olunmuşdur.

- Dilqəm müəllim, düzünü desək, sizə 70 yaş vermək olmur. Yaşınıza görə çox gümrahsınız. Sizin bu cür gümrah qalmağınızın səbəbi təkcə idmançı olmağınızla bağlıdır?


- Mən daim hərəkətdə olmağı sevən bir insanam. Piyada gəzməyi xoşlayıram. Buna görə də mənim indiyə kimi maşınım olmayıb. Lazım olanda ictimai nəqliyyatdan istifadə edirəm. Ümumiyyətlə, təmiz havada çox oluram. Səhər saat 6-da yuxudan dururam. Səhərlər mütləq qaçıram. Məncə, insanı cavan, gümrah saxlayan onun ürəyinin saflığı, təmizliyidir. İnsan ürəyi xoş hisslərlə dolu olanda paxıllığa yer qalmır. Həyatı xoşbəxt yaşayanda ruh cavan qalır, bədən qocalmır. Ən əsası yaşamağın necə gözəl nemət olduğunu anlayırsan.

- 70 illik həyatınızdan və bu günə qədər qazandığınız nailiyyətlərlə kifayətlənirsinizmi?

- Həyatda hər şey ürəyimcə olub. Əldə etdiyim uğurlar məni daha iddialı edib. Məqsədimə çatmaq üçün hər bir çətinliyə sinə gərmişəm. Uğurdan güc alıb, uğursuzluğa təslim olmamışam. Hərdən özümdən narazı olduğum vaxtlarım da olur. Düşünürəm ki, çox işin öhdəsindən gələ bilərəm.

- Arzular sonsuzdur. Bəs sizin ən böyük arzunuz nədir?

- Bəli, bəşər tarixində ümumxalqın bir arzusu olub - azadlıq arzusu. Bir xalq üçün azadlıqdan şirin, azadlıqdan müqəddəs başqa bir arzu olmayıb. Xüsusilə də, bütov bir xalqın, millətin azadlıq arzusu. Elə bir arzu ki, bu ülvi arzu əsrlərin həsrətindən doğmuş olsun.
Arzu edirəm ki, işğal olunmuş torpaqlarımız düşmən tapdağından tezliklə azad edilsin. O ki qaldı ki, mənim elm sahəsində arzuma, deyə bilərəm ki, artıq bu arzuma çatmışam. Qeyd etdiyim kimi, elmlər doktoru elmi dərəcəsini almışam. Bununla kifayətlənmirəm. Mənim görəcəyim işlər, yazacağım kitablar hələ qabaqdadır!.

- Dilqəm müəllim, «Olimpiya dünyası» qəzetinin kollektivi və oxucuları adından sizi 70 yaşınız münasibətilə təbrik edirik.

- «Olimpiya dünyası» qəzeti mənim üçün doğmadır. Redaksiya heyətinizin hər bir üzvünə böyük hörmətim var. Hər birinizə bu xoş təbrikə görə minnətdaram.

Anar Əhmədov

50558 oxunub

InvestAZ