XƏBƏR LENTİ
25 May 2020
24 May 2020
23 May 2020
22 May 2020



İdmançılara iradi və mənəvi keyfiyyətlərin aşılanması vacibdir
Maraqlı 13:37 / 19.02.2019


Öyrənmədə şüurlu dərketmə
Güləş məşqlərində məşqçi-müəllimlər asan hərəkətlərdən, asan fəndlərdən, çətin hərəkətlərə, çətin fəndlərə keçərkən daim uşaqları ruhlandırmalı, onlarda inam yaratmalı, yarışlarda inamlı çıxışlarının təmin edilməsində onlara təsir etmək, emosiyalarını tənzimləmək, lazımı məqamlarda coşdurmağı bacarmalıdırlar. Məşqçi-müəllimlər nəzərə almalıdırlar ki, idmançının inamlı çıxışı təmin edilməsə onların maraqları tədricən sönə bilər. Bütün bunlarla yanaşı, məşqçi-müəllimlər unutmamalıdırlar ki, onların istiqamətverici, məsləhətverici köməkləri ilə daim idmançıların sərbəstliyi də təmin olunmalıdır ki, onların potensial imkanları üzə çıxsın.
Baxmayaraq ki, məşqçi-müəllimlər qarşısında duran əsas məqsəd yüksək dərəcəli idmançılar hazırlamaqdır, ancaq məşğul olanların əqli və zehni inkişafı həmişə birinci planda olmalıdır. Təhsil sistemində öyrənmənin məzmunu öyrənənlərdən daha çox düşünməyi, onların idrak fəaliyyətlərinin inkişaf etdirilməsini tələb edir. Bunu belə izah etmək olar ki, əgər idmançı məşqdə öyrəndiklərini düzgün, şüurlu dərk etmirsə, keçirilənləri kor-koranə, fərqinə varmadan təkrarlayırsa, bu, onun idrakının inkişaf etməsinə, şəxsiyyətinin lazımınca formalaşmasına, ustalığın düzgün və lazımı dərəcədə artmasına kömək edə bilməz. Məşqçi-müəllimlər bu sahədə, əlbəttə, yeniyetmə və gənc idmançılara qarşı daha diqqətli olmalıdırlar.
Hər bir məşqçi-müəllimin arzusu, sözsüz ki, həmişə yetirmələrini mükafatçılar sırasında görməkdir. Ancaq, təbiidir ki, komandanın bütün üzvləri yarışlarda qarşıya qoyulmuş tapşırığı yüksək səviyyədə yerin yetirə bilməz. Bütün bunlara baxmayaraq, məşqçi-müəllimlər hər vasitə ilə həmişə yetirmələrini istər məşğələdə, istərsə də yarışlarda potensial imkanlardan maksimum yararlanmağa ruhlandırmalıdır. İdmançılara izah edilməlidir ki, çempionlar, qəhrəman kimi doğulmurlar. Hər bir sahədə müvəffəqiyyət, əməksevərlik, zəhmət və özünə qarşı tələbkarlıq nəticəsində əldə edilir.
Həyatda qəhrəman olmaq, ətrafdakıların sevimlisinə çevrilmək, vətənini, xalqını, millətini sevdiyini sübut etmək üçün heç də müharibə meydanı vacib deyil. Bunun üçün hər bir kəs çalışdığı sahədə, məşğul olduğu işdə, təhsil aldığı təhsil ocağında məsuliyyətlə çalışmalı, oxumalı, işini ən yüksək səviyyədə görməyə səy göstərməlidir. Deməli, hər bir idmançı təhsil aldığı məktəbdə yaxşı oxumalı, davranışı, nizam-intizamı ilə yoldaşlarına nümunə olmalı, məktəbin içtimai işlərində fəal iştirak etməli, böyüklərə hörmət, kiçiklərə qayğı ilə yanaşmalıdır.
Hər bir idmançının ən böyük arzusu isə beynəlxalq yarışlarda, Avropa, dünya çempionatlarında, Olimpiya oyunlarında birinci olmaq, dövlət himnimizi səsləndirmək, Azərbaycanımızın bayrağını yüksəklərə qaldırmaqdır. İdmançıların ümdə vəzifəsi dövlətlər arasında dövlətimizi, millətimizi, xalqımızı layiqincə tanıtmaqdır.
Bütün bunları uşaqların şüurlu dərk etməsi üçün, valideynlərlə yanaşı, ümumtəhsil məktəbləri, məktəbdənkənar idman müəssisələri, idman klubları böyük işlər görməlidir. Bu sahədə uşaqların yüksək əxlaqı və mənəvi mədəniyyətinin, intellektual səviyyəsinin inkişaf etdirilməsi üçün bütün kollektivin, eləcə də, bilavasitə məşqçi-müəllimlərin üzərinə böyük vəzifələr düşür.
İdman məktəblərini uşaqların yalnız bilik və bacarıqlarının yiyələndiyi bir yer kimi qiymətləndirmək düzgün olmazdı. Məşqçi-müəllimlər unutmamalıdır ki, təlim (məşq) uşağın mənəvi həyatının çox mühüm sahəsidir, lakin yeganə sahəsi deyildir. İdman məktəbləri uşaq kollektivinin elə çoxsahəli mənəvi həyatıdır ki, burada məşqçi-müəllim və idmançıları çoxlu sayda maraq və meyillər birləşdirir. Bura gündəlik məşqələlərlə yanaşı, təlim-məşq toplanışları, yarışlar, yarışlara kolektiv şəkildə baxış, görkəmli idmançılarla görüşlər, idman bayramları, gəzintilər, ekskursiyalar, test yoxlamaları, keçirilən yarışların analizinin aparılması, məktəbin divar qəzetinin buraxılması və s. daxildir.


Vətənə, millətə və dövlətə
əsl vətəndaşlar yetişdirmək
məşqçi-müəllimin
vəzifəsidir

Uşaqlara onu da xatırlatmaq lazımdır ki, onlar cəmiyyət qarşısında məsuliyyət də daşıyırlar. Məktəblilər bilməlidirlər ki, vətənə sədaqət, dövlət rəmzlərinə hörmət, tarix və mədəniyyət abidələrini, ətraf mühiti qorumaq bütün vətəndaşlar kimi onların da borcudur.
Məşqçi-müəllimlər bilməlidir ki, məhz bu baxımdan uşaqlarda iradı və mənəvi keyfiyyətlərin aşılanmasında vətənpərvərlik mövzusunda aparılan söhbətlər çox böyük əhəmiyyət kəsb edir.
İdeya inamı, vətənpərvərlik, vətənə, mənsub olduğu xalqa inam, öz millətinə sədaqət, həyatda tutduğu vəzifə və gündəlik hərəkətləri üçün məsuliyyət hissi, hər bir kəsin müqəddəs borcudur. Bütün bunlar ümumtəhsil məktəbləri ilə yanaşı, məktəbdənkənar idman müəssisələrində də nəzəri məşqlərdə, gündəlik söhbətlərdə uşaqlara aşılanmalıdır. Məşqçi-müəllimin yetirmələrinə gündəlik şəxsi nümunəsi də çox vacibdir. Deməli, idman məktəblərində uşaqların fiziki tərbiyəsi ilə yanaşı, həm də iradı və mənəvi tərbiyəsi də paralel inkişaf etdirilir. Əlbəttə, iradi və mənəvi tərbiyənin mühüm tərkib hissələrindən biri vətənpərvərlik, xalqına doğma yurda məhəbbətlə bağlılıqdır.
Söz dünyasının korifeyləri İmaməddin Nəsimi, Əfzələddin Xəqani, Nizami Gəncəvi, Nəsirəddin Tusi, Əssar Təbrizi, Xətai, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, Abbas Səhhət, Səməd Vurğun və digərləri vətənin gözəlliyini vəsf etmiş, gəncləri həmişə vətən torpağının qədrini bilməyə, onu göz bəbəyi kimi qorumağa çağırmışlar.
Vətən, vətənpərvərlik mövzusunun tarixi çox qədimdir. İnsan yarandığı, həyata göz açdığı, yaşadığı, nəfəs aldığı el-obaya bağlı olmuş, onun hər qarış torpağı uğrunda son damla qanına, axır nəfəsinə kimi düşmənə qarşı mübarizə aparmışdır. Vətən məhəbbəti, vətən duyğusu ən ali bir hiss kimi həmişə insana, onun ömür yoluna günəş kimi işıq saçmış, həyatının mənasının zənginləşdirmişdir. Tarix boyu dahilər, böyük filosoflar, mütəfəkkir sənətkarlar vətən haqqında, onun müqəddəsliyi barədə qiymətli əsərlər yazmış, gözəl fikirlər söyləmiş, həmişə insanları ana vətəni sevməyə, onun qədrini bilməyə, göz bəbəyi kimi qorumağa səsləmişlər. Bu hisslərdən məhrum olanlar, vətənin dar günündə ona arxa çevirənlər, xəyanət edənlər, el-obada, insanlar arasında gözdən düşmüş, tənqid olunmuş, namərd, xain damğası ilə damğalanmışdır.
Ancaq haqq, ədalət yolunda, vətənin müdafiəsi üçün canlarının əsirgəməyən, döyüş meydanında heç vaxt düşmənə arxa çevirməyən, hərb sənətini mükəmməl bilən, ulu babalarımız - Cavanşir, Cavidan, Babək, Şah İsmayıl Xətai, Həzi Aslanov öz adlarını tarixə əbədi yazdırmışlar.
Bu gün indi bizim əsas vəzifəmiz bütüns sahələrdə, insanlarda, eləcə də məktəbdən kənar idman müəssisələrindəyeniyetmə və gənclərimizdə vətənpərvərlik ruhunu, milli ruhu, döyüş ruhunu qaldırmaqdır. Vətənin, işğal altında olan torpaqlarımızı, şəhər və kəndlərimizi tezliklə azad etmək hər bir kəs üçün müqəddəs bir borc, şərəfli bir vəzifə olmalıdır. Millətini torpağını sevən hər bir kəs hər an buna hazır olmalıdır.

Vətənpərvərlik mövzusu
poetik dildə

Məşqçi-müəllimlərə bildirmək istərdik ki, idmançılarda iradi və mənəvi keyfiyyətlərin aşılanmasında poetik dildə də çatdırılması onlara güclü təsir edir və ruhlandırır. Bu baxımdan xüsusi ilə vətənpərvərlik ruhunun tərbiyə edilməsində bayatılar, atalar sözləri, qəzəllər gözəl intonasiya ilə təsirli şəkildə deyildikdə uşaqlar üçün daha maraqlı olur və onlara güclü təsir edir.
Ümumiyyətlə, vətənpərvərlik, vətən, ana yurda, doğma torpağa hörmət və məhəbbət, eləcə də başqa mənəvi keyfiyyətlər bu bünövrədən başlayır və şaxələnir. Bu hissi uşaqlarda aşılamaq üçün yüksək sənətkarlıqla deyilmiş şeirlər, poetik ifadələr iradi və mənəvi tərbiyənin aşılanmasında çox böyük rol oynayır. Bu mənada bir çox şair və yazıçılarımızın vətən mövzusunda yazdıqları sənət sərləri, xüsusilə şeirləri uşaq və gənc idmançılara çatdırmaq, məncə, daha məqsədə uyğundur.


8087 oxunub

InvestAZ