Mayın 2-də ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən ənənəvi "Prezident Kuboku-2025" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib.
Olimpnews.az xəbər verir ki, 20-dən çox ölkədən 200-dən artıq idmançının iştirakı ilə tarixi torpağımız Suqovuşanda start götürən reqatanın bağlanış mərasimi Mingəçevirdə baş tutub.
"Kür" Olimpiya Tədris-İdman Mərkəzininin qarşısında keçirilən mərasim əvvəlcə iştirakçı ölkələrin salamlanması ilə başlayıb.
Sonra çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yarışların əsl bayram ab-havasında keçdiyini qeyd edib.
Beynəlxalq reqtanın yüksək səviyyədə təşkil olunduğunu deyən icra başçısı turnirin təşkilatçılarına minnətdarlığını bildirib.
Sonra turnirin qalibi olan komandalar mükafatlandırılıb. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov kayak-kanoe növündə yarışların qalibi olan Özbəkistan komandasına kubok təqdim edib.
Ardınca akademik avarçəkmə növündə turnirin qalibi adını qazanan Gürcüstan komandası mükafatlandırılıb. Kuboku qalib komandaya Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev verib.
Sonra qızıl medal qazanan idmançılar səhnəyə dəvət olunaraq mərasim iştirakçılarına təqdim olunub.
Mərasim daha sonra bədii hissə ilə davam edib. Tanınmış rəqs qruplarının ifasında maraqlı kompozisiyalı solo ifalar, müxrəlif şou proqramlar mərasim iştirakçılarının böyük marağına səbəb olub.
Müxtəlif musiqi nömrələri ilə yanaşı, son illərin ən populyar ifaçılarından olan Mərdan Kazımov canlı ifaları ilə bağlanış mərasiminə rəng qatıb.
"Prezident Kuboku-2025”ə atəşfəşanlıqla yekun vurulub.
Qeyd edək ki, komandamız beynəlxalq reqatanı 15 (1 qızıl, 7 gümüş, 7 bürünc) medalla başa vurub.
Xatırladaq ki, "Prezident Kuboku” reqatası ardıcıl üçüncü ildir ki, Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.