XƏBƏR LENTİ
03 Aprel 2025
02 Aprel 2025
01 Aprel 2025
31 Mart 2025



AMADA rəsmiləri WADA-nın 2025-ci il simpoziumunda təmsil olunub
İdman 12:15 / 01.04.2025

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndə heyəti İsveçrənin Lozanna şəhərində yerləşən "Swiss Tech" Konqres Mərkəzində keçirilən Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2025-ci il üçün simpoziumunda iştirak ediblər.

AMADA-nın mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə dünyanın müxtəlif ölkələrindən aparıcı ekspertlər, idmançılar və antidopinq üzrə peşəkarlar təmiz idmanın gələcəyi və idmançıların hüquqlarının qorunmasında innovativ yanaşmaları müzakirə etmək üçün bir araya gəliblər.

AMADA-nın nümayəndə heyəti WADA-nın 2025–2029-cu illər üzrə Strateji Planı, antidopinq sahəsində aparılan araşdırma və innovasiyalar, eləcə də 2027-ci il Ümümdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartlara ediləcək yeniliklər barədə keçirilən plenar və paralel sessiyalarda 1000-dən çox iştirakçı ilə birlikdə müzakirələrə qoşulub. Tədbirin əsas mövzularından biri də məlumat verən şəxslərin (whistleblowers) idarə edilməsi, İdmançı Şurasının genişləndirilmiş rolu və dopinq testlərində kontaminasiya probleminin həlli yolları olub.

Simpoziumun ən dinamik hissələrindən biri ideaton sessiyası olub ki, burada AMADA-nın nümayəndələri qlobal antidopinq sistemində mövcud problemlərin həlli üçün innovativ ideyalar irəli sürüblər. Sessiyaların nəticələri bağlanış plenar iclasında təqdim edilib, gələcək üçün yaradıcı və praktik həll yolları qeyd olunub.

Tədbirdəhəmçinin rəqəmsal innovasiyalar, data idarəçiliyi və antidopinq cəmiyyəti arasında daha güclü əməkdaşlıq əlaqələrinin qurulması kimi mühüm mövzular da diqqət mərkəzində olub. AMADA-nın nümayəndələri əməkdaşlıq və süni intellekt də daxil olmaqla, texnoloji inkişafların antidopinq səylərini və maarifləndirmə fəaliyyətlərini necə gücləndirə biləcəyi haqqında sessiyalarda fəal iştirak ediblər.

WADA-nın illik simpoziumu 2027-ci ildə Cənubi Koreyanın Busan şəhərində qəbul ediləcək Ümümdünya Antidopinq Məcəlləsi öncəsi mühüm tədbirlərdən biri hesab olunur. AMADA-nın bu simpoziumda iştirakı Azərbaycanın antidopinq siyasətinin formalaşmasında və təmiz idmanın beynəlxalq səviyyədə qorunmasında fəal rol oynadığını bir daha təsdiq edir.


739 oxunub

InvestAZ