XƏBƏR LENTİ
04 Mart 2025
03 Mart 2025
02 Mart 2025
01 Mart 2025
28 Fevral 2025
27 Fevral 2025



Azərbaycan Karate Federasiyası Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində tədbir keçirib
İdman 20:35 / 27.02.2025

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş "Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində "Daun xəstəlik deyil, fərqlilikdir” adlı tədbir keçirilib.

Bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Tədbirində AKF-in vitse-prezidenti Rəhman Hətəmov, baş katib Qabil Sayadov, hüquq və intizam komitəsinin sədri Həmdiyyə Məmmədov, AKF prezidentinin köməkçisi Vüsal Abdullazadə, məşqçi-müəllimlər, idmançılar və digər qonaqlar iştirak ediblər.

Tədbirdə ilk olaraq Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova çıxış edib. Bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da daun sindromu daşıyıcısı olan yüzlərlə insan var: "Həm onlar, həm də onların valideynləri bir çox problemlərlə qarşılaşırlar. Bu isə əsasən cəmiyyətimizdə daun sindromu haqqında lazımi biliklərin olmamasından irəli gəlir”.

Daha sonra AKF -in vitse-prezidenti Rəhman Hətəmov çıxış edib. O qeyd edib ki, tədbirin keçirilməsində məqsəd ilk növbədə daun sindromunun xəstəlik yox, genetik fərqlilik olmasına diqqət çəkmək, mərkəzdə reabilitasiya görən uşaqlarla zaman keçirmək, onların sosiallaşmasında rol oynamaq və daun sindromlu uşaqların cəmiyyətə daha yaxından inteqrasiyasını təmin etməkdir:

"Bu gün ölkəmizdə bu qəbildən olan şəxslərə dövlət səviyyəsində qayğı göstərilir. Heydər Əliyev Fondu tərəfindən inşa olunan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində daun sindromlu xəstələr üçün psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri, müxtəlif dərnəklər fəaliyyət göstərir. Bu gün isə biz onların görüşünə gəlmişik. Ümid edirik ki, bu görüş davamlı olar”.

AKF prezidentinin köməkçisi Vüsal Abdullazadə federasiyanın sosial layihələrə dəstək verdiyini və gələcəkdə bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Rəsmi çıxışlardan sonra mərkəzin uşaqları tərəfindən oyunlar nümayiş olunub. Eyni zamanda proqram çərçivəsində uşaqlar üçün bədii əyləncəli oyunlar təşkil olunmaqla yanaşı, idmançılarımızla mərkəzdə təhsil alan uşaqların karate üzrə nümunəvi çıxışları göstərilib.


328 oxunub

InvestAZ