Yanvarın 17-də bp şirkətinin nümayəndə heyəti Azərbaycan Cüdo Federasiyasında (ACF) olaraq, Federasiyanın fəaliyyəti ilə, həmçinin son bir ildə həyata keçirilən adaptiv cüdo layihəsinin nəticələri ilə tanış olub.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, görüşdə bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu, cüdo üzrə Hartfordshire Universitetinin professoru Mayk Kallen, Avropa Cüdo Birliyinin Təhsil komitəsinin üzvü Nuno Delqado və hər iki təşkilatın digər nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 2024-cü ilin may ayında bp və tərəfdaşlarının dəstəyi ilə başladılan adaptiv cüdo layihəsi, daun sindromu, autizm və xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyasını təşviq etmək və fiziki aktivliklərini artırmaq məqsədi daşıyır.
Tədbir qonaqların milli cüdo komandaları üçün Təlim Mərkəzi ilə tanışlığı ilə başlayıb. Daha sonra Adaptiv Cüdo dərsləri izlənilib, valideynlər layihə barədə müsbət fikirlərini bölüşüblər.
ACF-in Təhsil meneceri Orxan Oruczadə Adaptiv Cüdo layihəsi çərçivəsində görülən işlər və gələcək planlar barədə bp nümayəndələrinə təqdimat edib. O, bp və tərəfdaşlarının dəstəyi ilə cüdo məşqçilərinin bu sahədə daha çox ixtisaslaşmaq üçün Niderland, Xorvatiya və Parisdə keçirilən adaptiv cüdo üzrə məşqçi seminarlarında və turnirlərində iştirak etdiyini vurğulayıb.
Görüş zamanı Bəxtiyar Aslanbəyli bp-nin bu təşəbbüsdə iştirakından qürur duyduğunu ifadə edərək bildirib: "İdman sadəcə fiziki fəaliyyət deyil, o, eyni zamanda intellekt, təhsil və şəxsi inkişafla sıx əlaqəlidir. Azərbaycan Cüdo Federasiyasının bu sahədə həyata keçirdiyi fəaliyyət təqdirəlayiqdir. Enerji şirkəti olmaqla yanaşı, biz təhsil, ətraf mühit və mədəniyyət kimi sahələrdə sosial təşəbbüslərə də böyük önəm veririk. Adətən fərdi federasiyaları deyil, Milli Olimpiya və Paralimpiya Komitələrini dəstəkləsək də, ACF-in adaptiv cüdo layihəsi bu baxımdan istisna oldu. Bu yenilikçi proqram yeni metodologiyalar təqdim edir, daha çox insanı təhsilə cəlb edir, daha inklüziv mühit yaradır. Buna görə də Federasiyanın komandasını və məşqçiləri bu əla iş münasibətilə təbrik edirəm".
Rəşad Rəsullu təhsil və elmi yanaşmanın Azərbaycan Cüdo Federasiyasının əsas prioritetlərindən və strateji istiqamətlərindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, bu yanaşma adaptiv cüdo layihəsinin hazırlanmasında və inkişafında mühüm rol oynayıb. O, həmçinin bildirib ki, Federasiyanın məqsədi bu yanaşmanın tətbiqi ilə daha çox xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inklüziv və dəstəkləyici bir mühit yaratmaqdır. Əlavə olaraq, R. Rəsullu bu vizyonun həyata keçirilməsində bp-nin dəyərli tərəfdaşlığına və dəstəyinə görə minnətdarlığını bildirib.
Tədbirin sonunda Rəşad Rəsullu Bəxtiyar Aslanbəyliyə layihəyə verdikləri töhfəyə görə təşəkkür plaketi təqdim edib.
Qeyd edək ki, adaptiv cüdo layihəsi, Beynəlxalq Cüdo Federasiyası tərəfindən keçirilən 2024 Cüdo Mükafatları çərçivəsində "Uşaq Cüdosu" nominasiyasında ilk 3-lüyə daxil olub.