XƏBƏR LENTİ
09 Yanvar 2025
08 Yanvar 2025
07 Yanvar 2025
06 Yanvar 2025
05 Yanvar 2025
04 Yanvar 2025
02 Yanvar 2025



“Heç kimin övladlarıma toxunmağa cürəti çatmaz”
İdman 13:36 / 07.01.2025

Dünya futbolununu əfsanələrindən biri olan isveçli Zlatan İbrahimoviçin həyatı haqqında yazılan "Mən Zlatanam” kitabı 2011-ci ildə işıq üzü görüb. Avtobioqrafik memuarın müəllifi tanınmış isveçli yazıçı David Laqerkrantsdır. 332 səhifədən ibarət kitabda futbolçu haqqında müxtəlif məlumatlar yer alıb. 2017-ci ildə bestsellerə çevrilən kitabdakı maraqlı xatirələri "Olimpiya dünyası” olaraq çoxsaylı oxucularımıza təqdim edirik.
Kitabın növbəti memuarında Zlatan uşaqlıq illərindən, çətin və qayğılı günlərindən danışıb. Bu xatirələrdən sonra oxucu üçün onun çətin xarakterə malik olmasının səbəbləri üzə çıxır.

Kiçik olanda mənə BMX velosipedi hədiyyə etmişdilər. Adını da "Fido Dido” qoymuşdular. Bilirsiniz "Fido Dido” kimdir? Vecsiz, saçı göyə uzanan yaramaz cizgi film qəhrəmanı. Qardaşımın bu hədiyyəsi olduqca gözəl idi. Lakin velosipedimi çox az gördüm. İmkan vermədilər ki, ondan həzz alım. "Fido Dido”mu Rusenqarddakı hamamın yaxınlığında oğurladılar. Donub qalmışdım, udquna bilmirdim. Bu hadisə atama (Şefik İbrahimoviç -red) da pis təsir etmişdi. Həmin ərazidə axtarış versə də, bir səmərə vermədi. O, köynəyinin qollarını çırmalayıb, uca səslə qışqırdı: "Heç kimin övladlarıma toxunmağa cürəti çatmaz! Heç kim onların əşyalarını oğurlamağa cəsarət etməz! Əgər cəsarəti olan varsa, çıxsın meydana. Desin ki, mənəm cürətli, oğlunun velosipedini mən götürmüşəm və vermirəm. Var belə özünə güvənən?”
Ətrafda sükut hökm sürürdü. Onun kimi sərt adam heç nə edə bilməzdi. Onsuzda "Fido Dido” getmişdi. Mən məhv olmuşdum. Daxilən o qədər acıqlı idim ki, gözümə heç nə görünmürdü. Tezliklə mənim velosipedim olmalı idi. Kiminsə doğma velosipedini götürməli idim. Bilirsiniz də, əksər yerlərdə velosipedləri qapılarda kilidlə saxlayırdılar. Mənim ilk işim kilidi necə kəsmək idi. Bu işi böyük dəmirkəsən qayçı ilə həyata keçirməliydim. Fürsət düşəndə qalın zəncir görən kimi kəsib, əlimi öyrəşdirirdim. Hazır idim, hətta hansı velosipeddən başlayacağımı da dəqiqləşdirmişdim. Budur, hərəkətə keçmək vaxtı idi. Bam, bam, bam! Bəli, velosiped artıq mənimdir. Təbrik edin məni, artıq velosiped oğrusu olmuşdum. Bu, mənim ilk "işim” idi. Yəqin ki, məni günahkar tutmamaq olardı. Hə? Olardı, amma ilk və son "işim” kimi qalsaydı. Bu cür oğurluq mənə zövq vermişdi. Daha bir dəfə sınamaq həvəsi ilə alışıb, yanırdım. Velosipedi adrenalinlə oğurlamaq uşaq düşüncələrimə ahəng verirdi. Bir gün mən tamamilə qara geyindim. Gecənin qaranlığında "Rembo”ya oxşayırdım. Diqqət, hər şey hazırdır! Budur, nəhəng dəmir qayçısı ilə özümə hərbi velosiped hədiyyə etdim. Etiraf edim ki, bu velosiped daha gözəl idi. Həmin vaxt çox dəcəl bir ünsürə çevrilmişdim. Qaranlıqda velosiped sürmək bir başqa aləm idi. Hətta cibimə bir neçə yumurta qoyub, pəncərələrə atırdım. Heç kim də sübut edə bilmirdi ki, bunu mən etmişəm.
Mən yaramaz olduğumu artıq hiss etmişdim. "Wessels” univermağında başıma xoşagəlməz bir hadisə gəlmişdi. Əslində, bunun xoşagələn olduğunu hamı kimi mən də təsdiq edə bilmirəm.
Dostumla yayın ortasında böyük ölçülü qış gödəkçələri geyindik. Bu gödəkçələrin altında dörd stolüstü tennis raketi və xırda-para zir-zibillər var idi.
Univermağın mühafizəçisi dərhal bizi tutdu:
- "Yaxşı, uşaqlar bunun pulunu verməlisiniz?”
- "Bunlarla?” - cibimdən bir neçə qəpik çıxartdım.
Götürdüklərimizi çıxarıb, kassaya təhvil verdik. Görünür, çox böyük təcrübəsizlik etmişdik.

"İçimdə bir vulkan oyanmaq üçün təkan gözləyirdi”

Mən zəif uşaq idim. Burnumun böyüklüyü isə açıq-aşkar uzaqdan hiss olunurdu. Hətta dilim də mənim üçün lazımi işi görmürdü. Mənim üçün loqoped tapmışdılar. "S” hərfində olan bütün sözlər mənə əzab verirdi. Lakin nəyin bahasına olursa-olsun normal danışmalı idim. Loqoped xanım mənimlə məktəbdə məşğul olurdu. Məktəbi isə görmək istəmirdim. Komplekslərim məni rahat buraxmırdı. İçimdə bir vulkan oyanmaq üçün təkan gözləyirdi. Daim qaçmaq istəyirdim. Düşünürdüm ki, nə qədər sürətli qaçsam, problemlər məni təqib etməyəcək.
Biz Malmö şəhərində, Rusenqardda yaşayırdıq. Burada somalililər, türklər, yuqoslavlar, polyaklar və digər millətlərdən olan mühacirlər, təbii ki, isveçlilər əksəriyyət təşkil edirdilər. Hamı özünü birtəhər aparırdı. Lakin özlərini sıxıb, saxlayırdılar. Xırda bir səhvə görə onları oradan yola sala bilərdilər. Biz Kronmans Road məntəqəsində yaşayış binasının (indi həmin binanın tinində Zlatanın böyük bir gülərüz şəkili yer alıb - A.Ə) dördüncü mərtəbəsində məskunlaşmışdıq.
Orada o qədər də mehriban bir mühit yox idi. Biz binaya köçəndə heç kim soruşmadı ki, - "Necəsən, ay balaca Zlatan?”
Dərslərimlə bağlı çətinlik çəkirdim. Ev tapşırıqlarının həllində böyüklərdən heç biri kömək etmirdi. Mən tək idim. Şikayət edəcək heç kim də yox idi. Çətinliklərimi dişlərimi sıxmaqla büruzə verirdim. Uşaq vaxtında başıma gəlməyən "macəra” qalmayıb. Bir dəfə uşaq bağçasında damdan yıxıldım. Bərk əzilmişdim, gözümün altı isə qapqara idi. Canımı dişimə tutub, ağlayaraq evə qaçdım. Bir nəfər yolda məni saxlayıb, soruşmadı ki, sənə nə olub? Belə bir anda xırda bir nəvaziş mənimçün hər şeyə dəyərdi. Evdəkilərdən başıma sığal çəkib, heç olmasa bir-iki xoş söz demələrini istəyirdim. İçəri daxil olanda anamla (Yurka Qraviç) üzləşdim. Düşündüm məni bağrına basıb, məyus olacaq. Əvəzində mənim üzümə sillə vurdu.
- Damda nə edirdin? Lənət olsun axmaq uşaq, buna bax, damlara dırmaşır.
Şoka düşdüm, yenə qaçıb, gözdən itdim. Anamın təsəlli verməyə vaxtı yox idi. O, xadimə işləyib, yaşamaq üçün əsl mübarizə aparırdı. Gözünə başqa heç nə görünmürdü.
Bizim evdəki isveçli ailələrdən fərqli olaraq, söhbətləri normal adlandırmaq olmazdı. "Əzizim, mənə kərə yağı verə bilərsən?” - kimi bir şey eşitmək qeyri-mümkün idi.
Əvəzində - "Budur, südünü al, axmaq!” - sözləri normal qəbul edilirdi. Borclara görə qapımız dayanmadan döyülürdü, anam isə ağlayır, yenə ağlayırdı. Qapıya gələnlər isə amansız idilər. Hər dəfə anam vaxt qoyub, borcu qaytaracağını deyəndə onlar qansız bir varlıq kimi çıxıb, gedirdilər. Anamı belə görmək heç cür xoş ola bilməzdi. İlk baxışdan düşünürsünüz ki, anam əzazil bir qadın olub? Əsla. Mən onu sevirəm. Onun çətin həyatı var idi. O, gün ərzində on dörd saat təmizlik edirdi. Bəzən biz də onun arxasınca zibil qutularını və buna bənzər əşyaları boşaltmağa kömək edirdik. Bizə də pul verirdilər. Həmin pulu şəxsən mən anama verirdim ki, gözündə yaş və kədər olmasın. Yenə də təşəkkür əvəzinə döyülürdük. O, bizi taxta qaşıqlarla vururdu. Bəzən onlar qırılırdı, gedib təzəsini alırdı.
Söhbət zamanı bir hadisə də yadıma düşdü. Evin damına çıxıb, uşaqların başına bir kərpic atmışdım. Həmin kərpic bağçaya düşmək əvəzinə, dönüb qonşulardan birinin pəncərəsini sındırmışdı. Anam bunu biləndə təşvişə düşmüşdü. Həmin pəncərənin şüşəsini almaq lazım idi. Onun üçün pulla başa gələn hər şey əsəbə çevrilirdi. O, buna görə də məni qaşıqla bərk vurdu. Yenə qaşıq sındı. İndidə o ağrını və qaşığın yerini hiss edirəm. Artıq evdə qaşıq qalmamışdı. Amma mən qaçıb bu barədə Sanelaya danışdım. Sanela mənim yeganə və əziz bacımdır. O, məndən iki yaş böyükdür. Sanela diribaş idi. Özümü lənətləyirdim. Anamdan xəbərsiz, bacımla birlikdə mağazaya getdik. Onun topladığı pulla həmin qaşıqlardan aldıq. Qaşıqların ən ucuzunu seçib, anama Milad hədiyyəsi kimi təqdim etdik. O, bizim aldığımız hədiyyəyə baxdı və üzünü çevirib getdi. Məncə bu jestimiz ona maraqlı gəlməmişdi. Onun heyrətlənməyə və sevinməyə vaxtı yox idi.
Masanın üstündə mütləq yemək olmalı idi. Anam bütün gücünü buna həsr edirdi. Evdə külfət idik. Məndən başqa ögey bacılarım da süfrədə yemək gözləyirdilər. Halbuki onlar sonradan ailəni tərk edib, harasa yoxa çıxdılar. Heç əlaqələrimiz də qalmadı. Yemək üçün gözünü döyənlər arasında kiçik qardaşım Aleksandr da var idi. Biz onu "Keki” deyə çağırırdıq. Hər gün bu qədər adam üçün süfrə açmaq çox çətin məsələ idi. Anamın nə qədər çətinlik çəkdiyini anlamaq isə mümkün deyildi. Süfrəmizdə əriştə və ketçup tandemi dəyişməz menyu olaraq qalırdı. Hərdən elə olurdu ki, ailə dostlarının evində, xüsusilə də Henaif xalanın süfrəsində yemək menyumuz dəyişirdi. Henaif xalanı çox istəyirdim. Təkcə yeməyə görə deyil, onun qayğıkeşliyini heç vaxt unutmaq olmaz. Yeri gəlmişkən o, bizdən əvvəl İsveçə köçmüşdü.
Valideynlərim ayrılanda iki yaşım olardı. Bu barədə heç nə xatırlamıram. Bəlkə də bu yaxşı bir şeydir. Belə bir kədəri gözlə görüb, ruhunla hiss etməməlisən. Deyilənlərə görə bu izdivacın təməli güclü olmayıb. Valideynlərimin mübahisələri səngimək bilməyib. Atam İsveçdə yaşayış icazəsi alsın deyə, anamla rəsmi nikaha daxil olub. Onlar ayrıldıqdan sonra biz anamızla qalırdıq. Amma atam üçün hər zaman darıxırdım. O, adi bir insan deyildi. Həyata əyləncə tərəfdən yanaşırdı. Buna görə onun yanında olmaqdan məmnun idim. Məhkəmə qərarlarına əsasən biz onu yalnız hər həftə sonu görə bilərdik. Günləri sayırdıq ki, həftə sonu gəlib, tez çatsın. Deyilən vaxtda atam adətən köhnə mavi "Opel Cadet”lə gəlirdi. Bizi götürüb ya Pildam parkına, ya da ki, Limhamn adasına aparırdı. Gəzinti zamanı ağzımızın dadı da dəyişirdi. Bizə hamburger və yumşaq dondurma alırdı. Bir dəfə elə oldu ki, onun səxavət kisəsi dərhal bağlanmadı.
Deyəsən, yaxşı qazancı olmuşdu. Əslində, onu varlı saymaq olardı. Qərara gəldi ki, hər birimizə bir cüt "Nike Air Max” idman ayaqqabısı alsın. İdman ayaqqabısı çox bahalı idi, təxminən min krondan çox qiyməti var idi. Mənə yaşıl, Sanelaya isə çəhrayı rəngi seçmişdi.
Bizə elə gəlirdi ki, bəlkə də bütün Rusenqardda bizdən başqa belə ayaqqabısı olan yox idi. Özümüzü möhtəşəm hiss edirdik. Atamla hər şey çox yaxşı idi. O da bizə kömək edirdi, pitsa və kola üçün pul da verirdi.

"Çalış ki, məqsədinə çatana qədər mübarizə aparasan”

Atamın ikinci həyat yoldaşı da var idi. Bu cütlükdən Sapko adlı bir oğlan dünyaya gəlmişdi. Lakin atamızın bizə qarşı sevgisi azalmamışdı. Atam yaxşı qazanc sahibi idi. Onun özü də bizim kimi həftə sonunu gözləyirdi.
Həyətə düşəndə, meydançaya gedirdik. Sanela əla qaçırdı. Üstəlik təzə ayaqqabı ilə onu dayandırmaq olmurdu. Atamın təyin etdiyi yerdə Sanela qaçış məsafəsini mükəmməl yerinə yetirirdi. Bunu görən atam tovuz quşu kimi qürrələnirdi.
Onu daim məşq etməyə məcbur edib - "Əla, Sanela, amma daha yaxşısını da edə bilərsən. Çalış ki, məqsədinə çatana qədər mübarizə aparasan, - deyirdi. Mən isə maşının açıq pəncərəsindən bunu eşidirdim. Atam bunu indidə də təsdiqləyə bilər.
1990-cı ilin payızı idi. Mənə heç nə demirdilər. Evdə adəti üzrə qarışıqlıq var idi. Mən bilirdim ki, bildiklərimin bir gün səsi çıxacaq. Ögey bacılarımdan biri yaxşı işlərlə məşğul olmurdu. Axmaq bir vərdişə tutulmuşdu. Onun ətrafında həmişə xaos hökm sürürdü. Tez-tez evə zənglər gəlirdi. Qorxurdum ki, ona bir şey olacaq. Bir gün polislər evə girib, anamı özləri ilə apardılar. Dedilər ki, o evdə başqasına məxsus olan oğurlanmış qızıl-zinət əşyalarını gizlətdiyinə görə həbs edilib. Anamın təqsiri yox idi. Hər şey axmaq qıza görə olmuşdu. Sanelaya bu pis təsir etmişdi. Mən isə qaçıb həyətdə oturmuşdum. Bəzi uşaqlardan fərqli olaraq ağlamağın nə olduğunu təsəvvür etmirdim. Tezliklə hər şey öz həllini tapdı. Buna görə təqsirsiz olan anamı evə buraxdılar. Kimin təqsirkar olduğunu və kimin tutulduğunu isə yadıma salmaq belə istəmirəm. Bu mövzuda danışdıqlarım həyatımda baş verən hadisələrin az bir hissəsidir. Baş verənlərin heç birini özümlə birlikdə bu yaşıma qədər gətirib, çıxarmadım. Onlar acı keçmişimlə birlikdə silinib, getməyə layiqdir.
Futbol mövzusundan görün nə qədər uzaqlaşdıq. Mən futbolçuyam. İlk qığılcımlardan danışım. Demirəm ki, ilk vaxtlarımda yaxşı oynayırdım. Lakin topu məndən almaq olmurdu. Kimsə bu şərəfə nail olanda, onunla dava edirdim. Məni qınamaq olmaz. Uşaq yaşlarımdan aqressiyanın mərkəzində böyüyən bir uşaq istənilən halda belə təsir bağışlamalı idi. Həyətdə, məktəbin içərisində hər zaman topla hərəkət edirdim. Top mənim uşaqlığımın şahididir. Sanela və Keki də bunu yaxşı bilirlər. Yeri gəlmişkən Sanela üçüncü, mən isə beşinci sinifdə oxuyanda heç kim bizi dərslərə görə fərqləndirə bilmirdi. Hər ikimiz çalışqan olmuşduq.
Sanela elə bil lap tez böyümüşdü. O, Kekiyə ikinci ana olmuşdu.
1990-cı ilin noyabrında atamın sosial xidmətlərə ünvanladığı müraciət üzrə araşdırmalar başa çatdı. Atam mənim və Sanelanın qəyyumluğunun sahibi oldu. Qərara alındı ki, anamla yaşadığımız yer bizim üçün yararsızdır. Burada anamın heç bir təqsiri yox idi. Qərar isə verilmişdi. Anam buna görə çox sarsıldı. Bizi itirirdi. Bu, bir fəlakət idi. O dayanmadan qışqırırdı. Mən yenə də deyirəm, bəli, o bizi qaşıqla vururdu, bəzən döyürdü, bizə soyuq yanaşırdı. Amma bizi sevirdi. Necə ki, biz onu sevirdik. Atam da pis olmuşdu. Qərar veriləndə həyat yoldaşına yaxınlaşıb, demişdi:
- Yurka, mən istəmirəm sən onları itirəsən. Amma onların gələcəyi var. Nəzərə al.

Hazırladı:
Anar Əhmədov


438 oxunub

InvestAZ