XƏBƏR LENTİ
09 Yanvar 2025
08 Yanvar 2025
07 Yanvar 2025
06 Yanvar 2025
05 Yanvar 2025
04 Yanvar 2025
02 Yanvar 2025



Olimpiya ilində Azərbaycan idmanında yadda qalan hadisələr
İdman 10:57 / 07.01.2025
Yola saldığımız 2024-cü il Azərbaycanda digər istiqamətlərlə yanaşı, idman sahəsində də möhtəşəm uğurlarla tarixə yazıldı. Belə ki, Olimpiya ilində Azərbaycan dünyanın ən mötəbər idman yarışlarına ev sahibliyi etməklə yanaşı, Paris-2024 XXXIII Yay Olimpiya və XVII Yay Paralimpiya Oyunlarında böyük uğurlar qazanaraq, idman ölkəsi olduğunu bir daha dünyaya sübut etdi.
İdmançılarımız Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında, həmçinin digər beynəlxalq turnirlərdə ümumilikdə 1718 medal qazandılar. Bu isə Azərbaycan idmanı tarixində yeni rekorddur. Mükafatların 666-sı qızıl, 465-i gümüş, 587-si bürünc medaldır. Olimpiya idman növlərində 827, qeyri-Olimpiya növlərində 854, paralimpiya idman növlərində isə 37 medal əldə edildi. İl ərzində Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan idmançılarının 266 beynəlxalq yarışda və 103 təlim-məşq toplanışında iştirakı təmin olundu.


Parisdə qazanılan möhtəşəm tarixi zəfər

Sözsüz ki, 2024-cü ilin ölkəmiz üçün əsas idman uğurundan danışarkən Fransanın paytaxtı Paris şəhərinin tarixdə üçüncü dəfə ev sahibliyi etdiyi Yay Olimpiya Oyunlarını qeyd etmək olar. Azərbaycan komandası cari ilin iyul-avqust aylarında təşkil olunan dördilliyin zirvə yarışında 48 idmançı ilə təmsil olundu. Yığmamız Olimpiya Oyunlarındakı 8-ci cəhdində 15 idman növü üzrə 17 proqramda çıxış etdi. Paris-2024 Yay Olimpiya Oyunlarını 2 qızıl, 2 gümüş, 3 bürünc medalla başa vuran komandamız medalların əyarına görə Xorvatiya ilə birlikdə 30-31-ci, sayına görə isə 33-cü yerləri bölüşdü. Komandamız Avropa ölkələri arasında 19-cu, MDB ölkələri arasında 4-cü, müsəlman ölkələri arasında isə üçüncü yeri tutdu. Azərbaycan komandasına qızıl medalları cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qazandırdı. Taekvondoçu Qaşim Maqomedov (58 kq) və boksçu Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) isə bürünc medallara sahib çıxdılar. Bununla da Azərbaycan komandasının müstəqillik əldə etdikdən sonra Olimpiya Oyunlarında qazandığı medallarının sayı 56-ya (9 qızıl, 16 gümüş, 31 bürünc) çatdı.
Bundan əlavə, bədii gimnastika üzrə qrup hərəkətləri komandamız olimpiadalar tarixində ən yaxşı göstəricisinə imza atdı. Təsnifat mərhələsində 8-ci yeri tutaraq finala vəsiqə əldə edən Zeynəb Hümmətova, Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova və Yelizaveta Luzanın təmsil etdiyi qrup hərəkətləri komandamız final mərhələsini beşinci pillədə başa vurdu. 3x3 basketbol üzrə millimiz isə ilk dəfə iştirak etdiyi dörd illiyin zirvə yarışında qrup mərhələsini adlaya bilməsə də, ABŞ millisinə 20:17, Çinə isə 21:19 hesabı ilə qalib gələrək çoxlarını təəccübləndirdi. Komandamız yekunda Olimpiya Oyunlarında yeddinci yeri tutdu. Bundan başqa Paris-2024-də iştirak edən yunan-Roma güləşçilərimizdən Sabah Şəriəti (130 kq) və Sənan Süleymanov (77 kq) beşinci, atletika növünün çəkicatma yarışlarında mübarizə aparan Anna Skidan isə yeddinci yerə sahib çıxdı.
Azərbaycan idmançıları ötən il Paris-2024 Yay Paralimpiya Oyunlarında da uğurlu çıxışla yadda qaldılar. Oyunlarda 7 idman növü üzrə 18 idmançı ilə təmsil olunan Azərbaycan komandası 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla ümumilikdə 11 medal qazandı. Azərbaycan bu nəticə ilə medal sıralamasında 169 ölkə arasında 28-ci yeri tutdu. Təmsilçilərimizdən İmaməddin Xəlilov (parataekvondo, 70 kq, K44), Səid Nəcəfzadə (T12 kateqoriyası), Orxan Aslanov (T13 kateqoriyası, hər ikisi uzunluğa tullanma) qızıl, Lamiyə Vəliyeva qızıl (100 metr məsafəyə qaçış) və gümüş (400 metr məsafəyə qaçış), Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və 2 bürünc (100 metr məsafəyə sərbəst və baterflay), Sabir Zeynalov (parataekvondo, 58 kq), Vəli İsrafilov (100 metr, brass), İlham Zəkiyev (paracüdo, +90 kq) bürünc medala sahib çıxdı.
Paralimpiyaçılarımız atletikada 3 qızıl və 1 gümüş, üzgüçülükdə 1 gümüş və 3 bürünc, cüdoda 1 bürünc, taekvondoda isə 1 qızıl və 1 bürünc medala layiq görüldülər.
Əlbəttə, bütün bu uğurların Fransada, yerli azarkeşlərin gözü qarşısında əldə olunması xüsusi önəm danışıyır. Təmsilçilərimiz Parisdə tarixi nəticəyə imza atmaqla bədxahlara gözdağı verdilər. Onlar parlaq qələbələri ilə yerli publikanı Dövlət Himnimizi ayaqüstə dinləməsinə məcbur etdilər.


Mötəbər yarışların layiqli məkanı


2024-cü ildə Azərbaycan bir neçə nüfuzlu beynəlxalq yarışların məkanına çevrildi. Respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə 305 ölkə miqyaslı, 79 beynəlxalq turnir təşkil olundu. Belə ki, Bakıda çövkən üzrə dünya çempionatı, "TeamGym” üzrə Avropa çempionatı, bədii gimnastika üzrə Avropa Kuboku, cüdo üzrə "Böyük Dəbilqə”, güləş üzrə Avropa Olimpiya Təsnifat turniri, Formula 1 üzrə Azərbaycan Qran-prisi, atıcılıq üzrə ISSF Dünya Kuboku, "Baku Open 2024” beynəlxalq şahmat festivalı, boks üzrə "Böyük İpək Yolu” beynəlxalq turniri, padel tennisi üzrə "Sea Breeze Cup”, Füzuli və Mingəçevir şəhərlərində Beynəlxalq Avarçəkmə Reqatası, Mingəçevirdə ümummilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş avarçəkmə üzrə "Prezident Kuboku-2024” beynəlxalq turniri, 2024-cü ilin "İdman Paytaxtı” Qubada "Ulduz cup” beynəlxalq futbol turniri, Göygöldə cüdo üzrə kadetlər arasında Avropa Kuboku, nəhayət, Şuşa şəhərində "Vüqar Həşimov Memorialı 2024” beynəlxalq şahmat turniri keçirildi. Xankəndi şəhərində isə Xankəndi - Bakı ultramarafonu təşkil olundu. Bundan başqa ilin sonunda Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatının təşkil olunması da ilin mühüm idman hadisələrindən biri kimi yadda qaldı.
Ötən il idmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransı (COP9) Bürosunun 1-ci rəsmi görüşü də paytaxtımızda təşkil edildi. Beynəlxalq Xizək Alpinizmi Federasiyasının 17-ci Plenar Assambleyası, COP29-la əlaqədar Bakıda "Təmiz suda avar çək!” yürüşü, Beynəlxalq Çövkən Federasiyasının ilk Baş Assambleyası, Beynəlxalq Çövkən Federasiyasının növbədənkənar 2-ci Baş Assambleyası, Çövkən üzrə beynəlxalq seminar, Avropa Cüdo Birliyinin (EJU) Tibb Komissiyasının Beynəlxalq Tibbi Seminarı da ölkəmizdə uğurla təşkil edildi. Bundan başqa 2026-cı il dünyanın "İdman Paytaxtı”na namizədliklə bağlı Bakı şəhərində təqdimat oldu və sevindirici haldır ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının qərarı ilə Bakı şəhəri 2026-cı il üçün dünyanın "İdman Paytaxtı” seçildi.
Ötən il Azərbaycan ağırlıqqaldırma idmanı tarixində də ilkə imza atıldı. Dekabrın 4-də Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) Bəhreyndə keçirilmiş növbəti konqresində, Azərbaycanda Avropa Ağırlıqqaldırma Akademiyasının qurulmasına namizədlik təqdimatı böyük maraqla qarşılandı. Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Calud və digər rəsmilər Azərbaycanda idmana göstərilən diqqəti xüsusi fərqləndirdi və Akademiyanın fəaliyyətində uğurlar arzuladı.
Azərbaycanın yüksək təşkilatçılıq bacarığı hələ 2015-ci il birinci Avropa Oyunlarına ev sahibliyi etdiyi zaman dünya ictimaiyyəti tərəfindən qəbul olunmuşdu. Bakı-2015-in Olimpiya Oyunları səviyyəsində keçirilməsi beynəlxalq qurumların da diqqətindən yayınmamışdı. Ötən il də beynəlxalq yarışlara uğurla ev sahibliyi edən ölkəmiz dünya idman təşkilatlarının etimadını bir daha doğrultdu. Təbii ki, ölkəmizin idman sahəsindəki uğurları davam etməkdədir. Belə ki, bu il ölkəmiz III MDB Oyunlarına ev sahibliyi edəcək. Bu mötəbər yarış Gəncə başda olmaqla, Azərbaycanın 14 şəhərində keçiriləcək. Ümumiyyətlə, isə III MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Bundan başqa ölkəmiz 2025-ci ildə Formula-1 üzrə Azərbaycan Qran-Prisinə, Xizək alpinizmi üzrə Dünya Kubokuna, fiqurlu konkisürmə üzrə yeniyetmələr arasında Qran-Pri yarışlarına, 3x3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələ oyunlarına, minifutbol üzrə dünya çempionatına və bir sıra mötəbər idman yarışlarına ev sahibliyi edəcək. Ölkəmizin bu turnirlərə də uğurla ev sahibliyi edəcəyi heç kimdə şübhə doğurmur.


Komanda idman növlərində əldə olunan nailiyyətlər

Azərbaycan futbolunun yükünü çiyinlərində daşıyan "Qarabağ” klubu UEFA Avropa Liqasının 1/8 finalına vəsiqə qazanmaqla yeni uğura imza atdı. Qurban Qurbanovun baş məşqçisi olduğu komandamız UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa” klubuna qalib gələrək, tarixində ilk dəfə turnirin 1/8 finalına vəsiqə əldə etdi. Nəticədə Ağdam təmsilçisi Avropanın daha bir samballı komandasını - "Bayer Leverkuzen”i Azərbaycana gətirdi. 2024-cü ildə Çempionlar Liqasının pley-offunda mübarizəni dayandıran "köhlən atlar” hazırda Avropa Liqasının Liqa mərhələsində çıxış edir.
Minifutbol yarışlarında ölkəmizi təmsil edən "Birbaşa Bakı” komandasının Polşada keçirilən UEFA Çempionlar Liqasının qalibi olması da ilin mühüm idman hadisələrindən biridir.
Bundan başqa "Azərreyl” klubunun həm kişilər, həm də qadınlar arasında Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə Avropa Kubokunda qızıl medal qazanması da 2024-cü ildə komanda yarışlarında əldə etdiyimiz əsas uğurlardandır.


İdmançılarımız uğurları ilə ümidləri doğrultdular

Ölkəmiz Tatarıstanın paytaxtı Kazan şəhərində "BRICS Sports Games” beynəlxalq multi-idman oyunları, Saxa Respublikasının Yakutsk şəhərində "Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunları, Bəhreyndə Beynəlxalq Gimnaziada İdman Oyunları, Moskvada I dünya korporativ oyunları, Qazaxıstanda V Dünya Köçəri Oyunları, Macarıstanda tələbələrin Avropa Universitet Oyunları və digər multi-idman yarışlarında uğurla təmsil olundu. Bundan başqa müxtəlif idman növləri üzrə keçirilən dünya və Avropa çempionatları və beynəlxalq yarışlarda da Azərbaycan idmançıları uğurla çıxış edərək adlarını idman tariximizin salnaməsinə qızıl hərflərlə yazdırdılar. Belə ki, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatında Hidayət Heydərov (-73 kq) və Elcan Hacıyev (-90 kq) qızıl, Balabəy Ağayev (60 kq) isə gümüş medala sahib çıxdı. Ötən il həmçinin cüdoçularımız Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) 11 ildən sonra dünya çempionatının qızıl medallarını qazandılar. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən yarışda hər iki idmançımız çempion olaraq Azərbaycana cüdo üzrə dünya çempionatının müvafiq olaraq, ikinci və üçüncü qızıl medallarını gətirdilər.
Pəhləvanlarımız da ili uğurla başa vurublar desək, yanılmarıq. Təmsilçilərimiz ilin əvvəlində Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qitə çempionatında 5 qızıl, 3 gümüş, 8 bürünc medal əldə etdilər. Sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, İslam Bazarqanov (57 kq), Nurəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Turan Bayramov (74 kq), Arseniy Djioyev (86 kq) və Giorgi Meşvildişvili (125 kq) bürünc medala layiq görüldülər. Yunan-Roma güləşçilərindən Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) qızıl, Rəşad Məmmədov (55 kq) və Ülvi Qənizadə (72 kq) gümüş, Beka Kandelaki (130 kq) isə bürünc mükafata sahib oldular. Qadınlar arasında isə Mariya Stadnik (50 kq) tarixi uğura imza ataraq, 10-cu dəfə Avropa çempionu titulunu qazandı. Digər qadın güləşçimiz Alyona Kolesnik (59 kq) qızıl, Elis Manolava (65 kq) isə bürünc medala yiyələndi.
Bundan başqa, yunan-Roma güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-Olimpiya çəki dərəcələri üzrə dünya çempionatını 3 qızıl medalla başa vurması da ilin uğurlu nəticələrindən sayıla bilər. Belə ki, klassiklərimizdən Eldəniz Əzizli (55 kq) dördüncü dəfə dünya çempionu adını qazandı. Komandamıza digər qızıl medalları isə Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) qazandırdı.
Sərbəst güləşçilər Avropa çempionatında komanda hesabında ikinci, yunan-Roma güləşçiləri isə dünya çempionatında birinci, qitə yarışında üçüncü oldu.
Bundan başqa Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında iki boksçumuz Malik Həsənov (63,5 kq) və Alfonso Dominqes (92 kq) bürünc medal qazandılar. Güllə atıcısı Ruslan Lunyov Xorvatiyanın Osiyek şəhərində təşkil olunan Avropa çempionatında 25 metr məsafəyə standart tapançadan atəş açmada bürünc medal əldə etdi. Taekvondoçulardan Qaşım Maqomedov (58 kq) və Cavad Ağayev (74 kq) isə Belqradda qitə çempionatında bürünc medala sahib çıxdılar.
Ağırlıqqaldıranımız Dadaş Dadaşbəylinin (109 kq) Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında 388 kq-ın (176 kq+212 kq) öhdəsindən gələrək, təkanlaqaldırmada və birdənqaldırmada bütün rəqiblərini geridə qoyması da əsas idman uğurlarımızdan biri oldu. 28 yaşlı idmançımız həmçinin ilin sonunda Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında ümumilikdə 404 kq (183 kq +221 kq) nəticə ilə gümüş medal qazandı.
İdman gimnastımız Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Avropa çempionatında halqalarla hərəkətin yekununda gümüş medal qazandı. Akrobatika gimnastikasında isə Ağasif Rəhimov-Raziyə Seyidli qarışıq dueti, Daniel Abbasov-Murad Rəfiyev kişi cütlüyü dünya çempionatında (hər biri 2 qızıl) uğurlu çıxış etdilər. Şahmat üzrə yarışlarda isə zəka sahibimiz Ülviyyə Fətəliyeva Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın ilk qadın şahmatçısı oldu.


İdman infrastrukturu möhkəmləndirildi

2024-cü ildə ölkəmizdə idman infrastrukturunun möhkəmləndirilməsi istiqamətində də bir çox işlər görüldü. Ölkəmizin ikinci ən böyük şəhəri olan Gəncədə Qafqazın ən böyük idman mərkəzi - Gəncə İdman Sarayının açılışı oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə İdman Sarayının açılışında iştirak etdi. Bundan başqa, Prezident İlham Əliyev Gəncə şəhər stadionunun da təməlini qoydu. 2024-cü ildə Ağdam şəhərində "İmarət” stadionunun təməli qoyuldu. Cari ildə həmçinin bir sıra idman zalları da istifadəyə verildi.

"2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur”

Ötən il dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasim keçirildi. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak etdi. Təsadüfi deyil ki, mərasimdə çıxış edən Prezident İlham Əliyev 2024-cü ili nəticə etibarilə uğurlu il adlandırdı.
Dövlət başçısı həmçinin idmana diqqət və qayğının daha da artırılacağını bildirdi: "İlk növbədə, Azərbaycan idmançılarını bu il əldə edilmiş uğurlar münasibətilə təbrik etmək istəyirəm. 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir. Əlbəttə, ilin ən böyük yarışı Yay Olimpiya Oyunları idi və burada da biz tarixi nəticə əldə etmişik. Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə ən yüksək yerə layiq görülmüşdür, komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşmışdır. Bu, ən yüksək nəticədir. Bütövlükdə iki yüzdən çox milli komanda Olimpiya Oyunlarında iştirak edirdi. Onların arasında 30-cu olmaq çox böyük nailiyyətdir. Onu da deməliyəm ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə idi. Nəzərə alsaq ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var, bu da böyük və tarixi nailiyyətdir. Komandamız ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla yeddi medal qazanaraq ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmışdır.
Təbii ki, bu gözəl nəticədən sonra növbəti yarışlarda da idmançılarımızdan qələbələr, uğurlar gözləyirik. İdmançılarımız Azərbaycan xalqını öz qələbələri ilə daim sevindirirlər. Əlbəttə ki, gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək. Çünki Azərbaycan dövlətinin siyasəti bu istiqamətdə çox açıqdır, birmənalıdır və uzun illər ərzində aparılır.
Bizim bundan sonrakı fəaliyyətimiz təbii ki, idmanın inkişafı ilə bağlı olacaq. Çünki bütün lazımi qərarlar verilib, bütün müvafiq strukturlar, federasiyalar, klublar, idman cəmiyyətləri, Olimpiya Komitəsi, nazirlik vahid strategiya əsasında fəaliyyət göstərirlər. Federasiyalarda gücləndirmə işləri aparılmışdır. Ümid edirəm ki, bizim həm ənənəvi medal gətirən idman növlərində, həm də bu günə qədər o qədər də inkişaf etməyən idman növlərində növbəti irəliləyiş olacaqdır. Uzun illər bütün bölgələrdə idmanla məşğul olmaq üçün dövlət öz fəaliyyətini aparıb. Hazırda bizim bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və bu idman komplekslərinin bundan sonra da inşası nəzərdə tutulur, müxtəlif bölgələrdə, o cümlədən Qarabağ bölgəsində”.
Sonra Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançılar və idman mütəxəssisləri mükafatlandırıldı.
Beləliklə, ötən il ölkəmizin idman uğurlarına nəzər salsaq, Azərbaycanın 2024-cü ili də yüksək nailiyyətlərlə başa vurduğunu tam əminliklə deyə bilərik. Bu isə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsinin əyani sübutudur. Azərbaycanın ildən-ilə artan uğurları gələn ilin də ölkəmizin idman həyatı üçün uğurlu olacağını deməyə əsas verir.
Bu il ölkə idmanı üçün yeni sınaqlarla əlamətdar olacaq. Qeyd etdiyimiz kimi, ölkəmizdə bir neçə mötəbər idman yarışları təşkil olunacaq. Bundan başqa idmançılarımız Avropa və dünya çempionatlarında, Şimali Makedoniyanın Skopye şəhərində keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında, Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində təşkil olunacaq VI İslam Həmrəyliyi Oyunlarında və bir sıra mötəbər yarışlarda mübarizə aparacaqlar. İnanırıq ki, Azərbaycan idmançıları 2025-ci ildə də möhtəşəm qələbələri ilə adlarını şanlı idman tariximizə qızıl hərflərlə yazdıracaqlar.

Azər Əlizadə

723 oxunub

InvestAZ