XƏBƏR LENTİ
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024



Güləş məşqçilərinin ümumrespublika seminarı başa çatdı
İdman 13:44 / 11.12.2024

Azərbaycanda güləş məşqçilərinin ümumrespublika seminarına yekun vurulub.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, seminarın sonuncu mərhələsi Bakıda keçirilib.

Sabunçu Gənclər Evində təşkil edilən tədbirdə paytaxtda fəaliyyət göstərən güləş məşqçiləri iştirak ediblər.

Seminarın nəzəri hissəsinin açılışını edən Bakı Gənclər və İdman İdarəsinin sektor müdiri Samir Salehov Azərbaycan Güləş Federasiyası (AGF) və Gənclər və İdman Nazirliyinin (GİN) ortaq təşkilatçılığı ilə bu seminarın ardıcıl 2-ci il keçirildiyini və məşqçi-müəllimlərin inkişafı üçün böyük önəm kəsb etdiyini bildirib. AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev bəzi güləş qaydalarını xatırladıb.

Sərbəst güləş üzrə millinin böyük məşqçisi Cəbrayıl Həsənov klub və cəmiyyətlərdə çalışan mütəxəssislərin bir qisminin idmançılara güləş fəndlərini düzgün çatdırmadığını və bu məsələdə maksimum diqqətli və məlumatlı olmağın vacibliyini qeyd edib. Yunan-Roma güləşi üzrə millinin böyük məşqçisi Rövşən Bayramov isə aktual problemlərdən biri olan yeniyetmə güləşçilərin normadan artıq çəki salmasının fəsadlarına toxunub.

Seminarın praktiki hissəsi AGF-nin təlim-məşq bazasında baş tutub. Milli komandaların məşqçiləri sərbəst və yunan-Roma güləşi üzrə keçirilən nümunəvi məşqdə müxtəlif fəndlərin icrasına yer ayırıb.

Qeyd edək ki, güləş məşqçilərinin ümumrespublika seminarı bu il 13 mərhələdən ibarət olub. Ölkənin bütün regionlarını əhatə edən tədbir Naxçıvan, Şirvan, Quba, Sumqayıt, Mingəçevir, Qəbələ, Qobustan, Qazax, Gəncə, Tərtər, Lənkəran, Sabirabad və Bakıda keçirilib.


904 oxunub

InvestAZ