XƏBƏR LENTİ
28 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Avropa Liqası: "Qarabağ" on nəfərlə tarix yazaraq 1/8 finala vəsiqə qazandı
İdman 00:40 / 23.02.2024
Azərbaycanın "Qarabağ” klubu tarixində ilk dəfə olaraq Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb.  
Qurban Qurbanovun komandası pley-offda Portuqaliyanın "Braqa” klubunu iki oyunun nəticəsinə görə üstələyərək mərhələ adlamağı bacarıb. 
Bir həftə əvvəl Portuqaliyada güclü rəqibinə 4:2 hesablı qələbə qazanan "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionundakı cavab qarşılaşmasında 2:3 hesabı ilə uduzsa da, mərhələni adlamağı bacarıb.
Matçın 57-ci dəqiqəsində "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Bu say üstünlüyündən isə qonaqlar maksimum dərəcədə yararlanıb. Portuqaliya təmsilçisi əvvəlcə matçın 70-ci dəqiqəsində Roje Fernandesin qolu ilə hesabı açıb.  Oyunun 83-cü dəqiqədəsində "Braqa"nın futbolçusu Alvaro Calo fərqlənərək komandasını ümidləndirib -0:2.
Matçın əsas vaxtı bu hesabla başa çatıb. Ümumi hesab 4:4 olduğuna görə qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. 
İlk əlavə olunan 15 dəqiqədə "Qarabağ" komandası qol vuraraq stadiona toplaşan azarkeşləri ayağa qaldırıb. 102-ci dəqiqədə Mateus Silva fərqlənib. 
Lakin 115-ci dəqiqədə Simon Banza komandamızın qapısına təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirməklə "Braqa" üçün yenidən şans yaradıb. 
Buraxılan qola baxmayaraq, "Qarabağ" komandası meydanda sona qədər döyüşərək 120+2 dəqiqədədə oyunun müqəddəratını həll edən qolu vurub. 
Portuqaliyada oyunun son dəqiqələrində təkbətək şansı qaçıran Nəriman Axundzadə Bakıdakı oyunda dəqiq zərbə ilə həm günahını yudu, həm də "Qarabağ"ı növbəti mərhələyə çıxardı. Bu, oyunda vurulan sonuncu qol olub. Beləliklə gərgin mübarizə şəraitində keçən oyununun yekununda komandamız rəqibinə 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gələrək 1/8 finala yüksəldi. 
Bu möhtəşəm zəfərlə "Qarabağ” həm də Azərbaycan futbolu tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub. 
 

3165 oxunub

InvestAZ