Avropa Şurasının (AŞ) "Antidoping Konvensiyası”nın Monitorinq qrupu (T-DO) Parisdə Elm üzrə Konsultativ qrupunun iclasını (T-DO SCI) keçirib.
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətindənverilən məlumata görə, Fransa İdman, Olimpiya və Paralimpiya Oyunları Nazirliyində keçirilən tədbirdə AMADA-nın Elm şöbəsinin müdiri Rüfət Əfəndiyev də iştirak edib.
Görüşün əsas məqsədi antidopinq təşəbbüslərinin təşviqi və təmiz idmanın prinsipləri və dəyərlərinin möhkəmləndirilməsindən ibarət olub.
Tədbirdə həmçinin idmanda dopinqin qəbul edilməsi ilə mübarizənin geniş spektrinə də toxunulub. Müzakirələr Avropa ölkələrində antidopinq laboratoriyalar şəbəkəsinin inkişafı haqqında yenilənmiş məlumatı, elmi tədqiqatların nəticələrinin təqdimatlarını, Ümumdünya Antidopinq Agentliyinin Qadağan olunmuş siyahısının müzakirəsini, gələcək Qadağan edilmiş siyahılara aid fikirləri, beynəlxalq standartların və Məcəllənin icmallarını, eləcə də digər müvafiq məsələlərin və mövzuların nəzərdən keçirilməsini, həmçinin gözlənilən görüşlərin planlaşdırılmasını əhatə edib.
Vurğulanıb ki, təmiz idman təkcə məqsəd deyil, həm də gələcək nəsillər qarşısında öhdəlikdir.
Görüşdə Azərbaycanla yanaşı, 20 ölkəni təmsil edən alimlər iştirak ediblər.