XƏBƏR LENTİ
19 May 2019
18 May 2019
17 May 2019
16 May 2019
15 May 2019
14 May 2019



Çempionlar Liqasının qalibi hansi komanda olacaq?
"Barselona" (40%)
"Yuventus" (26.67%)
"Mançester Siti" (13.33%)
"Mançester Yunayted" (13.33%)
"Liverpul" (0%)
"Ayaks" (6.67%)
"Totenhem" (0%)
"Porto" (0%)
İdman zərif varlıq olan qadını daha da gözəlləşdirir
Mədəniyyət 10:48 / 01.03.2019

Hər bir xalqı, dövləti dünyada tanıdan milli mənəvi dəyərlər var: musiqi, ədəbiyyat, tarix və sair. İdman da bu dəyərlər sırasındadır. Təsadüfi deyildir ki, bu gün beynəlxalq aləmdə müxtəlif sahələrdə fərqlənən ölkələr həm də idmanda öz sözlərini deməyi bacarırlar.
Heç kəsə sirr deyil ki, Azərbaycanda da idmanın və bədən tərbiyəsinin inkişafı dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Əldə edilən nailiyyətlər, mötəbər yarışlara uğurlu ev sahibliyi göstərir ki, ölkəmizdə idman yüksək səviyyədə inkişaf edir. Bu, həm də idmanımızın tarixi ənənəsindən xəbər verir.

Hələ "Kitabi-Dədə Qorqud”, "Koroğlu”dastanında, habelə digər ədəbiyyat nümunələrində igidlərimizin at çapmaları, qılınc oynatmaları ustalıqla təsvir olunub. Həmin əsərlərdə qadın və kişiyə fərq qoyulmur. Qadınlarımız da lazım gəldikcə kişilərlə birgə vuruşur, döyüşlərə gedirlər. II Kirin başını kəsən mərd Tomris, Ağqoyunlu dövlətinin yaranmasında və formalaşmasında böyük xidmətləri olan, ilk diplomat qadınımız Sara xatun və digərləri çoxlarına məlumdur. Onlar dəfələrlə sübut ediblər ki, doğrudan da, aslanın erkəyi dişisi olmaz.
Elə isə bir sual ortaya çıxır. Nə üçün müsir dövrümüzdə qadınların idmanla məşğul olmalarına birmənalı yanaşılmır, hətta buna görə bəzən onlar qınaq obyektinə çevrilir? Axı bizim Zemfira Meftaxetdinova, Zülfiyyə Hüseynova, Kifayət Qasımova, Aynur Sofiyeva, Ramilə Kaştayeva (Yusubova), İlahə Qasımova və başqaları kimi müxtəlif idman növlərində yüksək nəticələr qazanıb, uğurları ilə gənclərimizə örnək olan xanım idmançılarımız var.

Gərək hər zaman
sağlamlığın qayğısına qalasan
Statistikalara fikir versək görərik ki, bu gün ölkəmizdə idmanla məşğul olan qadınlar kişilərə nisbətən dəfələrlə azdır. Bu xoşagəlməz halla bağlı olaraq müxtəlif səbəblər göstərilir. Düşünülür ki, idman qadınları kobudlaşdırır. Hətta idmanın qadın orqanizmi üçün ziyanlı olduğunu da israr edənlər də var. Əsas odur ki, qızlar da idmanla sərbəst məşğul ola bilsinlər. Həvəskar və ya peşəkar şəkildə olmasından asılı olmayaraq bu və ya digər idman növünün sirlərinə yiyələnmək onlar üçün çox lazımlıdır. İdman bədəni gücləndirir, qan-damar sisteminin, ürəyin normal işini təmin edir. İkinci bir tərəfdən asudə vaxtın səmərəli keçirilməsinə şərait yaradır. Hansı idman növü ilə məşğul olmağın o qədər də fərqi yoxdur. Əsas odur ki, həvəs olsun. Döyüş idman növləri ilə məşğul olmaq zərif cins nümayəndələri üçün heç də qorxulu deyil. Əksinə, bu kimi idman növləri artıq çəkidən tez bir zamanda azad olmağa yardım edir, qızlarda özünəinam hissi aşılayır. Beləliklə, onlar nəinki idmanda, digər sahələrdə də daha inamlı addımlar atırlar.
Əksəriyyət düşünür ki, idman bölmələrində məşq etmək zərif cins nümayəndələrini kobudlaşdırır. Qəribədir ki, adətən valideynlər, xüsusilə atalar bu fikri təsdiqləyirlər. Aparılan araşdırmalara görə "kobudlaşma” deyilən hal sadəcə əzələlərin inkişafıdır. Bildiyimiz kimi, hər insan bədəninin müxtəlif nahiyyələrində əzələlər yerləşir. İnsan passiv həyat tərzi keçirəndə, hərəkət etməyəndə, həmin əzələlər də "yatır” və bəzən də inkişafdan qalır. Təsadüfi deyil ki, adətən oğlanlar qızlara nisbətən cüssəli, hündür boy olurlar. Çünki oğlanlar hərəkətə daha çox meyillidirlər. Hələ kiçik yaşlarında qızlar evlərində gəlinciklə oynayanda oğlanlar həyətdə qaçdı-tutdu, gizlənqaç oynayırlar. Bir sözlə idmanla məşğul olan zaman əzələlər inkişaf edir. Bu da zahiri görkəmdə müəyyən fərqlərlə müşahidə olunur. Məsələn çiyin əzələləri böyüdükcə, çiyinlərarası məsafə də enli olur. Bu, qətiyyən kobudlaşma deyil, əksinə, sağlamlığın göstəricisidir. Gərək sağlamlığının qayğısına qalasan. Əks halda ciddi problemlər yarana bilər. Müasir zamanda öz sağlamlığına və bədən quruluşuna biganə qalmayan qadınlar bəzən bodibildinqə (fitnes) böyük maraq göstərirlər. Lakin bu, heç də birmənalı qarşılanmır. Qadın öz incəliyini qorumağı da bacarmalıdır. Belə ki, bodibildinq bədəni bərkidir və həddən artıq əzələli bədəni ona kobud görkəm verir. Kişilərlə müqayisədə qadınların bu növə maraq göstərməsi onların sağlamlığında fəsadlar törədə bilər. Çünki qadınlar üçün ciddi nəticələrə nail olmaq daha çətindir. Qadınların qanında testosteronun səviyyəsi kişilərlə müqayisədə 25 dəfə azdır və bu da əzələlərin müqayisə edilməməsi deməkdir.

Gigiyena normalarına əməl olunması
ən vacib amildir
Müxtəlif dövrlərdə qadınların ideal bədən quruluşu, onların idmana yönəldilməsi barədə təzadlı fikirlər səsləndirilib. Məsələn XIX əsrdə kök və bir qədər güclü qadınların bədən quruluşu ideal hesab edilirdisə, XXI əsrin əvvəlində bu, özünü arıq bədən quruluşu ilə əvəz etməyə başladı. Təbii ki, bu cür bədən quruluşu anadangəlmə olmur: bunun üçün uzun müddət və səylə çalışmaq lazımdır. Qidalanmaya nəzarət etmək, müntəzəm şəkildə idmanla məşğul olmaq vacib şərtdir. Qərb mədəniyyətində qadının idmana cəlbi bu cür təzahür olunur: "Hər şey qadının öz əlindədir”. Avropa mütəxəssisləri belə hesab edirlər ki, qadınlar idmanla məşğul olmaqla həm özlərini kobudlaşdıra, həm də zahiri görkəmlərini gözəlləşdirə bilərlər.
Qərbdə güc tələb edən qadın idmanı hələ ötən əsrin ortalarından tətbiq edilməyə başlayıb. Qadınların bir çoxu bədən quruluşunu müxtəlif idman növləri ilə "nizamlamağa” tənqidi yanaşırlar. Onlar üçün aerobika ilə məşğul olmaq, qaçışa üstünlük vermək, ən cəsarətli idman hesab edilən bodibildinqlə məşğul olmaq orqanizmə zərərdir. Lakin həkimlər əzələləri möhkəmləndirmək üçün böyük çəki ilə işləmək lazım olduğunu vacib bilərək qeyd edirlər ki, həm kişilər, həm də qadınlar eyni məşğələni yerinə yetirə bilərlər. Onların orqanizmlərində gedən kimyəvi proseslər isə fərqlənir. Belə olan halda qadın əzələləri həcminə görə bəzən kişi əzələlərindən geri qalacaq, lakin eyni sağlamlıq mahiyyətini itirməyəcək. Ona görə həkimlər qadınların fitnes və ya ağırlıqqaldırma ilə məşğul olmazdan öncə bunlara riayət etmələrini vacib bilirlər:
- məşqə tələsmədən başlamaq, böyük yüklərdən (alətlərdən) istifadə etməmək;
- bədənin yüklərə necə reaksiya verdiyini hiss etmək;
- məşq edərkən nəyin necə edildiyini yadda saxlamaq;
- ağır məşqlərə girməmək;
- düzgün nəfəs almağı öyrənmək, əsas tapşırıqları mənimsəmək və onları düzgün yerinə yetirməyə çalışmaq;
- məşğələlərə trenajorlardan başlamaq, onların köməyi ilə əsas texnikanı mənimsəmək asan olacaq.
Qorxu ilə ehtiyatlılığı təmin etməyi
eyniləşdirmək
düzgün deyil
Etiraf etmək lazımdır ki, idmanda zədə amili qaçılmazdır. Bəzi qızlar da elə bu səbəbdən təkmübarizlik idman növlərindən uzaq durmağa çalışır, daha təhlükəsiz idman növü hesab edilən gimnastika ilə məşğul olmağa üstünlük verirlər. Zədələrdən qorxmaq lazım deyil. Qorxu ilə ehtiyatlılığı, təhlükəsizliyi təmin etməyi eyniləşdirmək düzgün deyil. Hətta belə bir misal da var ki, qorxan gözə çöp düşər. Məşqdə müəllim nəzarəti altında olan idmançı heç bir ciddi zədə ala bilməz. Ən pis halda əli, ayağı yüngül burxula bilər. Doğrudur ki, idmanda ciddi zədələr də olur. Ancaq bu, artıq peşəkar idmanda, xüsusən isə yarış vaxtı olur. Peşəkar idmanla məşğul olmaq istəyənlər gərək əvvəlcədən bunu nəzərə alsınlar. Lakin vurğulanmalıdır ki, peşəkar idmanla məşğul olmaq şərt deyil. Əsas odur ki, əzələlər inkişaf etsin, qamət düzəlsin, sağlam həyat tərzi formalaşsın. Bəzən görürsən ki, şagirdlər bellərini əyərək gəzirlər. Çünki idmanla məşğul olmurlar. İdmanla məşğul olan, müəyyən hərəkətləri yerinə yetirən uşaq, yeniyetmə və ya gənc heç vaxt belini əyərək gəzməz. Bəzilərinin çəkiləri, boyları yaşları ilə mütənasib olmur. Bu, bir çox hallarda irsən keçsə də, sonradan düzəldilməsi mümkün olur. Bəstəboyluların basketbolla, voleybolla, üzgüçülüklə məşğul olmaları məsləhət görülür. Kök uşaqlar isə gün ərzində mütləq bir neçə saat hərəkətdə olmalıdırlar.

Elə bir idman növü
yoxdur ki, bədən
quruluşuna təsir etməsin
Mütəxəssislər bildirir ki, idmanın insan orqanizminə təsirində qidalanma da mühüm rol oynayır. Məşqə qədər karbohidrat, məşqdən sonra isə zülal qəbul etmək lazımdır. Xüsusilə güc tələb edən olunan idman növlərində bu cür bölgüdən imtina emək orqanizmin normal işinin pozulmasına səbəb ola bilər. Günümüzün reallığı budur ki, gənclər ayaqüstü qidaları sevirlər. Bu isə nəinki hər kəs, o cümlədən də idmançılar üçün olduqca ziyanlıdır.
Müşahidələr göstərir ki, bədən quruluşunu dəyişmək istəməyən qadına rast gəlmək çox çətindir. Əlbəttə ki, söhbət ilk növbədə artıq çəkidən azad olunmaqdan gedir. Bunun üçün isə onlar daha çox trenajor, fitnes və üzgüçülük bölmələrinə üz tuturlar. Adıçəkilən idman növlərinin insan orqanizminə faydalı cəhətləri aşağıdakılardır:
- qısa müddətə artıq çəkidən azad olmaq;
- əzələ kütləsinin lokal yolla təkmilləşdirilməsilə uyğun bədən forması əldə etmək;
- orqanizmdə metabolizm prosesini sürətləndirmək;
- qadın bodibildinqinin fəsadlarından qorunmaq;
- ürək-damar fəaliyyətini tənzimləmək;
- əzələ kütləsini tez bir zamanda formaya salmaq.

Elə bir idman növü yoxdur ki, bədən quruluşuna təsir etməsin. Üzgüçülük də bu qəbildəndir. Üzgüçülük digər idman növlərinə nisbətən qadınlar arasında kütləvilik təşkil etsə də, bu idman növünün bədəni kobudlaşdırdığını düşünərək ondan uzaq duranlar da var. Məsələ ilə bağlı üzgüçülük üzrə IV İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Fatimə Alkərəmova ilə həmsöhbət olduq. O, belə hesab edir ki, üzgüçülük bədəni formaya salmaq üçün ən ideal idman növüdür. "Üzgüçülük bədəndəki bütün əzələləri işlədən yeganə idman növüdürsə, onun hansı qüsurlarından söhbət gedə bilər? Üzgüçülük bədəni kobudlaşdırmır. Əksinə, onu normal formaya salır. Doğrudur ki, üzgüçülüklə məşğul olanların çiyinləri enli olur. Ancaq, bəlkə də, normal bədən quruluşu məhz belə olmalıdır. Əminliklə deyə bilərəm ki, çiyinlərin bir az enli olması heç kəsi kobud, çirkin göstərmir. Bu, həmin insanın idmanla məşğul olmasına işarədir. İdmanla məşğul olanlara isə cəmiyyətdə həmişə rəğbət var. Həm də üzgüçülüyün o qədər faydaları var ki...Bu idman növü bədəni sağlam edir, immuniteti möhkəmləndirir, sinir sistemini yaxşılaşdırır...Məncə, bədən quruluşunun qayğısına qalmaq istəyən hər kəs, xüsusilə qadınlar üzgüçülüklə məşğul olmalıdırlar. Özləri də görəcəklər ki, heç bir mənfi dəyişiklik baş verməyəcək.”
Hazırda dünyada bütün idman növləri sürətlə inkişaf edir. Əlbəttə, həm kişilər, həm də qadınlar istədikləri idman növü ilə sərbəst şəkildə məşğul ola bilərlər. Müasir dövrümüzdə ölkəmizdə az da olsa təkmübarizlik idman növlərinin ilə, o cümlədən güləşin sirlərinə yiyələnən qızlar var. Onlardan biri də Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Şahanə Nəzərovadır. Şahanə hesab edir ki, idmanla məşğul olmaq cəmiyyətə inteqrasiya etməyin bir göstəricisidir. "Ölkəmizdə idman günü-gündən inkişaf edir. Bundan yaxşı nə ola bilər ki? Hər gün yeni klublar, cəmiyyətlər fəaliyyətə başlayır. Gərək yaradılan şəraitdən istifadə edəsən. Həm də evdə nə qədər oturmaq olar ki? Sevinirəm ki, son illər qızlar da idmana həvəs göstərirlər. Hətta ağırlıqqaldırma ilə, boksla, güləşlə məşğul olan qadınların da sayı artıb. Bəlkə də, cəmiyyətin tərəqqisi bunu tələb edir. İdman dostluq, yoldaşlıq deməkdir, sülh carçısıdır. Ona görə də idmanla məşğul olmaq şərtdir. Deyə bilmərəm ki, qızlar hansı idman növü ilə məşğul olsunlar. Seçimi insan özü etməlidir. Ancaq güləşlə də məşğul ola bilərlər. Əgər güləş qızları kobudlaşdırsa idi, heç mən də məşğul olmazdım.”
Göründüyü kimi, idmanla məşğul olmaq cins fərqinə baxmır. Qadın və ya kişi olmasından asılı olmayaraq hər kəs öz sağlamlığının qayğısına qalmalıdır.
Amma gərək yadda saxlayaq ki, qadının etdiyi ağır məşqlər səhvi bağışlamır. Bu da qadında gözəllik yox, kobudluq yaradır ki, bundan da xilas olmaq mümkünsüzdür: bədən öz quruluşunu itirir, orqanizmin inkişafında axsamalar yaranır. Yəni ağır idman qadında "dəmir bədən” formalaşdırır. Öz zəngin mənəviyyatı ilə yanaşı, xarici görünüşü ilə digər qadınlardan hər zaman seçilən Azərbaycan xanımlarına kobudluq yox, elə bu incəlik, zəriflik yaraşır.

Kənan Novruzov

1880 oxunub

InvestAZ