XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Nadir Qasımov: “Həkimlərimizin səyi nəticəsində səhhətim yaxşılaşıb”
İdman 12:28 / 08.06.2020
"Hazırda özümü yaxşı hiss edirəm. Heç bir problemim yoxdur. Üzərimdə əziyyəti olan hər kəsə minnətdarlığımı bildirirəm ki, məni yenidən sağlamlığıma qovuşdurdular”.
Bu sözləri "Olimpiya dünyası” qəzetinə açıqlamasında koronavirusa yoluxan futbol məşqçisi Nadir Qasımov deyib. Hazırda Mərkəzi Neftçilər Xəstəxanasında olan 71 yaşlı mütəxəssis tezliklə evə gedəcəyi günü səbirsizliklə gözləyir.
"Artıq 8 gündür ki, Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alıram. Demək olar ki, həkimlərimizin də səyi nəticəsində səhhətim yaxşılaşıb. Dərmanları hər gün vaxtı-vaxtında qəbul edirəm. Koronavirusun əsas əlamətlərindən olan yüksək hərarət və öskürək demək olar ki, yoxdur. 4 gündür ki, özümü yaxşı hiss edirəm. Həkimlərdən də xahiş etmişəm ki, məni xəstəxanadan evə buraxsınlar. Amma bu barədə hələ ki, dəqiq bir söz demirlər. Mən qanun tərəfdarıyam. Xəstəliyin əlamətlərini özümdə hiss edən kimi, 103-ə zəng etdim və məni buraya gətirdilər. Analiz verdikdən sonra müəyyən olundu ki, koronavirusa yoluxmuşam. Düzdür, burada müalicəmlə əlaqədar nə lazımdırsa, olunur. Şərait yüksək səviyyədəir. Bunu danmaq olmaz. Həkimlərimizdən çox razıyam. Amma düşünürəm ki, artıq yaxşıyam və evə getmək, müalicəmi evdə davam etdirmək lazımdır. Düzünü desəm, burada qalmaqdan bir qədər ehiyat edirəm. Çünki burada koronavirusa yoluxmuş insanlar çoxdur. Onlardan yenidən bu virusun mənə keçəcəyindən narahatam. Həm də belə bir mühitə öyrəşməmişəm. Həmişə sərbəst olmuşam. Amma burada sərbəstlik olmadığı üçün hərəkətlərimiz məhduddur. Düşünürəm ki, xəstəxanadan evə buraxılsam hər şey qaydasına düşəcək. İnanıram ki, bu yaxınlarda evə getməyimə icazə verəcəklər”, - deyə Nadir Qasımov bildirib.
Təcrübəli məşqçi həmçinin AFFA-nın əməkdaşlarının da onunla əlaqə saxladığını, halını soruşduğunu qeyd edib. O, qəzetimiz vasitəsi ilə onunla maraqlanan hər kəsə minnətdarlığını bildirərək, sağlamlıqlarının qeydinə qalmalarını vurğulayıb.
Qeyd edək ki, Nadir Qasımov "Bakı fəhləsi”, "MKT-Araz”, "Avtomobilçi”, "Bakılı”, "Şuşa-Qarabağ” kimi komandalarda işləyib.

21872 oxunub

InvestAZ