XƏBƏR LENTİ
30 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Bakı Texniki Kollecində bədən tərbiyəsi və idman diqqət mərkəzində saxlanılır - FOTO
İdman 16:12 / 16.04.2024

Bu gün bədən tərbiyəsi və idmanın kütləviləşməsində klub və idman cəmiyyətləri qədər orta ixtisas və ali təhsil müəssisələrinin də öz payı var. Belə təhsil ocaqlarından biri də Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecidir.

Bakı Texniki Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 78 saylı 26 iyun 1996-cı il qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 353 saylı 11 iyul 1996-cı il tarixli əmri ilə Bakı Politexnik və Maşınqayırma texnikumlarının birləşdirilməsi nəticəsində yaradılıb. Keçmiş Bakı Politexnik Texnikumu isə əsası 1930-cu ildə qoyulmuş Məişət-Texniki Texnikumun bazası əsasında 1962-ci ildə yaradılıb. Bakı Texniki Kollecinin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki qurumlar Siyahısı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.08.2015-ci il tarixli 280 nömrəli qərarına əsasən dəyişdirilərək, Azərbaycan Texniki Universiteti nəzdində Bakı Texniki Kolleci adlandırılıb.

Azərbaycanda idmana dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğı bu təhsil müəssisəsinin də idman həyatına əhəmiyyətli təsir göstərib. Belə ki, burada tələbələrin və əməkdaşların fiziki sağlamlığı, asudə vaxtlarının səmərəli təşkili istiqamətində məqsədyönlü kompleks tədbirlər həyata keçirilir, müvafiq maddi-texniki baza yaradılır. Kollecin tədris binasında tələbələrin idmanla məşğul olması üçün futbol, voleybol və basketbol meydançaları yaradılıb. Burada həmçinin şahmat, dama və stolüstü tennislə məşğul olmaq üçün idman zalı da fəaliyyət göstərir.

Bəs görəsən, Bakı Texniki Kollecində tələbələrin asudə vaxtları necə keçir? Məşqçi-müəllimlər və idmançı-tələbələr dərsin keyfiyyətindən razıdırlarmı? Kollecin komandaları spartakiadalarda hansı nəticələri əldə edirlər? Bu suallara cavab tapmaq və ümumiyyətlə, kollecin idman həyatı ilə yaxından tanış olmaq məqsədilə elm ocağının idman klubuna üz tutduq.


"Çalışırıq ki, idman və bədən tərbiyəsinin kütləviliyi tələbələr arasında təmin olunsun”

AzTU-nun nəzdində Bakı Texniki Kollecinin direktoru, professor Akif Cahangirov söhbət zamanı qazanılan uğurları yüksək qiymətləndirib. Onun fikrincə, əldə olunan nailiyyətlər uzun illərin nəticəsidir: "Bu günə qədər uğurlarımız çox olub. Əldə olunan nailiyyətlərin arxasında uzun illər və gərgin zəhmət dayanır. Kollecimiz keçirilən idman tədbirlərində hər zaman fəal iştirak edir və yaxşı nəticələr qazanır. Bu nəticələr arasında Respublika spartakiadalarında qazandığımız uğurları xüsusilə qeyd etmək olar. Ümumiyyətlə, əsas məqsədimiz asudə vaxtın daha səmərəli təşkili və tələbələrin idmanla daha yaxından məşğul olmaları üçün yaxşı imkan yaratmaqdır. Çalışırıq ki, keyfiyyətli təhsillə yanaşı, idman və bədən tərbiyəsinin kütləviliyi tələbələr arasında təmin olunsun. Çünki idman və bədən tərbiyəsi ilə məşğul olan hər bir gənc pis vərdişlərdən uzaq olacaq və cəmiyyət üçün sağlam vətəndaş kimi yetişəcək. 44 günlük Vətən Müharibəsi bizə bunu sübut etdi ki, bizim bu gün məhz belə qəhrəman, vətənpərvər və fiziki cəhətdən sağlam gənclərə ehtiyacımız var”.


"Kollecimizin zəngin idman ənənələri var”

Sərbəst güləş üzrə SSRİ idman ustası, Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, kollecin idman müəllimi, "Şimşək” klubunun sədri Aydın Kazımbəyov isə söhbət zamanı ötən illər ərzində qazanılan uğurlar barədə məlumat verib. Onun sözlərinə görə, 2020-ci ildə Akif Cahangirov direktor seçildikdən sonra kollecin idman həyatında xüsusi bir canlanma başlayıb: "Kollecimizin zəngin idman ənənələri var. Son illər bu sahədə xüsusi ilə böyük canlanma hiss olunur. Kollecdə xüsusilə də şahmat, dama və futbol idman növləri daha çox inkişaf edib. Bu gün məhz bu idman növləri üzrə komandalarımız tələbələr arasında keçirilən yarışlarda daha çox fəallıq göstərirlər. Kollecimiz həmçinin ötən illər ərzində bir sıra yarışlar təşkil edib. "Zəfər Kuboku”, "Şuşa İli”nə və Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarışlarımız məhz bu mənada tələbə idmançıların idman həyatında mühüm rol oynayıb.

Ötən ilin may ayında Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu - 2023”də iştirak etdik. Kollecimizin tələbələrindən Rəşad İbişov, Şükran Talıbov və Ağalar Soltanov bu marafonda ikinci yerə sahib çıxdılar.

Bundan başqa həmin ay ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş futbol üzrə yoldaşlıq görüşü təşkil etdik. Bakı Texniki Kollecinin futbol meydançasında keçirilən bu oyunda Xarici Dillər Universitetinin komandası ilə qarşılaşdıq. Oyun komandamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşdı”.

Kollecin tələbə-idmançıları həmçinin ötən il Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası ilə razılaşdırılmış və "Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında keçirilən XV Respublika Spartakiadasında da fəallıqları ilə seçiliblər. Azərbaycan Dövlət Pedaqoji Kollecin idman zalında keçirilən spartakiadada kollecin oğlanlardan ibarət şahmat komandası həm fərdi, həm də komanda hesabında çempion adına layiq görülüb. İdmançılara kubok, diplom və medallar təqdim olunub.

Dama üzrə qızlardan ibarət komanda isə həm fərdi, həm də komanda hesabında üçüncü yerə sahib çıxaraq, bürünc medallara layiq görülüb.

Təhsil ocağının komandası stolüstü tennis yarışlarında da fərqlənib. Belə ki, kollecin qızlardan ibarət stolüstü tennisçiləri ikinci, oğlanlardan ibarət komanda isə üçüncü yerə sahib çıxıb.

Bakı Texniki Kolleci komanda hesabında isə ikinci yerə layiq görülüb. Bu il yanvarın 15-də Azərbaycan Həmkarlar Konfederasiyasının akt zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbirdə Bakı Texniki Kollecinin komandasına ümumkomanda hesabında ikinci yeri tutduğuna görə, kubok, diplom və gümüş medal təqdim olunub. Medalları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev təqdim edib.

Bu uğurların əldə olunmasında kollecin direktoru, professor Akif Cahangirovla yanaşı, müəllim heyətinin də danılmaz əməyi var. Bu müəllimlərin arasında isə klubun sədri, idman müəllimi Aydın Kazımbəyovun, Bədən tərbiyə rəhbəri Səbuhi Əliyevin, Tərbiyə işləri üzrə direktor müavini Mələk Nağıyevanın, Tələbə Həmkarlar İttifaqının sədri Kamran Hümbətovun, baş müəllim Həci Hüseynovun, idman müəllimi Eltun Cəfərquluzadənin adlarını xüsusi qeyd etmək olar.

Aydın Kazımbəyov həmçinin söhbət zamanı kollecin həyətində voleybol meydançasının da tələbələrin ixtiyarına verildiyini qeyd edib: "Voleybol meydançası ilə yanaşı, eyni zamanda idman zalında və meydançada iki ədəd basketbol lövhəsi də quraşdırılıb. Təbii ki, bu da həmin idman növlərinə olan maraqdan irəli gəlir. Kollecin rəhbərliyi tələbələrin idmanla məşğul olması üçün gözəl şərait yaradıb. İnanıram ki, bu meydançaların istifadəyə verilməsi həm voleybol, həm də basketbolun kollecimizdə tələbələr arasında inkişafına təkan verəcək. Biz bunun sayəsində gələcək respublika spartakiadalarında kollecimizin voleybol və basketbol üzrə qaliblərini görəcəyik”.

Aydın Kazımbəyov söhbət zamanı kollecin fəxrləri olan tələbələrdən də danışıb. 44 günlük Vətən müharibəsində kollecin tələbə və məzunlarının qəhrəmanlıqla döyüşdüyünü deyən Aydın Kazımbəyov onların arasında şəhidlik zirvəsinə ucalan və qazi adını alan tələbələrin adlarını da qeyd edib: "Vətən müharibəsində kollecimizin məzunları da var idi. Onlardan şəhid Elvin Abbasov və Elxan Ramazanovun adlarını çəkə bilərəm. İltiyar Mədətzadə, Elnur Əzizov, Murad Paşayev isə qazi adını alıblar. Hazırda təhsilini davam etdirən Rəvan Mirzəyev də bu döyüşlərdə iştirak edib. Murad Paşayev atletika üzrə iştirak etdiyi yarışlardan medallarla qayıdıb. İltiyar Mədətzadə və Elnur Əzizov da atletika ilə məşğul olublar. Onların da tələbələr arasında yarışlarda böyük uğurları var. Torpaqlarımızın bütövlüyu uğrunda ölümün gözünə dik baxan bu oğulların qətiyyəti, məğrurluğu sayəsində illərdir düşmən əsarətində qalan torpaqlarımız azadlığına qovuşdu, suverenliyimiz bərpa olundu. Bu mərd oğullarımız sübut etdilər ki, torpaqlarımızın hər bir qarışı inamla qorunur. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm”.

Bu bir həqiqətdir ki, hər bir təhsil və idman ocağı ilk növbədə öz yetirmələri ilə sayılıb, seçilir. Bakı Texniki Kolleci də bu gün istər təhsildə, istərsə də idman sahəsində əldə etdiyi uğurları ilə seçilir. Kollecdə idmana olan diqqət və qayğı idman sahəsində ilbəil artmaqda olan uğurlar dediklərimizə əyani sübutdur. Bir sözlə, AzTU-nun nəzdində Bakı Texniki Kollecində müşahidələrimizdən belə nəticəyə gəlmək olur ki, kollecin tələbələri arasında idmana kifayət qədər böyük maraq göstərilir. Əldə olunan nəticələr və uğurlar bunu deməyə əsas verir. Kollecin kollektivi qazanılan uğurlara görə sevinir və fərəhlənir. İnanırıq ki, qarşıdakı illərdə də bu elm ocağında titullu idmançılar yetişəcək və üçrəngli bayrağımızı dünya arenalarında qürurla dalğalandıracaqlar.

Azər Əlizadə


1741 oxunub

InvestAZ