XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Beş boksçumuz beynəlxalq turnirin yarımfinalına yüksəldi
İdman 11:01 / 26.03.2024

Bakıda kişi və qadın boksçular arasında "Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 11 ölkənin 121 idmançısının qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha 5 üzvü mərhələ adlayıb.

57 kq-da Şamil Əsgərov növbəti qələbəsini qazanıb. 1/4 finalda Qodir Axtamovla (Özbəkistan) döyüşən boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. Əsgərov yarımfinalda Buzurqmehr İskanovla (Tacikistan) üz-üzə gələcək.

Onun uğurunu Əzrər Bəbirov (60 kq) da təkrarlayıb. Yığma üzvü 1/4 finalda Tukqunbek İmankadirovla (Qırğızıstan) görüşdə 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Bəbirov finala gedən yolda Sayat İlyasovla (Özbəkistan) döyüşəcək.

63,5 kq-da Azərbaycan dueli baş tutub. Tayfur Əliyevlə Cavid Çələbiyevin qarşılaşmasında birinci 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. O, bu raundda rusiyalı İlya Popovla qarşılaşacaq.

Bu çəki dərəcəsində Malik Həsənov da 1/4 final döyüşünü qalib başa vurub. O, iranlı Bağır Faracidən güclü olub – 3:2 (28:29, 30:27, 28:29, 29:28, 29:28). Həsənov yarımfinalda Abdullah Madaminovla (Özbəkistan) üz-üzə gələcək.

80 kq-da Sərxan Budaqov döyüşsüz mərhələ adlayıb. Pakistanlı Kaleem Muhammad görüşə çıxmadığına görə boksçumuz yarımfinalda iştirak hüququ qazanıb. O, bu mərhələdə özbəkistanlı Fazliddin Erkinboyevlə münasibətinə aydınlıq gətirəcək.

5 boksçumuz yarımfinala vəsiqə qazandığından özü üçün ən azı bürünc medalı da təmin edib.

Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarışın üçüncü gününün döyüşləri saat 14:00-da başlayacaq. Turnirdə final görüşləri isə martın 28-də gerçəkləşəcək.



1756 oxunub

InvestAZ