XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Tariel Qasımov: "Təslim olmağı sevmirəm”
Müsahibə 11:45 / 19.12.2018


"Olimpiya dünyası” qəzetinin və "olimpnews.az" saytınınmaraqlı, oxucular tərəfindən sevilən "Sənətçi idman, idmançı sənət haqqında” rubrikasının budəfəki qonaqları xalq artisti, Prezident təqaüdşüsü Tariel Qasımov və yunan-Roma güləşi üzrə Pekin-2008, London-2012 Olimpiadasının gümüş mükafatçısı, dünya və 2 qat Avropa çempionu Rövşən Bayramovdur.


-Tariyel müəllim, həyat səhnədir, ya səhnə elə həyatın özüdür?

- Biz səhnədə obraza giririk, rollar oynayırıq. Oynadığımız personajlar, qəhrəmanlar yaşadığımız həyatdan götürülür. Yəni həyat səhnə, səhnə isə həyatın özüdür.

-İndiyədək 45 filmdə rol almısınız. Arzulayıb oynaya bilmədiyiniz rol varmı?

-Rejissorlar özləri mənə rolları təklif ediblər. Amma həmişə arzum olub ki, komediyada oynayım. Bir dəfə elə oldu ki, Ə.Haqverdiyevin "Məşuqələr” pyesini səhnələşdirməyi mənə həvalə etdilər. Bu, mənim üçün çox gözlənilməz oldu. İlk rejissor işim olduğu üçün Mərahim Fərzəlibəyovdan məsləhət aldım. Beləliklə, öz arzumu özüm həyata keçirməli oldum (gülür). Xalr artisti Səyavuş Aslan tamaşadakı rolumu çox bəyənmiş və başqalarına nümunə göstərmişdi. Əsil aktyor həm komediya, həm də dramda oynamağı bacarmalıdır. Məsələn, rəhmətlik Yaşar Nuriyev kimi. Aktyor güldürmək üçün təlxəklik etməməlidir, obraz yaratmalıdır. Hansı ki, bunu rəhmətlik Ələsgər Məmmədoğlu bacarırdı. Onun üzündə baxanda adamı gülmək tuturdu. Elə "Bəyin oğurlanması” filmindəki rolunu xatırlasaq, kifayət edər.



-Tariel müəllim, necə düşünürsünüz, niyə indi istedadlı aktyorlar az yetişir?

- Bu sualı ictimaiyyət arasında mənə çox verirlər. Bilirsiniz, bizim nəsil Adil İsgəndərov, Yusif Vəliyev, Süleyman Ələsgərov, Hüseynağa Sadıqov, Osman Hacıbəyov, Ələsgər Ələkbərov, Ağadadaş Qurbanov kimi sənətkarlardan bəhrələnib. İndikilər birbaşa auditoriyadan səhnəyə çıxır və tez bir zamanda məhşurlaşmaq istəyirlər. Bu dünya gör-götür dünyasıdır. Yaşlı aktyorları səhnədən uzaqlaşdırmaq olmaz. Biz baxıb öyrənmişik, bizə də baxıb öyrənəcəklər.

-Təslim olmağı sevmirsiniz?

-Təslim olmağı sevmirəm, mübarizlik mənim ruhumdadır. Mən həm də güləşçi olmuşam. Tələbə ikən respublika birinciliyi uğrunda güləş yarışlarında döşəkdə 2 dəfə məni yıxdılar deyə, idmanı həyatımdan birdəfəlik sildim. 3-cu kursdan institutdan çıxıb incəsənətə getdim.

"Ağacan Abiyevlə bir yerdə oxumuşuq”

-Yeri gəlmişkən, aktyor olmaq istədiyiniz halda, idman institutuna niyə qəbul oldunuz?

- Mənim uşaqlıqdan arzum aktyor olmaq idi. Kolxoz sədri işləyən atam çox zəhmli və qaraqabaq insan idi və mənim aktyor olmağımı istəmirdi. 10-cu sinfi qurtarandan sonra mərkəzi komitədə məsul vəzifədə işləyən dayımın xahişi ilə idman institutuna (indiki AzDBTİA-red.) qəbul olundum. O vaxt bu instituta Mirzə Babayevin qardaşı Ənvər Babayev rəhbərlik edirdi. Burdakı bığıburma, qolu zorlu idmançıları görəndə canıma vəlvələ düşdü (gülümsəyir). Millət vəkili Ağacan Abiyevlə bir yerdə oxumuşuq. O həmin vaxt boks üzrə Azərbaycan çempionu idi. Mənsə, arıq, cılız, çəlimsiz bir oğlan idim və güləşə yazılsam da, qandığım bir şey yox idi. Gimnastikadan bizdə Miri müəllim var idi, mən turnikdən sallana bilməyəndə əsəbləşir və deyirdi: "Bura uşaq bağçasıdır, bəyəm, bunu bura kim götürüb?!. O qədər məni bezdirdi ki, axırda Ənvər müəllimin yanına getdim. Ona dərdimi dedim: "Ənvər müəllim, çox xahiş edirəm, mənim incəsənət institutuna keçməyimə köməklik göstərin”. Beləliklə, cəmi bir imtahan verərək teart institutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olundum. Məndə imtahanı Müxlis Canızadə götürmüşdü.

-Belə çıxır ki, həmin Miri müəllim sizin aktyor olmağınızda mühüm rol oynayıb?

- Həyətimizdə Tofiq Abbasov adlı bir nəfər yaşayırdı. Basketbolla məşğul olurdu, tanınmış idmançılardan idi. Bir dəfə Miri müəllim onun yanına gəlmişdi. Tofiq müəllim məni xalq artisti kimi ona təqdim etsə də, hiss etdim ki, məni tanımadı. Ona xatırladanda ki, 1956-57-ci illərdə idmanda oxumuşam və məni bağça usagı kimi tənbeh etməsəydi, indi tanınmış idmançı olacaqdım, gülməkdən üzünü güclə saxladı və qayıtdı ki: "Pis eləmişəm məgər? Belə eləməsəydim indi xalq artisti olmazdın”.





"Məni paxıllardan qoru, sən, Allah”

-Sirr deyilsə, sizi gümrah saxlayan nədir?

- Məni gümrah saxlayan insanlara olan sevgimdir. İçimdə paxıllıq yoxdur, qibtə hissindən uzaq insanam. Paxıl insanlar başqalarına həsəd apararaq için-için özlərini yeyirlər. Bu haqda şeirlərimin birində də yazmışam:

Məni paxıllardan qoru sən, Allah,
Səhnədə yaradım mən şah rolumu.
Aylar məni yorub keçəcək sabah
Ürəkdə çırpınan arzu yolumu.

-Əlimdən ancaq yaxşılıq gəlir, təmənnasız o qədər insan kömək edib əl tutmuşam ki.

-Bir müddət Qazax Dram Teatrında çalışmısınız?

-1997-ci ildə mədəniyyət nazirinin müavini Ədalət Vəliyev mənə dedi ki, Əliqismət Lalayevlə Qazaxa getməlisən. O bizə tapşırdı ki, 4 ildir ki, fəaliyyətsiz qalan teatrın bağlanması barədə akt tərtib edib gətirək. Rayon icra başçısı Əsəd Orucovun yanında olduq. O nə məqsədlə gəldiyimiz biləndə dedi: "Gələcək nəsil deyəcək ki, Qazaxdan yeganə bir aktyorumuz var idi, o da gəlib teatrı bağladı”. Bu söz məni tutdu. Orda qalıb bir il işləyəndən və teatrda işlər qaydasına düşəndən sonra Bakıya qayıtdım. 1999-cü ildə isə ulu öndər Heydər Əliyevin şəxsi tapşırığı ilə Dağıstanın Dərbənd şəhərinə yollandım. Dərbənd teatrının direktoru və bədii rəhbəri kimi 1 il fəaliyyət göstərdim və az müddət ərzində kollektivi formalaşdı, maraqlı tamaşalar səhnəyə qoyuldu.

-Sizi dogma Ağstafada yaşamağa vadar edən səbəb?

- İnsan yaşa dolduqca böyüyüb boy atdığı yurda qayıtmaq istəyir. Necə deyərlər, torpaq adamı çəkir. Rayon mərkəzində ev tikdirmişəm. Kəndimizə anam öləndən demək olar ki, getmirəm. Anam mənim üçün çox əziz idi.



-Bir sıra xarici filmlərdə rol almısınız…

-1969-cu ildə özbəkfilmdən dəvət aldım. Məni 3 seriyalı "Rüstəm və Söhrab” filminə çəkmək istəyirdilər. 2 il orada işlədim. Sonra türkmənfilm və mosfilmdən dəvət etdilər. 1983-cü ildə isə Almaniyaya getdim. Stefan Bernhartın ssenarisi əsasında 2 seriyalı filmdə oynadım.

-Sevgi hekayələriniz çox olub?

- (Gülür). Yaxşı yadımdadır, GTT-da Cəlal obrazını oynayanda Azdramadan bayıra çıxa bilmirdim. Həyət yuxarı sinif şagirdləri və institut qızları ilə dolu olurdu. Özümü elə göstərirdim ki, guya onıarı görmürəm. Arxivimdəki 500 məktubdan 300-ü sevgi məktubudur. Çoxları elə bilirdi ki, tərəf müqabilim Xuraman Hacıyeva ilə evliyəm. Amma mənim ilk həyat yoldaşım həkimdir və əvvəlki evlilikdən 2 övladım var- oğlan və qız. İkinci həyat yoldaşım ədliyyə işçisidir.

"Məni qoruyan sevgim olur”

-Dostlardan, yaxın insanlardan xəyanət görəndə reaksiyanız necə olur?

- Çox pis oluram, ürəyimə salıram. Amma məni qoruyan yenə sevgim olur.

-Nə arzulayırsınız?

- İstəyirəm ki, insanlar insaflarını, vicdanlarını itirməsinlər, mərhəmətli olsunlar. Bir-birinə paxıllıq etməsinlər.

-Hobbiniz varmı?

-Hobbim film çəkmək və kitab oxumaq. Böyük Vətən Müharibəsinin 45 illi yubileyi ilə bağlı çəkdiyim film ("Qrişa dayı mənim qonşumdur”) SSRİ-də 800 işin içində 1-ci yer tutmuşdu. Əvvəllər kitab oxumağı çox sevirdim, indi yazmağı (gülümsəyir). İndiyədək 4 kitabım işıq üzü görüb. "Ömrün sənət yollarında” kitabı ömür yolumdan bəhs edir. "İnam” poemasını ulu öndərin xatirəsinə həsr eləmişəm.


-Yunan-Roma güləşçilərindən kimləri tanıyırsınız?

-İdmançılarımız böyük iş görürlər. Xaricdə ölkəmizi tanıdırlar. Yunan-romaçılardan Rövşən Bayramovu yaxşı tanıyıram. Sadə, təvazökar insandır, olimpiadanın ikiqat gümüş mükafatçısıdır.

-GTT-nin 90 illik yubileyi ərəfəsində mükafata layiq görüldünüz. Bununla bağlı nə deyə bilərsiniz?

- Teatrımız yubiley tədbirinə yüksək səviyyədə hazırlaşır. Ölkə rəhbərinin Sərəncamı ilə dekabrın 10-da bir qrup teatr işçisi təltif edildi. Onlardan biri də mənəm. Prezidentimiz teatr sənətinin inkişafında xidmətlərimə görə məni 3-cü dərəcəli "Əmək” ordeni ilə mükafatlandırdı. Ölkə rəhbərinə teatr, sənət işçilərinə verdiyi dəyər və qiymətə görə təşəkkürümü bildirirəm.



Səadət Hakıyeva




40874 oxunub

InvestAZ