XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Prezident İlham Əliyev Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması haqqında Fərman imzalayıb
Gündəm 15:18 / 08.12.2020
Dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması və "Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Ordusuna Yardım Fondu yaradılıb və Fondun Əsasnaməsi təsdiq edilib.

Bundan başqa, "Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ləğv olunub.

Fərmanda Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu ləğv olunduğu gündən onun balansında qalan vəsaitin Azərbaycan Ordusuna Yardım Fondunun xüsusi xəzinə hesabına köçürülməsini təmin etmək tapşırılıb.

Bu Fərmanla təsdiqlənən Əsasnamədə qeyd olunub ki, Əsasnamə Azərbaycan Ordusuna Yardım Fondunun vəsaitinin formalaşdırılması, idarə edilməsi və həmin vəsaitdən istifadə ilə bağlı münasibətləri tənzimləyir.

Fondun məqsədi Azərbaycan Ordusunun müasir tələblərə uyğun inkişafını təmin etməkdən, onun maddi-texniki bazasını möhkəmləndirməkdən və hərbi qulluqçuların sosial müdafiəsini daha da gücləndirməkdən ibarətdir.

Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyidir.

Fondun vəsaiti fiziki və hüquqi şəxslərin könüllü ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına Azərbaycan manatı və xarici valyutalar ilə formalaşdırılır.

Fondun vəsaitindən Azərbaycan Ordusunun maddi-texniki bazasının inkişaf etdirilməsi, hərbi texnika, silah və sursatın alınması, hərbi təyinatlı məmulatların hazırlanması, sınaqdan keçirilməsi, istehsalı, təmiri və modernləşdirilməsi, hərbi elmi tədqiqat və təcrübə-konstruktor işlərinin aparılmasının təşkili, hərbi qulluqçuların sosial və məişət problemlərinin həll edilməsi, peşəkar hərbi kadrların hazırlanması və onların əlavə təhsili üçün istifadə edilir. Fondun vəsaitindən bu Əsasnamədə nəzərdə tutulmayan məqsədlər üçün istifadə edilə bilməz.

Fondun vəsaitinin toplanması və ondan təyinatı üzrə istifadə olunması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin xüsusi xəzinə hesabı açılır. Dövlət Xəzinədarlıq Agentliyi isə Azərbaycan manatı ilə və xarici valyutalarda kredit təşkilatlarında bank hesabları açır.

Fondun vəsaitindən istifadə edilməsi Azərbaycan Respublikası Prezidentinin razılığı əsasında həyata keçirilir.

Müdafiə Nazirliyinin Fondun vəsaitindən bu Əsasnamənin 3-cü hissəsi ilə müəyyən edilmiş xərc istiqamətlərinə uyğun istifadə edilməsi üzrə təklifi (vəsatəti) razılıq verilmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir və həmin vəsatətə razılıq verildiyi təqdirdə Fonddan vəsaitin ayrılması Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə rəsmiləşdirilir.

Dövlət Xəzinədarlıq Agentliyi Müdafiə Nazirliyinin əmri və ödənişlər üzrə sifarişləri əsasında maliyyələşməni həyata keçirir.

Müdafiə Nazirliyi Fondun vəsaiti hesabına satınalmaları "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirir.

Əsasnamədə, həmçinin vurğulanıb ki, Dövlət Xəzinədarlıq Agentliyi Fondun vəsaitindən istifadəyə və Fondun hesablarında qalan xərclənməmiş vəsaitə dair hesabatları ayda bir dəfə Müdafiə Nazirliyinə təqdim edir.

Müdafiə Nazirliyi Fondun vəsaitindən istifadəyə dair yarımillik və illik hesabatları Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

33982 oxunub

InvestAZ