XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



Fəridə Əzizova: “Pis günün ömrü az olur ”
Müsahibə 17:44 / 18.04.2020

Bu gün dünyamız yeni növ koronovirus təhlükəsinin yayılması ilə üz-üzədir. Bütün dünya dövlətləri, o cümlədən Azərbaycan hökuməti tərəfindən ən təsirli ciddi və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Sosial izolyasiya tədbirləri bir sıra sahələrə olduğu kimi, idman sahəsinə də təsirsiz ötüşməyib. Belə ki, planetin ən böyük idman tədbiri sayılan Olimpiya Oyunları, həmçinin Avro-2020, Formula-1 üzrə Qran Pri yarışları və bir sıra dünya və Avropa çempionatları bu pandemiya ilə əlaqədar olaraq təxirə salınıb. Bəs, görəsən idman yarışlarının təxirə salındığı və idman zallarının bağlandığı bir vaxtda məşhur idmançılarımız evdə nə işlə məşğul olurlar, onlar asudə vaxtlarını necə keçirirlər?
Olimpiyadunyasi.com və olimpnews.az saytı olaraq Taekvondo üzrə yığma komandamızın üzvü dünya və Avropa çempionatlarının bürünc mükafatçısı, I Avropa Oyunlarının gümüş medalçısı, IV İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Fəridə Əzizova ilə əlaqə saxladıq. Müsahibimiz suallarımızı səmimi cavablandırdı.


- Fəridə xanım, karantin günlərini necə keçirirsiniz?

- Mən də ailəsini və özünü düşünən hər bir kəs kimi evdə qalır və karantinin qaydalarına riayət edirəm. Demək olar ki, mart ayının 15-dən bu günə kimi evdəyəm. Yalnız həyatı-vacib tələbatlara görə qanunla nəzərdə tutulmuş qaydalara əməl edərək çölə çıxıram, eləcə də insanlarla yaxın təmasdan və ünsiyyətdən qaçıram.

- Bəs məşq prosesinizi hansı qaydada qurmusunuz?

- Bildiyiniz kimi, mən karantindən əvvəl Azərbaycan Taekvondo Federasiyasının (ATF) məşq zalında gün ərzində səhər saat 7-dən axşama kimi, hər biri 2 saat olmaqla 2-3 dəfə məşq edirdim. İllərdir ki, bu proses davam etdiyinə görə artıq mənim də müəyyən bir rejimim var. Evdə oturmağıma baxmayaraq çalışıram ki, yenə də yuxu rejimimi pozmayım. Bunun üçün səhər tez durub, yeməyimi yeyib, günün planını qurmağa başlayıram. Planın böyük bir hissəsini isə məşqlərim təşkil edir. Bu həm mənim çəkimi normada saxlayır, həm də formadan düşməyimə imkan vermir. Qalan boş vaxtımı isə ailəmlə, sevdiyim yazıçıların kitabların oxumaqla və ya film izləməklə keçirirəm.

- Karantin rejimində evdə qalmağın sizə əsas faydası nə oldu?

- Boş vaxtın mənə əsas faydası yeni sağlam qida reseptləri öyrənməyimə imkan yaratdı. Yarımçıq qalan işləri isə təəssüf ki, karantin rejiminə görə tamamlamaq mümkün olmadı.

- "Siz də evdə qal, idmansız qalma" şüarı altında videoroliklər çəkib, canlı yayımlar edirsiniz...

- "Evdə qal, idmansız qalma” şüarı altında dəfələrlə instaqramda canlı yayım vasitəsi ilə krossfit məşq keçmişəm. Hətta məşqlərimlə bağlı videoroliklər çəkib, instaqram hesabımda paylaşıram. Bəzi insanlar var ki, onlar müəyyən səbəblərə görə canlı yayımımı izləyə bilmirlər. Həmin şəxslər məhz videoroliklər vasitəsi ilə evdə şəraitində bu hərəkətlərdən yararlana bilərlər. Beləliklə, çalışıram ki, bir idmançı kimi mən də #evdəqal çağırışlarına əməl edim və insanlara faydalı olan məlumatlar verim.

- Bir idmançı kimi, xalqımıza nə tövsiyyə edərdiniz?

- Bildiyimiz kimi, bütün dünyaya yayılmış COVİD-19 virsunun qarşısının alınmasında ən effektli vasitə evdə qalıb, özünütəcrid etməkdir. İnsanlara tövsiyyəm də məhz bundan ibarətdir ki, özlərinin və doğmalarının həyatını risk altına atmasınlar, tətbiq olunmuş karantin qaydalarına ciddi əməl etsinlər. "Pis günün ömrü az olur" , - deyirlər. Tezliklə bütün çətinliklər geridə qalacaq və həyatımız yenidən öz axarına düşəcək. Bunun üçün isə biz insanlar üzərimizə düşən məsuliyyəti yaxşı dərk etməli, qaydalara riayət etməliyik.


Türkay Niftəliyeva


34534 oxunub

InvestAZ