XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



“Uşaq və gənclərimizin sağlam, vətənpərvər ruhda böyüməsi üçün var gücümüzlə çalışırıq”
Müsahibə 15:00 / 04.06.2019
Ölkədə idman və Olimpiya hərəkatının təbliğində özünəməxsus dəsti-xətti olan "Olimpiya dünyası” qəzeti öz səhifələrində insanların sağlam həyat tərzinin təbliğ olunması, uşaq və gənclərin fiziki və mənəvi inkişafı, bir sözlə idmanın kütləviliyinin təmin olunması istiqamətində fəal iştirak edir və bu sahəni daim diqqətdə saxlayır. Qəzetimizin "Qarabağ idmanı” rubrikasında erməni təcavüzü nəticəsində işğal altında olan Qarabağ və Qarabağətrafı rayonların idman həyatından mütamadi yazılar dərc olunur. Rubrikamızın budəfəki qonağı Cəbrayıl Gənclər və İdman İdarəsinin rəisi Emil Məstəliyevdir.
Emil Məstəliyev qəzetimizə Cəbrayıl rayonunun idman həyatından, gənclər sahəsində görülən işlərdən və problemlərdən danışdı.

- Emil müəllim, Cəbrayılsız Cəbrayıl idmanının vəziyyəti necədir?
- Əvvəlcə qeyd edim ki, Cəbrayıl qədim diyardır. Dağlar qoynunda yerləşən yurdumuzun yaranma tarixi 7-8-ci əsrlərə gedib çıxır. Cəbrayıl rayonu güclü kadr potensialı, yüksək intellektə malik ziyalıları, görkəmli alimləri ilə tanınır. Əməyə bağlılıq, halal zəhmət cəbrayıllıların həyat tərzi olmuşdur. Bu qədim diyar Sosialist Əməyi Qəhrəmanları Köçəri Babayev, Sərdar İmrəliyev, Sovet İttifaqı Qəhrəmanı, 19 yaşlı Cəmil Əhmədov, yazıçı Sabir Əhmədov, şair Baqif Bayatlı, filologiya elmləri doktoru Kamil Vəliyev və digər saysız-hesabsız ziyalıları ilə tanınır.
Cəbrayıl rayonu 1993-cü ilin avqustun 25-də işğal edilib. O vaxtdan indiyə Cəbrayıl da, idmanı da köçkün həyatı yaşayır. İnsanlarımız ilk illərdə respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, fin evlərində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdılar. Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin göstərişi ilə çadırlar, fin evləri ləğv olundu və məcburi köçkünləri kompakt yerləşdirmək üçün Beyləqan rayonunda 11 qəsəbə salındı. Bundan sonra şəraitimiz xeyli yaxşılaşdı və təhsil, idman və s. bu kimi problemlərə vaxt ayıra bildik. O vaxta kimi çox əziyyət çəkdik. Təbii ki, torpaqlarımız işğal olunsa da, həyat davam edir. Uşaq və gənclərimizin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi, zərərli vərdişlərdən uzaq olması, vətənpərvər ruhda böyüməsi üçün var gücümüzlə çalışırıq.
Biləsuvarda yerləşən məcburi köçkün qəsəbələrində təxminən 20 minə yaxın cəbrayıllı yaşayır. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov onların hər birinin problemləri ilə yaxından maraqlanır və yerində həll etməyə çalışır. Biz onun dəstəyini idman və gənclər sahəsində də görürük. Kamal müəllim daim bilik və idman yarışında uğur qazanan idmançılarla görüşür, onları mükafatlandırır. Bu gənclərimizin gələcək uğurlarında stimul rolunu oynayır.


"Lələtəpə” və"Xudafərin”
komandası yarışlarda
uğurla iştirak edir

- Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqamətində hansı işlər görülür?
- Cəbrayıl rayon Gənclər və İdman İdarəsi gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşaraq idmana cəlb olunması, savadlı, bilikli böyümələri üçün müvafiq və ardıcıl tədbirlər həyata keçirir. İşimizi Azərbaycan Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq qururuq. Qeyd edim ki, uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların kompüter biliklərinə yiyələnməsi üçün 3, 4, 6, 8, 10 və 11 saylı qəsəbələrdə kompüter mərkəzləri yaradılmışdır. 11 qəsəbənin hər birində fəaliyyət göstərən ümumtəhsil məktəblərində qapalı idman zalı və stadionlar şagirdlərin ixtiyarına verilib. Bununla bərabər, qəsəbələrdə həvəskar məşqçilər tərəfindən yaradılmış karate, kikboksinq, sərbəst güləş, yüngül atletika, futbol, voleybol, basketbol üzrə bölmələr fəaliyyət göstərir.
Cəbrayılın "Lələtəpə” komandası artıq 4 ildir ki, "Xəmsə” intellektual oyunlarının finalında yarışır. İdarəmiz tərəfindən bədən tərbiyəsi və idman sahəsində mütəmadi olaraq müxtəlif idman növləri üzrə yarışlar, rayon birincilikləri keçirilir, qaliblər mükafatlandırılır. Rayonun uşaq və yeniyetmə idmançıları atletika, voleybol, poliatlon, futbol, mini-futbol, şahmat, dama yarışlarında fəal iştirak edirlər. "Şahin” hərbi- idman oyunları idarəmiz tərəfindən yüksək səviyyədə təşkil edilir.

- Gənclərlə iş, eləcə də, vətənpərvərlik tərbiyəsi ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Cəbrayıl rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə hər il gənclərlə "Cümhuriyyətimiz əbədidir”, "Azərbaycançılıq məfkurəsi”, "Şəhidlər unudulmur”, "Qan yaddaşımız”, "Gəncliyimiz gələcəyimizdir, "Üç rəngli bayrağım” və s. mövzularda dəyirma masa təşkil edir. Bu tipli tədbirlərdə xeyli sayda gənc iştirak edir. Yeniyetmə və gənclərin hərbi xidmətə həvəsləndirilməsi və ordu sıralarına hazırlanması məqsədi ilə keçirilmiş görüşə rayon ağsaqqalları, Qarabağ müharibəsi iştirakçıları dəvət edilirlər. Təmsilçilərimiz "Hünər” manhı müsabiqəsində fəal iştirak edərək, mükafatalayiq yerləri tuturlar. İntellektual və kompüter oyunları üzrə gənclər arasında rayon çempionatı, eləcə də, rəssamlıq, musiqi, rəqs üzrə gənc istedadlar müsabiqəsi təşkil edilir.
Bizim rayonun camaatı sadə, zəhmətkeş, təvazökar insanlardır. Bir-birinə hörmət etməyi, xətir-hörmət saxlamağı bacarırlar. Bu yurdun uşaq və gəncləri də ata-babalarından miras qalan dəyərləri düzgün qiymətləndirməyi bacarırlar. Yeniyetmə və gənclərimiz vətənə çox bağlıdırlar.

- İdman növləri üzrə bölmələrdə məşqlər necə aparılır?
- İdman növləri üzrə məşqlər birbaşa rayonun xidmət ərazisi olan qəsəbələrdə aparılır. Məsələn, sərbəst güləş üzrə məşqlər III qəsəbədə keçirilir və məşqlərdə 80 idmançı iştirak edir. Yüngül atletika idman növü üzrə məşqlər 11 qəsəbədə keçirilir və məşqlərdə təxmini olaraq 120 idmançı iştirak edir. Futbol, voleybol, basketbol idman növü üzrə məşqlər də 11 qəsəbəni əhatə edir. 180 idmançı adıçəkilən idman növlərinin sirlərinə yiyələnirlər. 30-dək idmançı karate üzrə -IV-VII-IX saylı qəsəbələrdə məşğul olurlar. Uşaq və gənclərin vaxtını səmərəli keçirmələri üçün futbol, voleybol, basketbol meydançaları yaradılmış, tennis və bilyard avadanlıqları quraşdırılmışdır. Gələcəkdə qəsəbələrarası futbol, voleybol və bir sıra idman növləri üzrə yarışların təşkil edilməsi üçün 7-8, 10-11 saylı qəsəbələrin arasında futbol və voleybol meydançalarının tikilməsi nəzərdə tutulur. Qeyd edim ki, "Xudadərin” futbol klubumuz yarışlarda uğurla iştirak edir. Klubumuz ötən il "Qarabağ” komandasına qalib gəlib.


Cəbrayıllılar şahmatı
çox sevirlər

- Bildiyimizə görə, Cəbrayıl rayonunun güclü şahmat məktəbi vardır...
- Bəli, Cəbrayılın güclü şahmat məktəbi vardır. Rayon Şahmat Məktəbi 1982-ci ildən fəaliyyət göstərir. Məktəb fəaliyyətə başladıqdan sonra rayonda şahmata maraq çox artıb. Məktəbdə hazırda 52 qrup fəaliyyət göstərir. Burada 48 məşqçi şagirdlərə (542 nəfər) "zəka” oyununun sirlərini öyrədir. Hər il ənənəvi olaraq may ayının 4-dən 10-na qədər ümumilli liderin anım günü münasibəti ilə rayon məktəbinin açıq birinciliyi keçirilir. Məktəbimizin məşqçi-müəllimi Sahib Nəcəfov hər il şahmat kompozisiyalarının tərtib olmasında fəal iştirak edir və mükafatalayiq yerlər tutur.

- Cəbrayıl əsilli tanınmış elm, incəsənət adamları, ziyalılar kifayət qədərdir. Bəs idmançılar necə?
- Futbolçu Araz Abdullayev, Yaşar Abuzərov, karate üzrə dünya çempionu Namiq Məmmədov, K-1 döyüşləri üzrə dünya çempionu Musa İsayev bizim rayonun yetirmələridirlər. Gənclərdən Əlif Hüseynov stend atıcılığı üzrə yarışlarda uğurla çıxış edir, IV İslam Həmrəyliyi Oyunlarının iştirakçısıdır.

- Cocuq Mərcanlıda hansı işlər görülür?
- Araz çayının yaxınlığında yerləşən Cocuq Mərcanlı kəndi Cəbrayılın işğaldan azad olunmuş yeganə kəndidir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə burada gözəl və abad kənd salınıb, məktəb, poçt, bağça və digər sosial-məişət obyektləri inşa edilib. Bir sözlə, Böyük Qayıdışın ilk qaranquşu olan Cocuq Mərcanlı kəndi yenidən öz firavan həyatına qovuşub.
AFFA-nın təşkilatçılığı və UEFA-nın maliyyə dəstəyi ilə kənddə böyük stadion tikilib. Bu ilin aprelində AFFA-nın və Cəbrayıl rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Cocuq Mərcanlı kəndində "Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir keçirildi. Tədbirdə AFFA-nin birinci vitse-prezidenti, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və başqaları iştirak edirdilər. 7-12 yaşlı oğlan və qızların iştirakı üçün nəzərdə tutulan layihənin əsas məqsədi uşaq futbolunu inkişaf etdirmək, uşaqların asudə vaxtlarını səmərəli təşkil etmək, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.

- Cocuq Mərcanlıya ilk gedişinizdə hansı hissləri keçirdiniz?
- İlk dəfə kəndə gedəndə çox kövrəldim. Qonşu Mehdili kəndindən o tərəfdə mənim kəndim- Böyük Mərcanlı yerləşir. Doğma kəndimə əlim çatmadığı, ünüm yetmədiyi üçün özümü gücsüz hiss edirdim. Nəinki Cəbrayıl caamatı, bütün işğal altında olan rayonların sakinləri inanırlar ki, Ali Baş Komandan, müdrik siyasətçi İlham Əliyevin rəhbərliyi altında biz o torpaqlara qayıdacağıq. Bir zabit kimi hər an vətənimi müdafiə etməyə hazıram.

- Qarşıda hansı planlarınız vardır?
- AFFA bizə çox köməklik göstərir. Fikrimiz var ki, 4 saylı qəsəbədə böyük stadion inşa edək. Bundan başqa, təqvim planından irəli gələn müəyyən tədbirləri də həyata keçirməyi planlaşdırırıq.
"Olimpiya dünyası” qəzetinin kollektivinə çətin və məsuliyyətli işində uğurlar arzulayıram.

Səadət Hakıyeva


49748 oxunub

InvestAZ