XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Bakıda Beynəlxalq Olimpiya Günü qeyd olundu
İdman 12:38 / 23.06.2022

Bu gün Dənizkənarı Bulvarda Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə müasir Olimpiya hərəkatının yaranması, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təsis olunması və Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş Beynəlxalq Olimpiya Günü tədbiri keçirildi.

Tədbirin keçirilməsində əsas məqsəd Olimpiya hərəkatı və sağlam həyat tərzinin geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri və böyükləri Olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarət idi.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, MOK-un baş katibi Azər Əliyev, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Olimpiya çempionları Fərid Mansurov, Lyudmila Şubina və idman ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.

Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə iştirakçıları salamlayaraq, hər kəsi Beynəlxalq Olimpiya Günü münasibəti ilə təbrik etdi.

"Bu gün növbəti Olimpiya bayramıdır. 1996-cı ildən etibarən Azərbaycanda hər ilin bu günü xüsusi təntənə ilə qeyd edilir. Bu ilki tədbirimizi həm Beynəlxalq Olimpiya Gününə, həm də Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasının 30 illik yubileyinə həsr edirik. Bu 30 il ərzində Azərbacanda Olimpiya hərəkatı və ümumiyyətlə, idman çox böyük inkişaf yolu keçib. İdmanın bir çox növlərində Azərbaycan atletləri dünyada öz güclərini göstərərək müxtəlif yarışlarda medallar qazanıb, Azərbaycanın bayrağını yüksəldib, himnini səsləndirməyə müvəffəq olublar. Onlar bununla da gənc Azərbaycanın beynəlxalq aləmdə tanınmasında böyük rol oynayıblar. İdmançılarımız bizim fəxrimizdir. Bu günki tədbirdə də bizim Olimpiya çempionlarımız və müxtəlif idmançılarımız iştirak edirlər. İnanıram ki, onların bu tədbirdə iştirak etməsi burada olan gənc idmançıları yeni qələbələrə ruhlandıracaq. Mən hamını bu gözəl bayram münasibəti ilə təbrik edirəm. Bütün Azərbaycan xalqına idmanla məşğul olmağı, idmanı sevməyi və sağlam həyat tərzi keçirməyi arzulayıram. İnanıram ki, bizim bu günki tədbirimiz Azərbaycan gənclərini idmana cəlb edəcək, onların həvəsini artıracaq və bundan sonra da ölkəmizdə böyük idmançılar yetişəcək”, - deyə Çingiz Hüseynzadə çıxışında qeyd etdi.

Daha sonra çıxış edən Olimpiya çempionu Fərid Mansurov qaçış iştirakçılarını salamlayaraq tədbir haqqında iştirakçılara məlumat verdi:

"Bu gün bizim üçün ikiqat bayramdır. Həm Beynəlxalq Olimpiya Günü, həm də Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdən biri keçirilir. Biz olimpiyaçıların müqəddəs borcudur ki, Olimpiya dəyərlərini yeniyetmə və gənclərlə bölüşək. Vaxt var idi ki, biz də sizin kimi yeniyetmə idik və belə tədbirlərdə mütəmadi olaraq iştirak edirdik.

Qeyd edim ki, ölkəmizdə Beynəlxalq Olimpiya Gününə həsr olunmuş qaçış günü 1996-cı ildən qeyd olunur. Bu gün təşkil olunan tədbir də həmin tədbirlərdən biridir. Arzu edirəm ki, bu tədbirdə iştirak edən yeniyetmə və gənclər gələcəyin Olimpiya və dünya çempionları olsunlar. Bundan ötrü isə siz hər zaman məşq etməli, Olimpiya dəyərlərin yüksək tutmalı və gələcəyə inamla baxmalısınız”.

Rəsmi çıxışlardan sonra Beynəlxalq Qaçış Gününə həsr olunmuş mədəni proqram çərçivəsində mahnılar səsləndirildi, həmçinin Çirlidinq, Gimnastika, Karate və Velosiped federasiyalarının gənc idmançılarının nümunəvi çıxışları təqdim olundu.

Sonra Olimpiya bayramında qaçış yarışları təşkil edildi. Yarışlar iki nominasiya üzrə - oğlanlar və qızlar arasında keçirildi. Yüksək səviyyədə təşkil edilmiş Beynəlxalq Olimpiya Qaçış Günündə müxtəlif idman federasiyalarının 500-dən çox idmançısı və qaçış həvəskarları ənənəvi kütləvi qaçışda iştirak etdilər.

Qızlar arasında keçirilən 500 metr məsafəyə qaçış yarışında Məleykə Məmmədova birinci yerə layiq görüldü. Lina Qurbanova ikinci, Aynur Axundova isə üçüncü yerə sahib çıxdı. Oğlanlar arasında 1000 metr məsafəyə qaçış yarışında isə Əliağa Novruzov birinci, Nizam Hamidulin ikinci, Səid Məmədov isə üçüncü oldu.

Qaliblər diplom, medal və hədiyyələrlə təltif olundular.

Tədbirin sonunda xatirə şəkli çəkdirildi.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Qaçış Günü Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyət göstərdiyi 30 il ərzində həyata keçirdiyi tədbirlərdən biridir.

Məlum olduğu kimi, 1947-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Stokholmda keçirilən 41-ci sessiyasında BOK-un Çexoslovakiyadan olan üzvü doktor Qruss Dünya Olimpiya günü bayramını keçirmək təklifi ilə çıxış edərək, hər il belə bir günün qeyd olunmasının Olimpiya ideallarının təbliğində mühüm rol oynayacağını əsaslandırmışdır. Onun təklif etdiyi layihə bəyənilmiş və Beynəlxalq Olimpiya Komitəsinin 1948-ci ilin yanvarında Sankt-Moritsdə keçirilmiş 42-ci sessiyasında Olimpiya gününün keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Sessiya Olimpiya günü bayramını iyunun 17-dən 24-nə qədər olan müddətdə qeyd etməyi məqsədəuyğun saymışdır. Bu tarixin seçilməsinin səbəbi Beynəlxalq Olimpiya Komitəsinin yaradılması günü - yəni iyunun 23-də qeyd olunması idi.

Birici Olimpiya günü 1948-ci il iyunun 23-də dünyanın doqquz ölkəsində - Portuqaliya, Yunanıstan, Avstriya, Kanada, İsveçrə, Böyük Britaniya, Uruqvay, Venesuela və Belçikada qeyd olunmuşdur. Həmin gün Beynəlxalq Olimpiya Komitəsini prezidenti Ziqfrid Edstrom dünyanın bütün gənclərinə müraciətlə çıxış etmişdir. Sonralar Beynəlxalq Olimpiya Komitəsi prezidentinin Olimpiya günü ərəfəsində bayram iştirakçılarına müraciət etməsi ənənə şəklini almışdır.

Olimpiya gününü daha təntənəli şəkildə və bütün Milli Olimpiya komitələrinin iştirakı ilə qeyd etmək məqsədilə 1987-ci ildə Olimpiya Qaçış Günü keçirilmişdir. Hazırda Olimpiya Qaçış Günü bir qayda olaraq iyunun 23-də başlanır və bir həftə davam edir. Hər bir Milli Olimpiya Komitəsi bu tədbiri həmin həftə ərzində təyin etdiyi gün keçirir.

Birinci Olimpiya Qaçış Günündə qadınlar və kişilər arasında 10 km məsafəyə qaçış təşkil olunmuşdur. Olimpiya Qaçış günlərində keçirilən yarışların proqramı sonralar genişlənmişdir. Son illərdə Olimpiya Qaçış Günü həftəsində idmanın başqa növləri üzrə yarışların və müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsi ənənə şəklini almışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, yarış iştirakçıları üçün heç bir yaş və cins məhdudiyyəti qoyulmur. Bütün bunlar Olimpiya Qaçış Gününün kütləviliyini daha da artırır.

Olimpiya Qaçış Günü Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında, onun Kütləvi İdman Komssiyasının rəhbərliyi ilə keçirilir.

Azərbaycanda Beynəlxalq Olimpiya Qaçış Günü ilk dəfə 1996-cı ildə keçirilmişdir.


15890 oxunub

InvestAZ