XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



“Soyuq olimpiada” həyəcanı ilə döyünən isti ürəklər
İdman 15:18 / 18.01.2022


Şamonidən başlayan yol bu dəfə
Pekindən keçir


İlin ən mötəbər idman tədbirlərindən biri olan Qış Olimpiya Oyunlarına az bir vaxt qalır. Dünyanın ən güclü idmançıları 4 illik fasilədən sonra bu dəfə Çin paytaxtında qələbə uğrunda yarışacaqlar. Gərgin və maraqlı keçən "soyuq olimpiada”da bizi yeni idman uğurları, yeni rekordlar və maraqlı hədisələr gözləyir. İdman nəşrləri arasında bütün yarışları geniş və zəngin faktlarla çoxsaylı oxucularına çatdıran "Olimpiya dünyası” qəzeti bu sayından etibarən Qış Olimpiya Oyunları ilə bağlı silsilə yazılara start verir. Qəzetimizin bu sayında biz indiyə qədər, daha doğrusu, ilk Qış Olimpiya Oyunlarından Pekin Olimpiadasına qədər baş vermiş ən maraqlı hadisələri bir araya toplamışıq. Bu yazıda oxucular maraqlı məlumatlarla tanış olacaqlar. Eyni zamanda qış idman növləri haqqında dəqiq faktları da əldə edə biləcəklər.


Qeyri-adi hadisələr Olimpiadaya
bir başqa rəng qatır


1924-cü ildə Fransanın Şamoni şəhərində keçirilən I Qış Olimpiya Oyunlarından 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində təşkil olunan XXIII Olimpiadaya qədər minlərlə maraqlı hadisələr baş verib. İstər yarış zamanı, istərsə də kənarda baş verən qeyri-adi hadisələr hələ də öz əhəmiyyətini və gündəmini itirməyib. Onların hər biri haqqıda geniş məqalə, hətta film ssenarisi hazırlamaq olar.

- Qış Olimpiya Oyunlarının ən yaşlı mükafatçısı Anders Hauqendir. 1924-cü ildə Şamonidə keçirilən Oyunlarda iştirak edən xizəkçi düz 50 ildən sonra bürünc medala yiyələnib. Halbuki Norveç əsilli amerikalının tullanışını həmin vaxt hakimlər səhv hesablamışdılar. Belə ki, onun rəqibi Torleyf Heyuqaya 0,179 əlavə bal verilmişdi. Yarım əsrdən sonra bu nəticə yenidən araşdırılmış, Hauqen Qış Olimpiya Oyunlarının ən yaşlı mükafatçısı adına layiq görülmüşdü.

- 1930-cu ildə dünya çempionatının 10 medalını və Olimpiya çempionu titulunu qazanan Klaes Karppinen (Qarmiş-Partenkirhen-1936) karyerası ərzində bir dəfə də olsun Finlandiya çempionu adını qazana bilməyib.

- Finlandiyalı Kalle Calkanen 1936-cı ildə xizəksürmənin estafet yarışında qızıl medala layiq görülüb. Maraqlıdır ki, o, yarış zamanı tüpürərkən diş protezini ağzından salıb. Kalle bu hadisəyə əhəmiyyət verməyərək finişi bütün rəqiblərindən tez keçib.

- Oslo-1952-nin gümüş, Kortina-d Ampetso-1956-nın qızıl mükafatçısı, finlandiyalı xizəkçi Mirya Xietamies karyerasını erkən başa vuraraq, avtobus sürücüsu işləyib.

- Xizəksürmə üzrə üçqat Olimpiya çempionu Xeykki Xasu 1953-cü ildə 27 yaşında olarkən böyük idmanla vidalaşıb. Karyerasının çiçəkləndiyi dövrdə o özünə məxsus olan fermada işləməyə üstünlük verib.

- 1960-cı ildə Skvo-Velli (Kaliforniya) Olimpiadasında rəsmilər slalom yarışlarındakı nəticələrlə razılaşmayaraq, CBS TV-yə müraciət ediblər. Onlar yekun qərarı vermək üçün yayımı bir neçə dəqiqə dayandıraraq, təkrarlara baxıblar.

- 1964-cü ildə İnsbrukda keçirilən Qış Olimpiya Oyunları zamanı təşkilatçılar qar yağıntısı problemi ilə üz-üzə qalıblar. Bunun üçün Avstriya ordusunun köməyindən istifadə olunub. Belə ki, əsgərlər yarışların keçirildiyi əraziyə 50 milyard həcmində kubşəkilli qar gətiriblər.


- 1984-cü ildə britaniyalı cütlük Ceyn Torvil və Kristofer Dinin iştirakı ilə keçirilən "Bolero” fiqurlu konkisürmə proqramını 24 milyon azarkeş izləyib.

- Alverbil-1992 Qış Olimpiya Oyunlarına qədər fristayl növü "hot-doqqinq” adlanırdı.
- Naqano-1998 Qış Olimpiya Oyunlarının dağ xizəyi üzrə Olimpiya çempionu Pikabo Stritin adı Aydaxo şəhərində yerləşən San-Valli kurortundakı küçəyə verilib. Küçə "Pikabos Strit” adlanır.

- 1998-ci il Naqanoda keçirilən olimpiadada dağ xizəyi yarışları böyük çətinliklərlə keçirilib. Səbəb kimi dağlarda yağıntının normadan artıq olması göstərilib.

- Amerikalı dağ xizəkçisi Mikaela Şiffrin 2018-ci ildə Pxençxanda təşkil olunan Olimpiya oyunlarına 35 cüt xizək gətirmişdi.


"Ağ olimpiada” Yay olimpiadasından
heç də geri qalmır


Qış idman növlərinin hər biri özünəməxsusluğu ilə seçilir. İdman azarkeşlərinin əksəriyyəti düşünür ki, maraq baxımından Qış olimpiadası yay olimpiadasından heç də geri qalmır. İdman növlərinə görə üstün olan "ağ olimpiada”da mübarizə həm çətin, həm də maraqlı keçir. Qış olimpiya idman növlərinin qeyri-adi tarixçəsi və xüsusuiyyətləri diqqətdən kənar qalmır.

- Dünyada ilk dəfə bobsley idman növü üzrə ilk klub 1897-ci ildə İsveçrənin Sankt-Morris şəhəridə açılıb.

- 1924-cü ildə Şamonidə keçirilən I Qış Olimpiya Oyunlarında 16 ölkədən 268 idmançı mübarizə aparıb. Pxençxan-2018-də isə 92 ölkədən 2925 idmançı fəxri mükafatlar uğrunda yarışıblar.

- Norveçli Sondre Norheym tramplindən tullanma idman növünün yaradıcısıdır. O, 1866-cı ildə ilk dəfə olaraq dünya çempionu adını qazanıb. Biatlon yalnız 1960-cı ildə Olimpiya idman növü kimi tanınıb. Buna qədər 1924-cü ildə bu cür yarışlar hərbi patrullar arasında keçirilirdi.
- 1976-cı ildə İnsbrukda təşkil olunan Oyunların rəsmi talismanı "Schneemann” (alman dilində "qar adamı”) adlanıb.

- Xizək baleti ilk dəfə Kalqari-1988 və Alverbil-1992 Qış Olimpiya Oyunlarında nümunəvi idman növü kimi təmsil olunub.

- Çinli Yan Yan 500 metr məsafəyə şort trek növündə Solt-Leyk-Siti-2002-nin qızıl medalını qazanaraq, öz ölkəsinin idman tarixinə düşüb.

- Qış idman növü olan "skid” (xizək) sözu ilkə dəfə Skandinaviyada yaranıb. Hərfi tərcümədə "qədim çubuq” mənasını verir.

- Qış idman növlərindən biri olan kerlinq ingilis dilindən tərcümədə ("curl”) buz üzərində sürüşmə və dönmə mənasını verir.

- Olimpiya hokkeyinin şaybası vulkanlaşdırılmış rezindən hazırlanır. Şaybanın həcminin standart qalması üçün hər oyundan əvvəl o yüksək dərəcəli soyuducuda dondurulur.


- Kerlinqdə istifadə olunan daşlar nadir tapılan sıxılmış qranitdən hazılanır. Həmin qranitə yalnız Şotlandiyanın Eyls-Kreyq adasında rast gəlinir.

- Hokkey fransız dilindən "Hocquet” sözündən götürülüb, mənası "əyilmiş köhnə əsa” deməkdir.

- "Biatlon” sözü yunan mənşəlidir. Dilimizə tərcümədə "iki yarış” mənasını verir. Qeyd edək ki, biatlonçular xizək yürüşündə və atıcılıqda mübarizə aparırlar.

- Qış Olimpiya idman növləri arasında ən sürətli idman növü kirşəsürmədir. Yarış zamanı maksimal sürət 144 km/saatdır.


Yenilənməyən
rekordlar və dəyişməz faktlar


Hər bir idman yarışında nəticələr əsas rol oynayır. Qalib adı uğrunda mübarizə aparan idmançılar çalışırlar ki, onların qələbələri əlçatmaz olsun. Bu amil Olimpiya Oyunlarından da yan keçmir. Gərgin və maraqlı keçən yarışlarda qeydə alınan "ilk”lər və rekordlar bir idmançı üçün çempionluq qədər vacibdir. İndiyə qədər təşkil olunan Qış Olimpiya Oyunlarında saysız-hesabsız rekordlar qeydə alınıb. Bundan əlavə elə faktlar var ki, bu günə qədər də dəyişməz qalır.

- Fiqurlu konkisürmə və hokkey ilk dəfə London-1908 və Antverpen-1920 Yay Olimpiya Oyunlarında debüt edib.

- Amerikalı Edqar İqan Yay və Qış Olimpiya Oyunlarında iştirak edən yeganə Olimpiya çempionudur. Belə ki, o, 1920-ci ildə Antverpendə keçirilən VII Yay Olimpiya Oyunlarında yarımağır çəkidə boks yarışlarının qalibi olub. 10 il sonra (Leyk-Plesid-1932) Qış Olimpiya Oyunlarında bobsley növü üzrə yarışlarda dördüncü yeri tutub.

- Şamoni-1924 Qış Olimpiadası rəsmi olaraq Qış İdman Növləri Həftəsi adlandırılmışdı. Sonradan BOK həmin sənəddə dəyişiklik etmişdi.


- İlk Qış Olimpiya Oyunları kimi tarixə düşən Şamoni-1924-də 13 qadın idmançı iştirak edirdisə, Pxençxan-2018-də bu say 1242 olub.

- 1936-cı ildə Almaniyanın Qarmiş-Partenkirhen şəhərində keçirilən oyunlarda Sesiliya Kollec olimpiada tarixinin ən gənc iştirakçısı olub. Böyük Britaniyalı fiqurlu konkisürənin həmin vaxt 11 yaşı var idi.

- 1952-ci ildə Osloda keçirilən oyunlarda ilk dəfə komputerdən istifadə olunub. Təşkilatçılar fiqurlu konkisürmə yarışlarının nəticələrini bu yolla müəyyənləşdirməyə çalışıblar.


- İtaliyalı dağ xizəkçisi Culyana Çenal-Minutso Kortina-D Ampetso-1956-da Olimpiya andını qəbul edən ilk qadın idmançı kimi tarixdə yer alıb.

- Olimpiya oyunlarında məşəl estafeti ilk dəfə İnsbruk-1964 Olimpiadasında keçirilib. Bu isə rəsmi olaraq IX olimpiadaya təsadüf edib.

- Qış Olimpiya Oyunlarının ilk talismanı 1968-ci ildə Qrenoblda keçirilən olimpiadada seçilib. Lakin "Şuss” ləqəbli talisman rəsmi olaraq qəbul olunmayıb.

- 1968-ci ildə Qrenoblda keçirilən X Qış Olimpiya Oyunları tarixdə ilk dəfə rəngli formatda televiziya vasitəsi ilə yayımlanıb.

- Qış Olimpiya Oyunlarının ən yüngül məşəli Sapporo-1972 Olimpiadasında olub. Məşəlin çəkisi 460 qram idi.

- Yaponiya Sapporo-1972 Qış Olimpiya Oyunlarına qədər qızıl medal əldə edə bilməyən ölkələr sırasında yer almışdı. Məhz doğma azarkeşlər önündə keçirilən olimpiadada Yukio Kasaya normal yamacdan tullanma yarışlarında qızıl medala sahib çıxıb.

- Olimpiya Oyunlarında ilk dəfə süni qardan Leyk-Plesid-1980 Olimpiadasında istifadə olunub.

- İsveçli Yan Boklev 1985-ci ildə tramplindən tullanmada xizəklə "V” hərfini yazan ilk idmançı kimi tarixə düşüb. Həmin vaxt idmançının bu hərəkət tərzini bəyənməsələr də, 1992-ci ildən etibarən bütün idmançılar eyni hərəkəti təkrar edirlər.

- Debra Janin "Debi” Tomas Qış Olimpiya Oyunlarında mükafat qazanan ilk qaradərili idmançı olub. Belə ki, Kalqari-1988-də fiqurlu konkisürmə yarışlarında fərdi çıxışda bürünc medala yiyələnib.

- "Uçan fin” ləqəbli Matti Nikanen tramplindən tullanma yarışlarında rekord nəticə göstərib. O, Kalqari-1988 Olimpiadasında çıxış etdiyi növdə hər üç medala layiq görülüb.

- 1992-ci ilə qədər Yay və Qış Olimpiya Oyunları eyni ildə təşkil olunurdu.

- 1992-ci ildə Alverbildə təşkil olunan Qış Olimpiya Oyunlarında konkisürmə yarışları tarixdə ilk dəfə açıq hava altında keçirilib.

- Yeni Zelandiyalı Anneliz Koberger cənub yarımkürəsini təmsil edən və mükafat qazanan ilk idmançıdır. 1992-ci ildə Alverbildə keçirilən XVI Olimpiya Oyunlarının dağ xizəyinin slalom yarışlarında bürünc medala sahib çıxıb.

- Beynəlxalq Olimpiya Komitəsi qadınlara ilk dəfə Soçi-2014-də tramplindən tullanma yarışlarında iştirak icazəsi verib.

- Olimpiya Oyunları tarixində ilk dəfə olaraq Soçi-2014-ün məşəli Beynəlxalq Kosmik Stansiyaya göndərilib. Həmin məşəli kosmonavt Oleq Kotov orbitə çıxarmışdı.

- Yaponiyalı tramplindən tullanan Noriaki Kasai Qış Olimpiya Oyunlarında ən çox iştirak edən idmançıdır. "Gündoğar ölkə” təmsilçisi karyerası ərzində 8 fərqli olimpiadada (Alverbil-1992-dən Pxençxan-2018-ə qədər) çıxış edib.

- Dörd il əvvəl keçirilən Pxençxan-2018 Qış Olimpiya Oyunlarında ilk dəfə Ekvador, Eritreya, Kosovo, Malayziya, Nigeriya və Sinqapur yığma komandaları debüt ediblər.

- Amerikalı qadın hokkeyçi Joslin Amure Qış Olimpiya Oyunlarında rəqib qapısına ən tez iki şayba vuran idmançıdır. Pxençxan-2018-də o, 6 saniyə fərqlə rekorda imza atıb.

- Pxençxan-2018-də iştirak edən tonqalı xizəkçi Pita Taufatofua bu vaxta qədər Qış Olimpiya Oyunlarında Sakit Okean adalarını təmsil edən ikinci idmançıdır. Pita eyni zamanda Rio-2016 və Tokio-2020 Yay Olimpiya oyunlarında Tonqanı taekvondo yarışlarında təmsil edib.

- Snoubord yarışlarının qızıl medalını qazanan amerikalı Xloya Kim ən gənc Olimpiya çempionu sayılır. Pxençxan-2018 Qış Olimpiya Oyunlarında iştirak edərkən onun 17 yaşı var idi.

- Çexiyalı Ester Ledeçkaya Qış Olimpiya Oyunları tarixində ilk idmançıdır ki, bir olimpiadada iki idman növündə qızıl medal əldə edib. Pxençxan-2018-də Ester dağ xizəyi və snoubord yarışlarında Olimpiya çempionu adını qazanıb.

- Amerikalı snoubordçu Xloya Kim Pxençxan-2018-də çıxışı zamanı sosial şəbəkələrdə izləyici sayını artırmışdı. Belə ki, oyunlardan sonra onun adına açılmış "feysbuk”, "instaqram” və "tvitter” səhifəsini 927,070 nəfər izləmişdi.

- Beynəlxalq Olimpiya Komitəsi Yay Olimpiya Oyunlarında basketbol 3x3 yarışlarını test etdikdən sonra Yeniyetmələrin Qış Olimpiadasında (Lozanna-2020) hokkeyin 3x3 növünü sınaqdan keçiriblər.

- Milan və Kortina-D Ampetso 2026-cı ildə olimpiadaya ev sahibliyi edəcək. Bu olimpiada yubiley tədbiri olacaq. Belə ki, 70 il əvvəl bu şəhər VII Qış Olimpiya Oyunlarını (1956) qəbul edib. Məlumat üçün bildirək ki, bundan əvvəl İtaliyada 3 dəfə (qış: Kortina-D Ampetso-1956, Turin-2006; yay: Roma-1960) olimpiada keçirilib.

- Norveç Qış Olimpiya Oyunlarında iştirak edən bütün ölkə yığmalarından daha çox medala sahib çıxıb. Skandinaviya təmsilçiləri indiyə qədər 405 medal (142 qızıl, 141 gümüş və 122 bürünc) əldə ediblər.

- Norveçli Mari Byorgen xizək yarışlarında ən çox medal qazanan idmançıdır. İştirak etdiyi Olimpiya oyunlarında o, 15 (8 qızıl, 4 gümüş, 3 bürünc) medal qazanıb.

- Qış Olimpiya Oyunları heç vaxt cənub yarımkürəsində keçirilməyib.

- ABŞ Qış Olimpiya Oyunları tarixində yeganə ölkədir ki, bütün olimpiadalarda qızıl medal qazanıb.


- Almaniyalı Natali Hayzenberger Olimpiya Oyunları tarixində ən titullu idmançılardan biridir. O, kirşəsürmədə 4 qızıl və 1 bürünc medalın sahibidir.

- Avstriya, Kanada, Finlandiya, Fransa, Böyük Britaniya, Macarıstan, İtaliya, Norveç, Polşa, İsveç, İsveçrə və ABŞ yığma komandaları indiyə qədər keçirilən bütün Qış Olimpiya oyunlarında iştirak ediblər.

- Olimpiya oyunlarında qadın hokkeyi üzrə yarışlarda 6 final qarşılaşmasından 5-də ABŞ və Kanada yığmaları üz-üzə gəliblər.



"Gündoğar ölkə”
olimpiadaya necə
hazırlaşıb?


Çin hökuməti oyunların təşkili üçün bütün qüvvə və bacarıqlarını səfərbər edib. 14 il əvvəl Yay Olimiya Oyunlarına yüksək səviyyədə ev sahibliyi edən və təşkilatçılıq baxımından nümunə kimi göstərilən idman obyektləri bu dəfə Qış Olimpiya Oyunlarına xidmət göstərəcək. XIV Qış Olimpiya Oyunlarından bəhs edən faktları və maraqlı məqamları diqqətinizə çatdırırıq.

- Pekin Oslo-1952-ci ildən sonra Qış olimpiya Oyunlarına ev sahibliyi edəcək paytaxt şəhərdir.

- Çin höküməti Pekin-2008 Yay Olimpiya oyunları üçün inşa edilmiş 5 idman qurğusundan Pekin-2022-də istifadə edəcək.

- Çin hökuməti Pekin-2008 Yay Olimpiya Oyunlarındakı "Sulu kub” kompleksini bu il keçiriləcək qış olimpiadasına hazırlayıblar. Oyunlar zamanı kompleks "buzlu kub” adlanacaq.

- Lillehammer-2016 Yeniyetmələrin Qış Olimpiya Oyunlarından sonra uğurlu debüt edən iki idman növü Pekin-2022-nin proqramına salınıb. Belə ki, idmançılar monobob və fərdi bobsley növündə yarışacaqlar.

- Pekin-2022 Qış Olimpiya Oyunlarının rəsmi məşəli çin dilindən tərcümədə ("fen yan”) "uçan” mənasını verir.

- Pekin-2022 Qış Olimpiya Oyunlarının talismanı olan pandanın adı "Bin Dun Dun”dur. Dilimizə tərcümədə "bin” buz (paklıq və güc), "Dun Dun” isə uşaqları deməkdir.


- Pekin-2022 Qış Olimpiya Oyunlarının emblemində çin heroqlifi ilə "qış” sözü yazılıb. Rəssam Lin Çunjen tərəfindən çəkilən loqotipdə eyni zamanda bir neçə idman növü və idmançı silueti yer alıb.

- Pekin-2022 Qış Olimpiya Oyunlarının skeleton yarışlarında iştirak edən idmançılar tarixdə ilk dəfə 180 dərəcəlik döngəli trassda yarışacaqlar.

- Pekin-2022-nin proqramına 7 yeni idman növü daxil edilib. Onlardan 4-ü qarışıq növlərə (kişilər və qadınlar) aiddir.

- Pekin-2022-nin biq-eyr yarışlarının keçiriləcəyi Şoqen xizək tramplinin hündürlüyü 60 m, uzunluğu 164 m olacaq.


Ardı var...

21269 oxunub

InvestAZ