XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Nazim Hüseynov - Zəfər salnaməsində «ilk qızıl» qazanan canlı əfsanə
İdman 13:41 / 09.07.2020


«Uşaq vaxtından uduzmağı sevmirdim»

Ölkəmizi beynəlxalq miqyasda layiqincə təmsil edən idmançılarımızdan bəhs edən yazıya məşhur Olimpiya mükafatçılarından biri olan qvatemalalı Erik Barondonun müsahibələrindən birində səsləndirdiyi fikirlə başlamaq yerinə düşər. London-2012 Yay Olimpiya oyunlarında 20 km idman yerişində bürünc medal qazanan idmançı sonrdan bu fikirləri səsləndirmişdi. «Mən inanıram ki, qazandığım bu bürünc medaldan sonra vətənimdə yeniyetmə və gənclər pis vərdişlərdən çəkinəcək, sağlam həyat yaşayacaqlar.» Bu zamanında deyilmiş və hər zaman aktuallığını qoruyan sitatlardan biri idi. Hər bir sahədə olduğu kimi, idmanda böyük uğurlara sahib olan ölkəmizdə 7 Olimpiya çempionu var. Dünyanın ən böyük idman tədbirində uğur qazanan idmançılar gənc nəsil üçün örnək sayılırlar. Hər Olimpiya oyunlarından sonra ölkəmizdə idmana olan maraq daha artır. Məsələn, əgər cüdoda, taekvondoda, güləşdə atletlərimizdən biri Olimpiya çempionu olursa, həmin növə axın durmadan artır. Bu da təbiidir. Televiziya, qəzet və informasiya portallarından atletlərimizin uğurunu izləyən valideynlər övladlarını sağlam və çempion kimi görməyi düşünürlər. 
Milli Olimpiya Komitəsinin (MOK) 22 iyul - Milli Mətbuat Günü münasibətilə "Olimpiya Oyunları - Uğur Hekayələri” mövzusunda müsabiqəsinə yazı təqdim etmək üçün müstəqil Azərbaycanın ilk Olimpiya çempionu Nazim Hüseynovun uğur salnaməsinə müraciət etdik. Müsabiqənin şərtlərinə əsasən yazı Olimpiya Oyunlarına qatılan idmançıların həyat yolundan və uğur hekayələrindən bəhs etməli idi. Elə Nazim Hüseynovun idmandakı həyat yolu və əldə etdikləri nailiyyətlər müsabiqənin şərtlər ilə üst-üstə düşür. Dünyanın pandemiya ilə mübarizə apardığı və ölkəmizdə sərt karantin rejiminin tətbiq olunduğu günlərdə Nazim Hüseynovla görüşə bilməsək də, onunla telefonla əlaqə saxlaya bildik. Nazim müəllimlə yazı barəsində danışıb, məqsədimizi bildirdik. Yazın qəhrəmanı heç bir etiraz etmədən bizə uğurlar dilədi.           
     

«İdman zallarına üz tutan yeniyetmələrin sayı yetərincə artmışdı»
       
Müstəqil Azərbaycanın ilk Olimpiya çempionu olan Nazim Hüseynovun tarixi qələbəsindən sonra idman zallarına üz tutan yeniyetmələrin sayı yetərincə artmışdı. Bunu həmin dövrdə Nazim Hüseynovun qələbələrini televiziya vasitəsilə izləyən və şəkillərini qəzetlərdə görən yeniyetmələrin söhbətlərindən öyrəndik. 1992-ci ildə vəziyyət indiki kimi deyildi. Həmin vaxt internet kimi böyük xəzinə elə də hamıya məlum deyildi. Sosial şəbəkələrdə, mobil tətbiqlərdə informasiya bolluğundan söhbət gedə bilməzdi. Lakin indi  Nazim Hüseynovun və digər idmançıların beynəlxalq görüşlərini «youtube» və «google»də izləmək olur. Amma həmin keyfiyyət, həmin məlumat bizi qane etmir. Etiraf edək ki, «Google»də yazı üçün şəkillər toplamaq istəyimiz elə bir səmərə vermədi. Bu da aydın məsələdir. Lakin ölkəmizə ilk qızıl medal sevincini bəxş edən qəhrəmanımız barədə kifayət qədər xarici mənbələrdə məlumat var. Bunu Nazim Hüseynov da təsdiq etdi. O, bildirdi ki, indi daha müasir və geniş informasiya bolluğu mövcuddur. «İstənilən anda hər bir idmançı və yarış barəsində onlayn məlumat almaq mümkündür. Həmin dövrdə internet elə də geniş vüsət almamışdı. Yalnız televiziya və radiolarda görüşləri izləmək olurdu. Mən çempion olandan sonra ölkədə cüdoya olan maraq artmağa başladı. Əksər zallarda mənim şəkillərimə rast gəlmək olurdu. Bu isə məni sevindirməyə bilməzdi», - o bildirdi.
Belə bir məqamda boksun əfsanəsi Məhəmməd Əlidən bir sitat yada düşür. Qazandığı uğurlardan danışan Əli deyirdi: «Məşq etməyə nifrət edirdim. Zalda əsəb məni rahat buraxmırdı. Özü-özümə deyirdim ki, səbrli ol, zalı tərk etmə. Qoy əziyyət sənə qarşı mübarizə aparsın. Bir vaxt gələcək ki, səni əziyyətə sinə gərib, çempion olacaqsan. Bax onda, bir ömür xoşbəxt yaşayaqcaqsan.»
Nazim Hüseynovun bu zirvəyə yüksəlməsi asan olmayıb. Maddi çətinliklərin məngənəsində sıxılmamaq üçün o, özündə güc tapıb. Sadə və alın təri ilə zəhmətə qatlanan bir ailənin övladı olan Nazim idmana olan həvəsini gizlətməyib. Ailə üzvləri də həmin istəyə qarşı çıxmayıb, yeniyetmə Nazimin idman sevgisinə dayaq olub.  
Nazim Hüseynovun dediklərindən: «Uşaq vaxtından uduzmağı sevmirdim. Şahmat və damanı sevirdim. Mənimlə bacaran az həmyaşıdım tapılırdı. Güləşməyi də sevirdim. Dəcəl olmamışam. Lakin enerjili bir uşaq təsiri bağışlamışam. Hətta baxçada da güləşirdik. Kağızda qeyd olunurdu ki, «kim kimi uddu». Sonda mən qalib gəlirdim. Atam bənna idi. Evin yükü onun üzərində idi. Zaman keçdikcə o yükü azaltmağa çalışırdım. Orta məktəbi də yaxşı oxumuşam. İngilis dilini sevirdim. Çalışırdım ki, idmanı seçib, bu cür tanınam. Bu da mənə müəssər oldu. Məqsəd üçün çalışanda uğur insandan yan keçmir.»

«Barselonaya ikinci qayıdışım qızıl medalla yadda qaldı»

Olimpiya çempionluğu idman karyerasının ən yüksək zirvəsidir. Bu zirvəyə gedən yol heç də hamar olmur. Burada iddia və istək varsa, şansın da olmağı əsas şərtdir. Dövrünün ən güclü cüdoçularından olan Nazim Hüseynov üçün bu şans 1992-ci ildə yaranmışdı. Onun qızıl medal uğrunda keçirdiyi görüşləri heç də asan olmamışdı. MDB bayrağı altında Azərbaycanı təmsil edən bir idmançının tarixdə silinməz iz qoyması, fəxri kürsünün ən yüksək pilləsində bu günə qədər də öz əhəmiyyətini qoruya bilib. Olimpiya oyunlarında ilk çempionumuz həmin anları belə xatırlayır: «İdmana olan həvəsim çox artmışdı. Özümü Olimpiya çempionluğuna kökləyirdim. İndiki idmançılar kimi çoxlu məşq etmək imkanım yox idi. Şərait də elə yaxşı deyildi. Olimpiya oyunlarına qədər mən 1991-ci ildə Barselonada dünya çempionatının bürünc mükafatçısı olmuşdum. Bir il sonra Fransada qitə çempionatının qızıl medalına yiyələndim. Artıq hiss etdim ki, Olimpiya oyunlarında mükafat qazanmağın vaxtı gəlib çatıb. Şükürlər olsun ki, Barselonaya ikinci qayıdışım qızıl medalla yadda qaldı. Olimpiya zirvəsinə yüksəlib, Azərbaycanın ilk olimpiya çempionu kimi tarixə düşdüm. Bu hissləri heç bir sözlə tam ifadə edə bilmirəm. Tanrı bu xoşbəxtliyi mənə nəsib etdi. Qeyd edim ki, həmin vaxt MDB komandasında yer almışdım. Qürur duyuram ki, üçrəngli bayrağımızı daşımaq hüququ mənə verilmişdi. Keçirdiyim 6 görüşdə güclü rəqiblərlə üz-üzə gəldim. İlk görüşdə bolqarıstanlı Orlin Rusevlə üz-üzə gəldim. Təmiz qələbə ilə rəqibim mübarizədən kənarlaşdırdım. İkinci görüşdə qvineyalı Bah Mamadu ilə də eyni nəticəni göstərdim. İtaliyalı Marino Kattedra da mənimlə bacarmadı. Növbədə monqolustanlı Daşqombin Battulqa var idi. 4 dəqiqəlik mübarizədən sonra onu təmiz məğlub edib, yarımfinala vəsiqə əldə etdim. Bu mərhələdə mənə tanış olan rəqiblərimdən biri ilə üz-üzə gəldim. 1991-ci ildə dünya çempionu uğrunda mübarizədə yalnız xal fərqi ilə uduzduğum yaponiyalı Tadanori Koşinodan həmin məğlubiyyətin əvəzini çıxmaq lazım idi. Bunu da bacardım. Belə ki, onu iki «vazari» və bir «yuka» ilə qızıla gedən oldan kənarlaşdırdım. Finaldakı rəqibim cənubi koreyalı Kyun-Hyun Yun oldu. Dünya çempionatlarının gümüş və bürünc, qitə çempionatanın qızıl, dünya kuboklarının dəfələrlə qalib olan asiyalı rəqibimlə sona qədər mübarizə apardım. Son saniyələrdə gözəl bir fəndlə onu məğlub edib, çempion oldum. İndiyə qədər həmin görüşləri unutmuram. Maraqlıdır ki, mən ad günümdə - avqustun 2-də çempion olmuşam. Bu özümün özümə etdiyim ən böyük hədiyyədir.»        

Nazim Hüseynovun iştirak etdiyi mötəbər yarışlar və əldə etdiyi mükafatlar: 




«Ailəm mənim üçün ən gözəl mükafatdır»

Çox az insan tapılar ki, fransız yazıçısı Aleksandr Dümanı tanımasın. Onun ailə dəyərləri ilə bağlı bir fikri hər zaman etalona çevrilib: «Evlilik zənciri o qədər ağırdır ki, onu ikilikdə daşımaq lazım gəlir». Nazim müəllimin həyatında evlilik xoş xatirələrlə yada düşür. O, ailəsini sevən, ömür-gün yoldaşının sadiqliyi ilə fəxr edən bir həyat yoldaşıdır. Fiziki cəhətdən güclü olan idmançımız bir həyat yoldaşı kimi ailə təməlini Rəna xanımla birlikdə qurub, onun keşiyini layiqincə qoruyur. Bu cütlüyün maraqlı həyat hekayəsi var. «Həmin dövrlər çox çətin idi. Artıq yaşa dolmuşdum. Ailə qurmaq vaxtı idi. Maddi imkan isə buna imkan vermirdi. Amma təslim ola bilməzdim. Fransada keçirilən Avropa çempionatında iştirak etdiyim vaxt nişan mərasimim oldu. Lakin həmin mərasim mənsiz təşkil olunmuşdu. Ailə üzvlərim mənim iştirakım olmadan nişan üzüyünü Rəna xanımın barmağına taxmışdılar. Toyumuz Olimpiya çempionu olduqdan sonra baş tutdu. Mənə verilən pul mükafatı ilə ailə qurdum. Çox gözəl bir ailənin təməlini qoyduq. Hazırda üç övladım var. Ailəm mənim üçün ən gözəl mükafatdır.», - deyə Nazim müəllim vurğuladı.  

«İdman mənə yenidən dayaq oldu»

Nazim müəllim haqqında yazıda daha bir mövzuya toxunmaq yerinə düşər. Oxucularımız dərhal müəllifi bilinməyən bir dahinin məşhur fikirləri ilə söhbətin nədən gedəcəyini biləcəklər: «Sən yüksələndə dostların bilir sən kimsən, sən düşəndə sən bilirsən dostların kimdi?»
Təbii ki, Nazim Hüseynovun Olimpiya çempionluğu ona böyük şöhrət gətirmişdi. Bütün dünyada məşhur olan cüdoçumuz Barselonadan Vətənə qayıdanda onu böyük hərarətlə qarşılamışdılar. Onun hər bir anında yanında olan ailə üzvləri və dostları Nazimlə fəxr edirdilər. Maddi və mənəvi çətinliklərə boyun əyməyən qəhrəman idmançımız xalqın sevimlisinə çevrilmişdi. Tezliklə onun dostları artmağa başladı. Həqiqi dostlardan hər hansı birinin çətin məqamda onunla baş-başa olacağı üçün sınaq yarandı. Bu sınaq barəsində Nazim müəllim bunları dedi: «Hamı məni tanıyırdı. Dostlarım doğrudan da artmışdı. Gənc idim. Bir qədər çətin məqamlarım oldu. Səhvlərimi də unutmuram. Həyatın bu sınağında kimin kimi olduğunu bildim. Çətin anlarımda ailəm yanımda oldu. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz müəllimin həmin anlarda dəstəyin hiss etdim. O, gözəl bir insandır. Çingiz müəllim ölkə rəhbərliyinə mənim barəmdə məlumat verdi. Ölkə rəhbərliyi mənə köməklik etdi. Qısa zaman ərzində düşdüyüm çətin vəziyyətdən qurtuldum. İdman mənə yenidən dayaq oldu. Heç kimə həmin vəziyyəti arzulamıram. »


İlk Olimpiya çempionumuz Nazim Hüseynov bu gün yaşayan canlı əfsanədir. Onunla hər birimiz böyük qürur duyuruq. Bu cür simalar gənc nəsilə hər dəfə tanıdılmalı, onun barəsində məlumatlar daim yenilənməlidir. Biz də öz növbəmizdə çalışdıq ki, bu yazı da Nazim Hüseynovun keçdiyi idman yoluna qısaca nəzər salaq, onun uğurlarından danışaq. 

Anar Əhmədov

"Milli Olimpiya Komitəsinin keçirdiyi müsabiqəyə təqdim etmək üçün"







30802 oxunub

InvestAZ