XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024



Şəhidlərimiz-and yerimiz
İdman 17:52 / 08.07.2020

Bir şəhidin  qəribə məzar daşı
(Elegiya)

Hər bir insan üçün həyatda ən gözəl və ən doğma şəxs onu dünyaya bəxş edən anasıdır. Ana müqəddəsdir və müqəddəsliyinə görə də Vətəni  anamız kimi sevir, ona  "Ana Vətən” deyirik. Vətən bizim hamımızın varlığımız, fəxrimiz, qururumuzdur. Vətən uğrunda, onun  azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xöşbəxtliyi naminə şəhid olan qəhramanlar heç vaxt unudulmur, öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar.
Mən Sumqayıt şəhərindəki 16 nömrəli tam orta məktəbdə müəllim işləyirəm. Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyirəm.  

Qarabağ müharibəsində məktəbimizin  məzunlarından doqquz nəfəri şəhid olub.  Aprel şəhidi Əbdülməcid Axundov  və  dövlət sərhədlərimizi qoruyarkən şəhid olmuş  Hafiz  Abdullayev haqqında  məqalə yazmış və mətbuatda çap etdirmişəm.
İndi isə, Dürhəsən Məlikov haqqında yazıram. Mənim əzizlərim, bu şagirdlərlə çox yaxınlığım olub, həm özləri , həm  də ailələri ilə ...
Allah  bütün şəhidlərimizə rəhmət eləsin! Qəbirləri nurla dolsun! Necə deyərlər, bu hiss mənim içimdən gəlir ki, bu gözəl balaların  həyatını bir az işıqlandırım.
Məcidlə  Hafizin  xarakterində bənzərlik var idi. Çox şıltaq, çox haylı – küylü, dəcəl idilər. 
Ancaq, Dürhəsən çox sakit , qaradinməz uşaq idi.
Dürhəsən Əzizağa oğlu Məlikov 1984-cü il yanvar ayının birində Şamaxı rayonunun Təklə kəndində yoxsul bir  ailədə anadan olmuşdu. Atası  Əzizağa kişi kənddə dolanışıq çətin olduğundan Sumqayıt şəhərinə gəlmiş və  Aliminium zavodunda çilingər işləyirdi. Anası – Ceyran xanımın həmişə səhhətində problemlər olurdu. Evdar qadın idi. Dürhəsən evin böyük uşağı idi. Ondan sonra Daşqın və  Heybət adlı   iki  qardaşı da vardı. Bir müddət kənddə yaşadıqdan sonra, Əzizağa qardaş Ceyran xanımı və uşaqlarını Sumqayıta gətirdi. Şəhərdə 29-cu məhəllədə ailə yataqxanasının bir kiçik otağında yaşamağa başladılar. Yataqxana da məktəbimizə yaxın bir ərazidə yerləşirdi.
1991- ci ilin sentyabrında hamı kimi Dürhəsəndə məktəbimizə  birinci sinfə qəbul edildi. İbtidai sinif müəlliməsi, mərhum Zərifə müəllimə idi. Artiq  üç  ildir ki,  Zərifə müəllimə də aramızda yoxdur. Allah rəhmət eləsin!
Müəllim söz düşəndə deyirdi :
 - Dürhəsən, çox ağıllı, tərbiyəli, həm də çox səliqəli uşaq idi . Yersiz bir hərəkəti yox idi. Çalışırdı ki, həmişə də yaxşı oxusun. 
İllər keçdi.... Dürhəsən ibtidai sinfi başa vurdu. Artıq doqquzuncu sinifdə oxuyurdu. Amansız ölüm 1998- ci il 1 apreldə Əzizağa kişini yatdığı yerdə yaxaladı. Heç həkimə belə çata bilmədi. Son sözünü belə deməyə imkanı olmadı. Atəşkəs olunmasına baxmayaraq, hələ də məmləkətimizdə müharibə vaxtı  kimi sayılırdı...  Ana da xəstə... Üç uşaq ... Çox əziyyət çəkirdilər. Şəhərdə yaşamaq, necə də çətin idi. O zamanlar 16 nömrəli tam orta məktəbin direktoru mərhum Araz İsmayılov idi. Araz müəllim  gördü ki, bu ailə çox köməksiz vəziyyətdə qalıb. Ceyran xanımı məktəbə dəvət etdilər. Ceyran xanım çıxılmaz vəziyyətdə qalmışdı. İstəyirdi ki, uşaqları da götürüb rayona – Şamaxıdakı  dədə-baba  yurduna qayıtsın, orada qohum-əqrəbanın əhatəsində övladlarını böyütsün. Araz müəllim imkan vermədi. Onu dilə tutmaqla məktəbə xadimə düzəltdi. Hamımız onu mehribanlıqla qarşıladıq. Hər gün fikirli –fikirli işə gəlib gedirdi. Onu da deyim ki, çox səliqəli qadın idi. Canı ağrısa da, çox təmiz iş görürdü. Axır ki, yavaş-yavaş Ceyran xanım işə alışdı. Artıq səhhətindəki problemlər də yox olmağa başladı.
Dürhəsənin həyatında çətin günlər başlamışdı. O, anasını tək buraxmaq istəmirdi. Axşamüstü uşaqlar dərsdən çıxandan sonra həmişə gəlib anasına kömək edirdi. Özü axşamüstü gəlirdi ki, məktəb uşaqları onu görməsinlər. Çox qorxurdu, anasının səhhəti o qədər də yaxşı deyildi. Allah eləməmiş, birdən analarını da itirərlər. Beləliklə. ana müxtəlif yerlərdə, mağazalarda, evlərdə təmizlik işləri görüb çətinliklə ailəni saxladı.
Dürhəsən on birinci sinfə çatdı. Ali məktəbə daxil olmaq arzusu ilə əlavə  məşğələlərdə iştirak edirdi. Ancaq anasına kömək etməyi heç vaxt yadından çıxartmırdı. Orta məktəbdən qarşısına məqsəd qoymuşdu ki, hərbiçi olsun.  Demək olar ki, nə vaxt onu məktəbdə axtarsan, tənəffüs vaxtıda ikinci  mərtəbədə yerləşən Gənclərin Çağırışaqədərki Hazırlıq kabinetində, Qarabağ müharibəsi iştirakçısı, Milli Ordunun mayoru, müəllim Mətləb Quliyevin yanında tapardın. Elə görürdün ki,  divardaki Milli Qəhrəmanların və  məktəbimizin şəhidlərinin şəkillərinə baxır, hər biri haqqında məlumatlı olmaq istəyirdi. 2001- ci ildə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil oldu.  İlahi.  Dürhəsənin anası, qardaşları nə qədər sevinirdilər...
Doğrudan da,  bizim kollektiv də çox sevinirdi. Axı, gözümüzün önündə idi hər şey. Ceyran xanım sevincindən məktəb açılanda hamımıza şirinlik payladı. Biz də təbrik etdik. Xəstəlik ananın yadından tamam çıxmışdı. Çox sevincək olmuşdu. Tez-tez Bakıya Dürhəsənin yanına gedirdi. Axır ki, 2005-ci ildə Dürhəsən Ali Hərbi Akademiyanı bitirdi. Anası və qardaşları onun buraxılış gecəsində  iştirak etmişdilər. Ailənin sevinci yerə göyə sığmırdı. Artıq pis günlər arxada qalmışdı. Dürhəsən oxuduğu müddətdə nə vaxt evə gəlsə, mütləq məktəbə baş çəkərdi. Hərbi libas ona o qədər gözəl yaraşırdı ki... Rəhmətlik atasına oxşayırdı. Atası kimi  uca boylu, qaraqaşlı bir gənc idi. Gəlişi mütləq birinci Mətləb müəllimin otağı olardı.
İllər gəlib keçdi. Dürhəsən arzusuna çatdı. Vətənpərvər bir hərbiçi oldu. Uşaqlıqdan qarşısına məqsəd qoymuşdu. Hərbiçi olsun, özü də, döyüş bölgələrində gecə - gündüz vətənin keşiyini çəkən mərd oğulların yanında olsun.
Beləliklə, 2005 –ci ilin may ayının 17-də  təyinatla Ağdam rayonunun Çəmənli kəndində yerləşən 190 saylı hərbi hissədə zabit kimi fəaliyyət göstərməyə başladı. Çox həvəslə işləyirdi. Tez bir zamanda çox şeylər öyrəndi. Başı işə çox qarışmışdı ki, dostları ilə, bir an diqqətsiz olmadığı anası, qardaşları ilə əlaqə saxlamaq da az qala yadından çıxsın. Gecə-gündüz fikirləşirdi ki, qaçqın soydaşlarımız bu cür gözəl yerlərdən getməyə məcbur olublar, nə zaman dədə- baba yurdlarına qayıdacaqlar?
Ağdam rayonunun havası, təbiəti, onu çox heyran etmişdi. Öz-özünə deyirdi: "Mütləq bu mənfur düşmənlərdən belə əsrarəngiz gözəlliyi olan torpaqlarımız azad olmalıdır.”    
 Beləcə, Dürhəsən ürəyində arzular, fikirləşə-fikirləşə düşmənlə üzbəüz dayanmışdı, Vətənin keşiyini çəkirdi. Doğrusu, özüm üçün acı xatirə saydığım bir əhvalat heç vaxt yadımdan çıxmır. Dürhəsən həmişə məktəbə gələndə mənimlə də görüşürdü. Mən həmişə ona deyirdim ki, ay Dürhəsən, qadan alım, bu gözəl geyim - hərbi libas sənə çox yaraşır, bir siniflərə gir, uşaqlar da görsün səni, onlarla söhbət apar, qoy onlar da Vətənin dar günündə ona kömək etmək, yəni hərbiçi olmaq istəsinlər.
Bilmirəm, başım nəyəsə qarışmışdı. Dürhəsən sonuncu dəfə gələndə görmədim. Demə, yazıq uşaq məni axtarıb tapmayıb. Mən müəllimlər otağına gələndə, hamı bir ağızdan: "Harada idin, Dürhəsən gəlmişdi, hamımızla görüşdü, səni tapa bilmədi, vaxti az olduğuna görə gözləyə bilmədi”. Hamı sevinirdi ki, Dürhəsən çox dəyişmişdi, yaxşılaşmışdı. İşlədiyi üçün, anasına, qardaşlarına maddi cəhətdən kömək etdiyinə görə çox sevinirdi.
Ataların yaxşı məsəli var: "Sən saydığını say, gör fələk nə sayır”. 2007-ci il oktyabr ayının  6-sı idi. Səhər tezdən dərsi olmayanlar müəllimlər otağında oturmuşdular. Sakitlik idi. Hamı dərsdə idi. Birdən müəllimlərdən birinin həyacanlı səsni eşitdik:
- Ay, aman  Dürhəsən şəhid olub,  tabutunu gətiriblər, həyətlərinə çoxlu insanlar yığışıb, Ceyran da yoxdur, başqa yerə işə gedib, yazıq ana. 
Yerimizdə donub qaldıq, "bircə həftə idi ki, Dürhəsən məktəbə gəlib hamı ilə görüşüb, getmişdi”. Məktəbdə müəllimlər, şagirdlər, valideynlər bir-birinə qarışdılar. Ancaq onun sinif rəhbəri, tarix müəllimi Hökümə müəllimə ağlaya-ağlaya sakit səslə dedi: "İlahi, uşaq illər boyu ürəyində bəslədiyi arzusuna çatdı. Həmişə şəhidlərdən danışanda diqqətlə qulaq asar və bəzi suallar verərdi. Hərdən də deyirdi, "müəllim, mən şəhid olmaq istərdim”. Sual verdim ki, niyə? Deyirdi ki, "müəllim şəhidlər ölmürlər ki, hamının qəlbində yaşayırlar, hətta onların dəfnində Prezident də iştirak edir. Şəhidlərin qohumları hörmətlə qarşılanır”.
Beləcə, həyacan içində bütün kollektiv getdik arzuları yarımçıq qalan Dürhəsənin hüzr məclisinə. Xeyir-şər evinə yaxınlaşanda gördük ki, yan tərəfdə çoxlu əsgər, əllərində bayraqlar, çoxlu mülki geyimli şəxslər, Sumqayıt şəhər İcra Hakimyyətinin nümayəndələri - hamı gəlib içəri daxil olduq. Yazıq uşaq o qədər uca idi ki, tabutu da böyük idi. Hamı ağlayırdı. Qonşular, qohumlar fəryad edirdilər. Əmisi özünü yerə çırpırdı. Bibiləri, xalaları hamısı gəlibmiş demə. Birinci xəbər Şamaxıda olan qohumlarına çatıbmış. Təkcə illər boyu müxtəlif yerlərdə, "bir qarın ac, bir qarın tox”- təmizlik işi görüb pul qazanıb balalarını zülümlə saxlayan, yenicə sevinə-sevinə balasının əlini çörəyə çatdıran Ceyran anaya xəbər çatmayıbmış. Məktəbdə ikinci növbə işlədiyindən, sən demə 5-ci məhəllədə bir mağazaya tezdən təmizlik işləri görməyə gedibmiş. Heç nədən xəbəri yox imiş. Bir həftə idi balası getmişdi. Dünən telefonla əlaqə saxlamışdı. Ağlına belə gəlməzdi: 
Birdən qonşulardan bir xanım uca səslə qışqırdı: "Ay aman! Ceyranı gətirirlər”. Hamını elə bil cərəyan vurdu. Bir anlıq, hami sakitləşdi......
Mən o qadının təkbaşına, zülümlə saxladığı oğlunun tabutunu görəndə, ananın mimikasını, məğrur gəlişini, hamıya başı ilə salam verməsi, vüqarla aşağı əyilib tabutun baş tərəfində əyləşməsi hamını şoka saldı.
Elə Aprel şəhidi Əbdülməcidin anası kimi: "Ay bala, sən öz arzuna çatdın, mən çatmadım axı.... Ay oğul, istədim gedəm Hərbi Komissarlığa yalvarım, yaxarım ki, tək ailə başçısıyam, nə olar, Dürhəsənin yerini müharibə zonasından başqa yerə dəyişdirin. Mənə dedin ki, ana, qurban olum, nə deyirsən eləyim, bircə bu işi görmə və o sözləri demə. Axı mənim illər boyu arzum idi hərbiçi olum, işğal olunmuş torpaqlarımızın azad olunmasında iştirak edim”.
- Nə olar, belə sözü bir də işlətmə. Vətən dardadır! Məni də Vətən yetişdirib, Dövlət oxutdurub. Mən indi dar gündə Vətənə lazımam.
 - Oğlum hər gələndə qərənfillər alıb Şəhidlər Xiyabanına gedirdi. İndi özün də şəhid oldun, bala! Mən isə yaman günə qaldım. Axı, başqa analar kimi mənim də arzularım var idi. Sənin adına qızıl üzük, qızıl sırğa dəsti almışdım, bir-iki yaylıq, nişan şərfi almışdım.
İnanın bu sözləri deyə-deyə Ceyran xanım göz yaşı tökürdü. Məclisə gələnlər, eyni zamanda İcra Hakimiyyəti nümayəndələri, hərbiçilər - hamı ananın bu təmkini qarşısında baş  əydilər.
Təkcə əmisi Rəşid sakitləşmirdi. Hara gəldi özünü çırpırdı. Yaşca cavan idi. 30 yaşı olardı, elə deyirdi: "sən yetim idin, evlənməmişdin də, gərək mən öləydim, mənim toyum olmuşdu. İndi uşağım da olacaq. Ancaq, səndən yadigar belə yoxdur”.
Günortaya kimi Dürhəsənin dostları, yoldaşları, hamı onunla bağlı ancaq xoş xatirələr danışır, çox sakit və tərbiyəli uşaq olduğunu söyləyirdilər. Mən həmişə Ceyran xanıma deyirəm ki, bircə pis iş oldu ki, siz imkan vermədiniz Dürhəsən burda - yaşadığı, təhsil aldığı Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilsin və o bizlə razılaşır ki, düz deyirsiniz. Ancaq, ay qızlar o mənə gizlicə demişdiki, Ana, görürsən də, müharibədir, bilmək olmaz, birdən şəhid olsam, məni atamın lap yaxınlığında dəfn elə. Çünki, mən ondan, o məndən doymadıq. Mən də möhkəm onu danladım. Özü də axırıncı dəfə gələndə demişdi bu sözləri mənə. Doğrudan da o zaman Ceyran xanım heç kəsi  dinləmədən bizi Şamaxı rayonun Təklə kəndinə yola saldı. "Başqa heç nə lazım deyil”- demişdi.
Doğrudan da, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri, Təhsil Şöbəsinin nümayəndələri, məktəbin direktoru Niyaz müəllim- hamı Ceyran xanımı fikrindən döndərə bilmədilər. Yola saldıq. Ana özü şəhid övladının istəyi ilə balasını atasına qovuşdurdu. 40 gün orda qaldı. Biz də məktəbimizdən 50 nəfər avtobusla Dürhəsənin 40 mərasiminə getdik. Xəbər eləmişdik ki, gəlirik. İnanın- bütün təşkilatlardan olan nümayəndələr kəndin girəcəyində bizi qarşıladılar. Güllər almışdıq. Məzarı önünə getdik. Dəhşətə gəldik. Ata ilə bala dayanıb sanki bizi gözləyirdilər. Ana yandığından Dürhəsənin məzar daşını çox fərqli bir şəkildə sifariş veribmiş:
Sağ olsun dövlətimiz, Prezidentimiz. Ana necə deyib o formada qəbir daşı düzəldilib. Ona görə də həmin  qəbir daşının şəklini burda göstərəcəm ki, hamı məqaləni oxusunlar, görsünlər.  İlahi! Qəbrin üstündə nə qədər xonçalar, güllər var idi. Sən demə ana 40 gün ərzində hər gün oğlu xoşladığı yeməkləri, şirniyyatları bişirib qohum əqrəbaları ilə oğluna pay gətirirmiş.
Qəbir daşının başında bir böyük bayraq qəbir üstündə dalğalanırdı. Çox qəribə bir mənzərə, qanları donduran bir ab-hava vardı  məzarda. Ancaq onu deyim ki, Ceyran xanım yenə böyük təmkinlə gələn qonaqlarla görüşdü və dövlətimizə, yasa gələn qonaqlara minnətdarlığını bildirdi.
Dürhəsənin acı həyat hekayəsi beləcə başa çatdı. Sumqayıt şəhərində də 40 mərasimi oldu. İnsanlar axışıb gəlmişdilər. Hamı şəhidin anasına baş sağlığı verirdilər.
İndi, Dövlətimizdə sağ olsun, Prezdentimiz  də. Bu imkansız, şəhid ailəsini diqqətsiz buraxmadı.  Elə həmin zaman birdəfəlik 11 min manat yardım edildi. Bir müddət sonra evlə təmin edildilər.
Qardaşlar da artıq böyüyüblər, dolanırlar. Ceyran xanım yenə bizimlə birlikdə işləyir. Hamımız hörmətini saxlayırıq. İndi şəhid balası ilə qurur duyur, onunla fəxr etdiyini söyləyir. Həmişə də oğlunun məzarını ziyarət etməyə gedir. Tez-tez də məzar daşının üzərində dalğalanan bayrağı dəyişdirir.
Bax bizim Dürhəsən balamız 21-cə bahar yaşadı. Ancaq arzusuna çatdı. Bizim məktəbimizin kollektivi də onunla fəxr edirik. Mən də bu məqaləni yazdım ki, bu şəhidimiz haqqında da hamının məlumatı olsun.
 Elegiyamın bu yerində, gözəl şairimiz Əşrəf  Veysəllinin bir şeirini xatırlamağı özümə borc biıirəm.
          Ağlama bəsdi.
Qəmli gözlərinin yaşını qurut,
Bəsdir, ürəkləri dağlama daha.
Ay şəhid atası özünü şax tut,
Ay şəhid anası ağlama daha.

Ay şəhid qardaşı gül tut əlində,
Qarşıla döyüşdə ölən qardaşı.
Gah heykəl şəklində, gah büst şəklində,
Gah kitab şəklində gələn qardaşı.

Bu ki, bir qanundur əbədi qanun, 
Gələn getməlidir, gedən gələcək.
Vətənin uğrunda şəhid olanın,
Hər gün görüşünə Vətən gələcək.

Qanlı tarixlərə düşdü izləri,
Harda döyüşdülər, harda qaldılar. 
Həqiqət budur ki, onlar özləri
Vətənin döşündə orden oldular.


Rüxsarə Çopan qızı  SÜLEYMANOVA,
 Sumqayıt şəhəri 16 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi
    
  


26716 oxunub

InvestAZ