XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



20 YANVAR - AZƏRBAYCAN XALQININ TALEYİNƏ ŞƏHİD ÖVLADLARIN QANI İLƏ YAZILMIŞDIR
İdman 10:25 / 16.01.2020

AXC-də daxili böhranın kəskinləşdiyi dövrdə Dağlıq Qarabağda erməni yaraqlıqlarının azərbaycanlılara qarşı əsl müharibə əməliyyatlarını genişləndirmələri respublikadakı siyasi gərginliyi son həddə çatdırmış oldu. Uzun müddət fəaliyyətsizlik göstərmiş respublika rəhbərliyi birdən-birə olduqca şübhəli şəkildə cəsarətə gələrək, açıqdan-açığa könüllü silahlı dəstələrin yaradılması uğrunda çıxış etməyə başladı. 1990-cı ilin 15 yanvarında Azərbaycan KP MK-nın I katibi Ə.Vəzirov Bakı məişət soyuducuları zavodu işçiləri ilə görüş zamanı silah tuta bilən bütün gəncləri könüllü dəstələrə yazılmağa çağırdı və eyni zamanda onların silahla təmin ediləcəyini bildirdi. Bu görüş və Vəzirovun çağırışı Azərbaycan televiziyası ilə bütün respublikaya translyasiya olunurdu. Bu cür çağırışlar partkomların adından həmin günlərdə Bakının bütün müəssisə və idarələrində asılmışdı. Məhz partiya komitələrində könüllərin siyahıları toplanırdı. Tamamilə aydın idi və ya aydın olmalı idi ki, çox böyük fitnəkarlıq hazırılanır. Lakin Xalq Cəbhəsinin radikal qanadı hakimiyyət uğrunda mübarizə eyforiyasında bu fitnəkarlığa uyaraq, təkcə AXC-ni deyil, həm də bütün milli-demokratik hərəkatı zərbə altında qoydu. AXC İH-ni xəbərdar etmədən onlar Milli Müdafiə Şurası (MMŞ) yaratdılar və yeni seçilmiş İH-ni fakt qarşısında qoydular. Sonrakı hadisələr göstərdi ki, MMŞ-nin respublika rəhbərliyinin bilavasitə təhriki ilə yaradılmıışdı. Belə bir fakt əlamətdardır ki, mərkəzin o vaxt Bakıda olan nümayəndələri – Y.M.Primakov, A.İ.Girenko əsasən AXC İH ilə deyil, MMŞ üzvləri ilə danışıq aparırdılar, yaxud onları ayrı-ayrılıqda qəbul edirdilər. Beləliklə, MMŞ-nin yaradılması həmin böhranlı günlərdə AXC İH-nin hadisələrə rəhbərlikdən uzaqlaşdırılmasına xidmət edərək, mərkəzin qurduğu oyunda vasitələrdən biri rolunu oynamışdır. MMŞ üzvlərinin özlərinin hansı məqsəd güddüklərinin bu məsələdə elə bir əhəmiyyəti ola bilməzdi. 1990-cı il yanvarın 13-də Bakıda erməni talanları başladı. Hələ 30 dekabr 1989-cu ildə AXC-nin rəsmi orqanı olan «Azadlıq» qəzeti Bakının erməni əhalisinə qarşı qanuna zidd ayrı-ayrı faktları pisləyərək, əhalini xəbərdar edirdi ki, millətlərarası zəmində hər hansı kütləvi zorakılıq aktları yaxın dövrdə keçirilməsi gözlənilən Ali Sovetə seçkilər ərəfəsində Bakıda xüsusi vəziyyətin və komendant saatının qoyulması üçün bəhanə verə bilər.
Respublikada son həddə qədər gərginləşmiş vəziyyəti SSRİ Ali Soveti Rəyasət heyətinin «Dağlıq Qarabağ və bəzi digər rayonlarda fövqəladə vəziyyət elan olunması» haqqında 15 yanvar 1990-cı il tarixli fərmanı, xüsusilə həmin fərmanın Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinə Bakı və Gəncədə komendant saatı tətbiq edilməsini tövsiyə edən VII bəndi daha da kəskinləşdirdi. Respublika əhalisi hamılıqla həmin fərmanı ədalətsiz, ermənipərəst bir akt kimi qiymətləndirirdi. Fərman elan olunduqdan sonra hərbi hissələrin ətrafında piketlərin qurulması başlandı.
AXC İH-nin 17 yanvar tarixli qərarı ilə SSRİ Ali Soveti Rəyasət heyətinin bu fərmanı Azərbaycan xalqının milli ləyaqətini təhqir edən bir sənəd kimi qiymətləndirildi. AXC İH-nin qərarında 20 yanvar 1990-cı ildə Azərbaycan Ali Sovetiinin fövqəladə sessiyasının çağırılması və bu fərmanın Azərbaycan SSR-nin suverenliyi haqqında Konstitusiya Qanununa zidd bir akt kimi fəaliyyətinin dayandarılması tələb edilirdi. Eyni zamanda, AXC qoşunun şəhərə silahla yürüş edəcəyi təqdirdə ona müqavimət göstərməməyə çağırdı.
Yanvarın 17-də Azərbaycan KP MK-nın binası qarşısında Ali Sovetin fövqəladə sessiyasını çağırmaq və respublika rəhbərliyinin istefası tələbi ilə fasiləsiz mitinq başladı.
Moskva xalqın gözündə özünü tamamilə rusvay etmiş yerli oyuncaq rejimi xilas etmək üçün son tədbirə – silahlı qüvvə tətbiqinə əl atdı. SSRİ Ali Sovetinin Rəyasət heyəti Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında M.S. Qorbaçov tərəfindən imzalanmış fərmanı qəbul etdi və məlum olduğu kimi həmin fərman çoxdan hazırlanmış cinayətin ən vəhşi şəkildə həyata keçirilməsinə formal əsasdan başqa bir şey deyildi.
Yanvarın 19-dan 20-nə keçən gecə rus qoşunları əhalini xəbərdar etmədən Bakı üzərinə hücuma keçdilər.
Bakıya qoşun yeridilməsi və günahsız dinc əhalinin qırılmasına haqq qazandırmaq üçün SSRİ-nin ali rəhbərləri bir-birini inkar edən ziddiyyətli bəyanatlar verirdilər. Bizə elə gəlir ki, bu əməliyyata bilavasitə rəhbərlik etmiş müdafiə naziri D.Yazovun sözləri həqiqətə daha yaxındır. 20 yanvardan bir neçə gün sonra D.Yazov hələ Bakıda olarkən, «İzvestiya» müxbirinin sualına cavab olaraq bildirmişdi ki, qoşun şəhərə AXC-nin mövcud strukturunu məhv etmək üçün daxil olub. Hərbçilər tərəfindən demokratik hərəkatın 200-dən çox fəalı həbs olundu. AXC İH və rayon şöbələri gizli fəaliyyətə keçdilər. 20 yanvar faciəsindən sonra yaranmış vəziyyəti təhlil edərək, AXC İH 26 yanvar 1990-cı il tarixli qərarında bütün rayon (şəhər) şöbələri, dayaq dəstələri və ayrı-ayrı üzvlərdən tələb etdi ki, yalnız dinc siyasi vasitələrlə təcavüzkarlara qarşı mübarizə aparsınlar.
Xalqımızı aldatdılar, qanına qəltan elədilər.
Əvvəlcədən düşünülmüş ssenari üzrə igid cavanlarımıza, ana-bacılarımıza, hətta körpələrimizi də qırdılar.Televiziya qurğuları dağıdıldı, radionun səsi kəsildi. Şəhərin «əməliyyat» aparılacaq masssivlərində elektrik xətlərini iflic etdilər ki, xəbərdarlıq etmədən əliyalın, dinc əhaliyə divan tutsunlar, bəd əməllərini görən olmasın, istədiklərini edə bilsinlər.
Ayrı-ayrı adamların məsuliyyətsiz çıxışlarını öz suverenliyini, azadlığı uğrunda ayağa qalxan adı ilə bağlayıb «başqa çıxış yolu yox idi» deyərək, qırğın törədənlər üçün əslində ən əlverişli fürsət ələ düşmüşdü.
Şəhərdə sabitlik yaratmaq əvəzinə, dörd səhv qərar qəbul edildi: 1.Ümumi tətillər. 2. Şəhəri qorumaq məqsədilə yollarda kütləvi piketlər təşkil etmək. 3. Mitinqlərin MK qarşısına köçürülməsi. 4. İstefa şüarı. Bunların hamısı böhranı dərinləşdirdi. Hərəkatın dinc xarakterini qoruyacaq yeganə doğru şüar Respublika Ali Sovetinin sessiyyasını çağırıb, Ermənistanla sərhəddəki toqquşmalara rəsmi siyasi qiymət verməyi tələb etmək idi.
Bakıda fövqəladə vəziyyət barədə fərman «Zaman» proqramında elan olunmalı idi. Amma televiziyanın enerji blokunun partladılması buna imkan vermədi. Bakı əhalisi şəhərdə fövqəladə vəziyyət elan olunduğunu ancaq səhər saat 6-ya qədər yüzlərlə adamın qanı axandan sonra bildi. Qanlı yanvar günlərində xalqımız öz yolunu müəyyənləşdirdi, qanı axa-axa, hər cür məhrumiyyətlərə sinə gərərək azadlığa doğru addımladı.
Mərkəzdəki Azərbaycana düşmən qrupların və daxildəki satqınların səyi nəticəsində azərbaycanlıların Qarabağdakı dədə-baba torpaqlarından köçürülməsi həyata keçirildi, xalq hərəkatı içərisində təfriqə salındı. Nəticədə Azərbaycan öz tarixi ərazisi olan Qarabağı tamamilə əldən verdi. Bunun ardınca tarixi cinayət - Qanlı Yanvar qırğını baş verdi: 744 nəfər yaralandı, 131 nəfər şəhid oldu. 400 nəfər həbs olunub, 4 nəfər itkin düşüb. Onlardan – 117-si azərbaycanlı, 6-sı rus, 3-ü tatar və 3-ü yəhudi olub.
XX əsrin 90-cı illərində SSRİ-nin dağılması nəticəsində yaranmış şəraitdən istifadə edən Ermənistan hakimiyyət dairələri Azərbaycana, o cümlədən Naxçıvana qarşı öz ərazi iddialarını artıq müharibə yolu ilə gerçəkləşdirmək qərarına gəldilər. Naxçıvan çətin sınaqlar qarşısında qaldı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gencə Sovet qoşunlarının Bakıya hücumundan 8 saat əvvəl sovet qoşun birləşmələri və erməni silahlı dəstələri Naxçıvan Muxtar Respublikasına hücum etmiş, qan tökülmüş və erməni quldur dəstələri Naxçıvan Muxtar Respublikasının Kərki kəndini işğal etmişdir.
Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində vaxtilə Ümumittifaq şəbəkəsinə daxil olan, Azərbaycanı Naxçıvanla bağlayan dəmir yol xətləri və avtomobil yolları kəsilmiş, Naxçıvana Azərbaycandan təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq taleyi qismət olmuşdur.
Rus ordusunun Qorbaçovun başçılığı ilə Bakıda törətdiyi dəhşətli hadisəni bütün dünyaya bəyan etmək üçün Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlir. Xarici jurnalistlərin qarşısında Heydər Əliyev SSRİ-i tarixində ilk dəfə olaraq, o dövrki Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçovu Azərbaycan xalqının qətlində ittiham edərək bildirdi ki, bu gün (19-20.01.90) Azərbaycan xalqının taleyinə qanlı, faciəli gün kimi şəhid övladların qanı ilə yazılmışdır. Yanvar ayının 19-dan 20-nə keçən gecə və sonrakı günlərdə Bakının küçələrində, meydanlarında qan dizə çıxdı.
Ən müasir silahlarla xalq atəşə tutuldu, tanklar, toplar dinc əhalini amansızcasına, vəhşicəsinə məhv etməyə başladı. Bu çıxışdan sonra isə Heydər Əliyev xalqının ağır və faciəli günlərində vətənə dönməyi qərarlaşdırır. Dağılmaqda olan imperiya Heydər Əliyevin şəxsiyyətinə və bu dahi insanın siyasi baxışlarına yaxşı bələd olduğu üçün onun öz doğma vətəninə dönməsinə böyük manelər törətməyə başlayır. Amma dahi siyasətçi Heydər Əliyev bütün bu maneələri dəf edərək Bakıya dönməyə müvəffəq olur. Bu dövrdə öz çirkin əməllərini həyata keçirmək istəyənlər Heydər Əliyevin Bakıda siyasi fəaliyyətinə maneələr yaradır və onun ölkəni tərk etməsini istəyirlər. Xalqımızın fəlakətlərə sürükləndiyi bir vaxtda, erməni işğalçılarının ölkəmizin içərilərinə doğru hərəkət etdiyi bir zamanda Naxçıvan əhalisi yekdillik və uzaqgörənliklə Heydər Əliyevi Azərbaycan Respublikası Ali Sovetinə deputat və özlərinə rəhbər seçdi. Yalnız bundan sonra taleyin ümidinə buraxılmış Naxçıvan, Qarabağ və ümumiyyətlə, bütöv Azərbaycan fəlakətdən qorunmuş oldu.
Əziz oxucu, bu hadisə necə də H.Cavid taleyinin əks-sədası kimi səslənir: «Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü» deyən bir şairin harayı ilə səsləşir.
Məhz belə ağır bir şəraitdə Naxçıvan əhalisi böyük mərdlik və yenilməzlik nümayiş etdirərək, Azərbaycanın bu qədim torpağını ermənilərin işğalı təhlükəsindən xilas etdi və onun müxtariyyət statusunu qoruyub saxladı. Naxçıvanın 1990-cı ilin yayında seçilmiş Ali Seveti həmin il noyabrın 27-də birinci sessiyasında muxtar respublikasının adından «sovet», «sosialist» sözləri çıxarmış, Ali Sovetin adının dəyişdirilib Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırmışdır.
AXC-nin həmin dövrdə gücü və imkanları yalnız martın 5-də AXC-nin qərarı ilə dayandarılan 40 günlük ümumrespublika tətilinin müvəffəqiyyəti əyani sübut oldu. Həmin tətil nəticəsində dövlətə yarım milyard manatdan çox ziyan dəydi.
20 yanvardan sonra rus süngülərinin köməyi ilə hakimiyyətə gəlmiş Mütəllibov rejimi Azərbaycanı milli fəlakətə gətirib çıxarmış sələflərinin xalqa zidd siyasətini davam etdirdi. «Yeni rəhbərliyin» özündən əvvəlki rəhəbərəliyin acı təcrübəsindən nəticə çıxaracağına, respublikanı siyasi böhrandan çıxarmaq üçün müdriklik göstərəcəyinə, AXC və başqa demokratik qüvvələrlə fəal əməkdaşlıq edəcəyinə bəslənən ümidlər doğrulmadı. İlk həftələrdə müəyyən gözləmə mövqeyindən sonra Mütəllibov rejimi AXC-yə qarşı kəskin qarşıdurma siyasətinə keçdi. Azərbaycan xalqının taleyi üçün bu təhlükəli siyasətlə bağlı həyəcan Azərbaycan Elmlər Akademiyasının, yaradıcılıq ittifaqları rəhbərlərinin də imza qoyduğu 75 nəfər görkəmli elm, mədəniyyət və incəsənət nümayəndələrinin bəyanatında əks olundu. «75-lər bəyanatı» adlanan həmin bəyanat «Elm» qəzetinin 1990-cı il 28 aprel tarixli sayında çap olunmuşdu. Bəyanatda göstərilirdi ki, «Bütün məsuliyyətimizlə bildiririk: yaxın keçmişdə buraxılmış səhvlərin təkrar olunmasına qorxulu meyl mövcuddur. Bizim fikrimizcə, respublika rəhbərliyi real şəkildə mövcud olan bütün vətənpərvər və demokratik hərəkatların birləşməsi üçün təsirli tədbirlər görmür. Hamıya aydın olmalıdır ki, indi respublikada qoşun gücünə saxlanan qayda-qanun müvəqqətidir. Əgər indi ən təcili şəkildə əsl ictimai sakitliyin möhkəm özülünün yaradılması üçün təsirli tədbirlər görülməzsə, zorla bərqərar edilmiş «sükut» sonradan daha böyük faciələrlə qurtara bilər.
1990-cı ilin yayında fövqəladə vəziyyət rejiminin bir qədər yumşalmasına baxmayaraq, AXC fəallarına qarşı təqib və sıxışdırmalar hələ də davam edirdi. «Azərbaycan» qəzetinin qeyd etdiyi kimi, «əgər yanvar faciəsinə qədər respublikada durğunluq dövrü nümunəsində partiya mövcud idisə, indi Azərbaycana kobud hərbi qüvvəyə arxalanan stalinçi partiya rəhbərlik edir». Qəzet haqlı olaraq, respublikadakı hakim rejimi «hərbi-partokratik» rejim kimi xarakterizə edirdi. Bu baxımdan A. Mütəllibovun 1 iyul 1990-cı ildə Xankəndinə Azərbaycan televiziyası ilə translyasiya olunan çıxışı olduqca simvolik idi. Həmin çıxışında A.Mütəllibov açıqca bildirdi ki, SSRİ-də hansı proseslər baş verir versin, bizim respublikada, bizim xalqımızın öz ənənələri vardır. Onun fikrincə, bu ənənə «Azərbaycan xalqının gücə və nüfuza tabe olmaq xüsusiyyətindən ibarətdir və odur ki, Azərbaycanın «güclü» hakimiyyətə, ölkədə möhkəm qayda-qanun yaratmağa qadir «sərt ələ» ehtiyacı vardır. Mütəllibovun daxili siyasətinin ana xəttini təşkil edən bu tezisin həqiqi müəllifi Nəcibullanın keçmiş müşaviri V.Polyaniçko idi. Bütün ölkədə demokratikləşmə prosesinin günü-gündən gücləndiyi bir şəraitdə bu siyasətin Azərbaycanda müvəffəqiyyət qazanacağını güman etmək sadəlöhvlük idi. Çox tezliklə tarix özü bu siyasətin perspektivsizliyini sübut etmiş oldu.
1990-1992-ci illərdə Azərbaycanda yaranmış vəziyyətdən ermənilər kəmfürsətcəsinə istifadə etdilər.
1990-cı ildə Ə.Vəzirov Moskvaya qaçanda Azərbaycan xaos vəziyyətində idi. Sonra da AXC ilə Mütəllimov hakimiyyəti arasında çəkişmə-didişmə başladı. Dağlıq Qarabağ, demək olar ki, başlı-başına buraxıldı. Ümumiyyətlə, Qarabağ ərazisi Allah ümidinə qaldı. Əslində, 1989-cu ildə SSRİ hökuməti DQMV-da Xüsusi İdarəetmə Komitəsi yaratmaqla onu, Azərbaycanın tərkibindən çıxartdı.
Həmin vaxtlar Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxmaq üzrə idi. Ermənilər 1988-ci ildən 1992-ci il fevralın 25-nə qədər olan müddətdə Dağlıq Qarabağdakı bütün Azərbaycan kəndlərini boşaldaraq işğal etmişdilər. Buna qədər isə erməni terrorunun ardı-arası kəsilmir, dinc insanlar qətlə yetirilir, yaşayış məntəqələri dağıdılırdı.
Kərkicahan, Umudlu, İmarət-Qərvənd, Qaradağlı, Cəmilli, Tuğ və başqa yurd yerlərimiz ermənilərin silahlı hücumları qarşısında tab gətirə bilmir, insanlar öz ev-eşiklərindən didərgin salınırdı. Bu biçarə insanlara isə sahib çıxan, arxa duran yox idi.
Xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir ki, "Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik”.
Min illərdir ki, insanlar ölür, lakin xalq inamsız mövcud ola bilməz. Xalqı yaşadan və qələbəyə ruhlandıran onun inamıdır. Hazırda məhz belə bir inamı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızda və gənclərimizdə yarada bilmişdir. İnanırıq ki, "Azərbaycana sədaqətdə, məhəbbətdə, alovlu vətənpərvər kimi xidmət etməkdə müdrik siyasətçi Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı Prezidentimiz İlham Əliyev kimi olmalı, ona oxşamalı, ondan öyrənməli” devizi hər bir zaman gənclərin mübarizə və həyat amalına çevriləcək.



Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər doktoru, professor


23553 oxunub

InvestAZ