XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Futbolun estetik tərəfi
İdman 11:46 / 27.12.2019


Mətləbə keçməzdən əvvəl qısaca da olsa, idman növləri ilə duyğuların, emosiyaların bağlılığına toxunmaq istərdim. Məsələn, voleybolda blok qurmaları, endirilən zərbələrin qarşısının alınmasının mümkünsüzlüyü, bir komandanın gözlənilmədən ardıcıl xallar qazanması, basketbolda ustalıq səviyyəsinə görə oyunçuların nəzərə çarpan fərqliliyi, səbətə peşəkar atışlar, anbaan dəyişən mübarizənin gərginliyi, həndbolda müdafiənin yarılması üsulları, çətin situasiyalardan gözəl zərbələrin vurulması, boksda nokdaunların, nokautların baş verməsi, güləşdə, cüdoda qələbəyə aparan fəndlərin tətbiq edilməsi, eləcə də digər fərdi oyunlarda yüksək texniki hərəkətlərin nümayiş etdirilməsi tamaşaçılarda sevinc hisslərinin, şən əhvali-ruhiyyənin, ümumiyyətlə, müxtəlif reaksiyaların yaranmasına səbəb olur.
İdman yarışlarında hər şey ola bilər. Məsələn, bir də görürsən ən məsul birincilikdə buz üzərində rəqs edən peşəkar idmançı ağılagəlməz şəkildə qəflətən yıxılır. Və bu yıxılmaq ona baha başa gəlir. Axı, söhbət çempionluqdan gedir. Xüsusən, tanınmış, məşhur duetlərin fiqurlu konkisürmə yarışlarında proqramın sonunda cüzi bir səhv, yaxud elə yıxılmaq təhlükəsi çempionluğu öz əli ilə başqalarına verməyə gətirib çıxarır. Halbuki hər şey qaydasında idi: proqrama əməl olunması, yüksək sürət, uğurlu musiqi seçimi, mürəkkəb hərəkətlərin əla formada yerinə yetirilməsi, fantastik rəqs... Üzücüdür, amma nə edəsən...Ulduz idmançıların başına da "belə işlər” gələ bilər. Təbii ki, belə hallarda tamaşaçıların da hansı hissləri keçirmələrini təsəvvür etmək olar.
Nəhayət, gəldik çatdıq milyonların sevimlisi olan futbola... Görün, yer üzündə nə qədər insan futbolun sevincini, fərəhini, digər izaholunmaz duyğularını yaşayır. Azarkeşlər üçün futbol başqa bir aləmdir. Axı, futbolda emosiyaların, hisslərin, duyğuların hər növü var.
Çempionlar Liqasının himni... Hər oyundan qabaq səslənən bu musiqini balaca uşaqdan tutmuş böyüyə qədər hamı bilir. Hamı bilir və səbirsizliklə gözləyir ki, bu himndən sonra Çemionlar Liqasının oyunu başlayacaq. Və yaxud, kuboku ələ götürüb öpərək havaya qaldırmaq necə də gözəl mənzərə yaradır. Yerində sanki otura bilmirsən, möcüzəli, şən, şirin duyğular səni bürüyür. Bax, belə gözəl anlardır futbolun estetik tərəfi.
Futbolun məhz estetik tərəfi milyonların qəlbini fəth edir. Əlbəttə, təbii ki, dünyanın ən yaxşı futbolçuları, yüksək peşəkarlıq səviyyəsinə malik olanlar, xüsusi, fərqli üslublu ulduzlar azarkeşlərə, milyonlarla futbol həvəskarına estetik nümunələr bəxş edə bilərlər. Dahi futbolçuların meydanlardakı çıxışından isə daha çox estetik zövq alırlar. Elə bu futbolçuların nümayiş etdirdikləri gözəl oyunlar, gözlənilməz hərəkətlər, vurduqları misilsiz qollar azarkeşlərdə, tamaşaçılarda fantastik, ölçüyəgəlməz ovqat, emosiyalar, ləzzət hissləri yaradır. Daim diqqəti cəlb edən, həmişə yadda qalan bu futbolçular futbolun bəzəyidir. Belələri futbola parlaq rənglər qatanlardır. Təbii ki, burada dahi futbolçuların mükəmməl oyun üslubu, qeyri-adi coşqunluğu, bütövlükdə görünüşü, o cümlədən bədən quruluşu, sifət cizgiləri, saç düzümü, meydanda davranışı da nəzərə alınmalıdır. Onların bəziləri sanki ən yaxşı "dizaynerlərdir”. Ona görə də futbolun estetik tərəfi əsil incəsənətdir. Ona görə də gözəl futbol çoxları üçün əslində maraqlı teatr səhnəsidir.
Futbol dünyasında öz imzalarını yaradanlar və yaşadanlar elə bizlərə zövq bəxş edənlərdir. Bu imzaları milyonlar sevir və alqışlayır. Vaxtı ilə monolit möcüzələr yaradanlar ecazkar oyunarı ilə yaddaşlara köçənlərdir. 18 yaşından başlayaraq futbol aləmində qısa zamanda yüksək sıçrayışlar edən Anatoli Banişevskidən başlamaq istəyirəm. Böyük rəqabətə baxmayaraq gənc yaşında SSRİ yığmasının tərkibinə daxil edilən bakılı forvard öz parlaq oyunu ilə heyətin əsas oyunçusuna çevrilmişdi.
Futbolun nəhəng imzaları olan Eysebiyo, Maradona, Ronaldinyo, Messi haqqında bu yaxınlarda oxucuların ixtiyarına verilmiş”Qo-o-ol!” kitabında yazmışam. Onlar dünya futbolunun inciləridir. Bu futbolçuların karyerasını fenomenal, nadir karyera adlandırırlar. Təbii ki, Peleni də bu siyahıya əlavə edərək bildirirəm ki, bu futbolçuların ən böyük zəfər anları elə futbolun həm də estetik tərəfini əhatə edir. Sözsüz ki, onlar mənim gəncliyimin qəhrəmanları idilər. Gəlin, əfsanə yaradan bu futbolçuların sırasına Ronaldonu da qataq. Hər biri öz-özluyündə bir ümman, bir dərya olan bu möhtəşəm isimlərin qarşısında azarkeşlər hər zaman sədaqətlə səcdə ediblər. Əlbəttə,
artıq burada söhbət ulduz futbolçulardan deyil, dahi futbolçulardan gedir. Maradona ilə Ronaldinyoda bütövlükdə oyun ərzində estetik harmoniya sanki əvvəlcədən və uzaqdan siqnal verirdi: "Mütləq gəlib mənim oyunuma, baxın həzz alın! Mən hamıdan güclüyəm, mən hamıdan üstünəm!”. Ecazkar emosiyaları dahi futbolçular yarada bilər. Belələrini gənc futbolçular özlərinə ideal seçirlər. Zaman-zaman dünya futbolunda dahi futbolçular olub. Hansı ölkəyə, hansı millətə məxsusluğundan asılı olmayaraq belələri bütün dünyada qəbul edilir. Estetik harmoniyadan təsadüfən söz salmadım. Fikrimcə, bəlkə də istedad, uzun müddət formada qalmaq, stabillik və digər parametrlər baxımından Messi, Ronaldo irəlidə olsalar da, estetik həzz alma baxımından Maradona, Ronaldinyo daha ön planda görünürlər. Futbolun bir idman növü kimi incəsənət olduğuna əminlik yaranması üçün adı çəkilən futbol dahilərindən əlavə Corc Bestin, Kempesin, Maldininin, Roberto Karlosun, Bekhemin, braziliyalı Ronaldonun, Zidanın, George Hacının, Alessandro Del Pyeronun, Tottinin, İnyestanın oyunlarını yada salmaq və yaxud bir daha onlara yenidən baxmaq kifayətdir.
Sonradan neçə-neçə futbolçu özünü Bestə bənzədib... Vaxtı ilə Platinini, indi isə Qrizmanı misal göstərmək olar. Yəqin azarkeşlərin yadındadır ki, Best həmişə maykasını üstdən salırdı. Elə Platini belə edərək digər keyfiyyətləri ilə də bu məşhur futbolçunu təkrar etməyə çalışırdı. Qrizman da oyun texnikası, jestləri, hətta təbəssümü ilə də 56 yaşında dünyasını dəyişmiş bu dahi futbolçuya bənzəməyə cəhd edir. Əvvəllər əksər oyunlarda o da maykasını üstdən salırdı. (Aydındır ki, "Barselona”ya gəldikdən sonra bu cəhəti ilə digər oyunçulardan seçilə bilməz - M.İ). Yeri gəlmişkən burada bir şəxsi yanaşmamı da oxucularla bölüşmək istəyirəm. Futbol ulduzu kimi qəbul edilsə də, mən heç vaxt Platininin oyunundan zövq almamışam. İndi də Fransa yığmasının heyətində daimi yer almış Qrizmanın oyununun da estetik tərəfini görmürəm. Baxmayaraq ki, Madridin "Atletiko” komandasının əsas oyunçularından biri idi. Heç bilmirəm ona ulduz futbolçu demək olar, ya yox. Kataloniya klubunun onu transfer etməsini də alqışlamadım. Vaxtı ilə gözəl qolları ilə adını dünya futbolu tarixinə həkk etdirmiş İbrahimoviç estetik təsiretmə gücü baxımından mənə görə elə də cəlbedici görünməyib. Həmişə düşünürdüm ki, fiziki göstəriciləri əla olan bu futbolçudan bəlkə də super həndbolçu, voleybolçu, basketbolçu çıxardı. Və tamaşaçılara təsiretmə parametrləri daha qabarıq olmaqla çox cəlbedici təsir bağışlayardı. Tevez, Poqba, Balotelli tipli futbolçuları isə xoşlamamışam. Bu gün "Liverpul”un əsas futbolçusu və qol silahı sayılan Sadio Manenin də oyunundan zövq almıram. Estetik gözəllik bəxş etmək ayrı bir məsələdir. Fkirimcə, hər ulduz futbolçu estetik gözəllik bəxş etmək xoşbəxtliyini qazana bilmir.
Təbii ki, azarkeşlərin, tamaşaçıların tanınmış futbolçulara yanaşmaları, düşüncələri həmişə fərqli olur. Elə incəsənətdə, ədəbiyyatda olduğu kimi... Amma hər bir halda estetik gözəllik yaradan futbolçuları hamı bəyənir.
George Hacı, yaxud "Karpat Maradonası”. Rumıniya milli komandasının heyətində üç dəfə dünya çempionatında, üç dəfə isə Avropa çempionatında çıxış edib və ən çox qol vuran oyunçu kimi ölkəsinin tarixinə düşüb. "Qalatasaray”ın fəxri... Estetik harmoniya yaradan unikal futbolçu kimi birdəfəlik qəbul edilib.
Ən çox sevdiyim futbolçulardan biri də Alessandro Del Pyero olub. O, həmişə "Yuventus”un və İtaliya millisinin heyətində cəlbedici oyunları ilə yadda qalıb. Özünəməxsus dəst-xətti olan bu futbolçu "skuadra adzurra”nın tarixində əbədi yer alanlardandır. Serxio Ramos, Pike, Qodin, Kellini, Van Diyk etibarlı müdafiəçilər sayılmaqla bərabər, hava toplarında yaxşı oynayırlar. Onların həlledici anlarda, vacib oyunlarda baş ilə vurduğu qollar həmişə tamaşaçılara ləzzət verir. Belələri futbola fərqli nəfəs verənlərdir. Belə futbolçuların oyunlarında həm də "dekorativ” detallar, cizgilər müşahidə edirsən.
Vaxt var idi ki, İtaliya nəhəngi "Milan”ın bütöv komanda şəklində oyunlarından zövq almışam, o ki qala hələ ayrı-ayrı futbolçularından. Bəli, indi acınacaqlı günlərini yaşayan "Milan”ın belə bir dövrü olub...
Yaxın keçmişdə, yəni 15-20 il bundan əvvəl Türkiyə çempionatında İstanbul derbiləri olduqca gərgin, maraqlı keçməklə azarkeşlərə, tamaşaçılara hədsiz zövq bəxş edərdi. O vaxtlar İstanbul nəhənglərinin çox güclü heyətləri var idi. Təəssüf ki, indi belə deyildir. Azarkeşlər o illərin futbol zövqünü sanki yadırğayıblar. O dövrlərdə stadionlarda baş verən təlatümlü mənzərələr yəqin ki, çoxdan nostalji hisslərə çevrilib.
Əlbəttə, baxımlı, zövqlü keçən oyunlar azarkeşləri daha çox cəlb edir. Məsələn, hər bir futbolçu üçün "Real” və "Barselona”da oynamaq şərəfli olmaqla bərabər eyni zamanda cəlbedici görünür. Elə oyunlar olur ki, bal kimi ruhumuza süzülür. Elə qollar izləyirik ki, özünə əbədi yaşam statusu qazanır.
Futbolun estetik məqamlarından söz açmışıqsa, "El-Klasiko”ya toxunmamaq mümkün deyildir. Dünyada sayı milyonlarla ölçülən futbol azarkeşlərindən biri kimi mən də "El-Klasiko”nu sevirəm. Dünyanın hər yerində bu oyunu gözləyirlər. Milyonlarla futbol azarkeşi həmin gün üzünü İspaniyaya çevirir. Mən də həmin gün səbirsizliklə axşamın düşməsini gözləyirəm. Gözüm saatda qalır. Bəs, milyonlarla futbol həvəskarı üçün iki əzəmətli, möhtəşəm komandanın qarşılaşması niyə bu qədər maraq kəsb edir?
Ona görə ki, "El-Klasiko”da ulduzlar, sadəcə, futbol oynamırlar, döyüşürlər. Futbolun estetik tərəfi azarkeşləri ovsunlayır. Hər dəfə qeyri-adi futbol matçı izləyirik. Bütün oyunçular cəlbedici görünür. Estetik zövq aldığımız bu futbolçular topla sehirbaz kimi davranırlar. Komandalar cəngavərcəsinə vuruşanda, futbolun estetik gözəlliyi daha da artır. Səhvlər olsa da belə, bu səhvlər komandaya baha başa gəlsə də... Təsadüfi deyil ki, "El-Klasiko”nu dünyanın bütün nüfuzlu kanalları yayımlayır.
İllər keçsə də, yenə də hamı Messi və Ronaldodan danışır. Ona görə də düşünürəm ki, daha bəsdir "super Messi” - "super Ronaldo”ya qarşı! "El-Klasiko”da bu nəhənglərin "döyüşünü” çox izləmişik. Hər ikisi artıq çoxdan futbolun canlı əfsanələridir. İndi nədənsə, mən çox istərdim ki, lap tezliklə (vaxt keçir, sonra gec olar!) Messi ilə Ronaldo nəhayət, bir komandada oynasınlar. Baxmayaraq ki, artıq hər ikisi qızıl yaş dövrünü keçiblər... Və yaxud, Pike ilə Ramos eyni klubda forma geyinsinlər. Əgər bu baş verərsə, azarkeşlərin alacağı zövqü təsəvvür etmək olar. Gözəl futbol mənzərələrini gözünüzün qabağına gətirin. Şübhəsiz çox maraqlı anların şahidi olarıq.
Futbolun estetik tərəfi, lap sadə şəkildə ifadə etsək - heyran qalmaq deməkdir. Yəni, futbol matçı sənə qeyri-adi görünür. Füsunkar oyun, ecazkar hərəkətlər, zövqverici qollar görəndə hər şeyi, ən böyük dərdimizi belə unudub özümüzü dünyanın ən xoşbəxti sayırıq. Bax, budur futbolun estetik tərəfi. Dahi futbolçuların oyunlarından, vurduqları qollardan azarkeşlər hər dəfə yeni "dozalarda” estetik zövq alırlar. Əsil, fanatik azarkeşlər üçün isə bütün bunlar vaxtı ilə təbii narkotik kimi olub əslində - estetik zövqün fontan kimi axması!... Bəlkə də dünyanı təəccübləndirən dahi futbolçuların sirləri də elə bundadır - estetik zövq bəxş etməkdə!...

26465 oxunub

InvestAZ