XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



ADBTİA-da “İdman jurnalistikası” magistr proqramının ilk məzunlarına diplomları təqdim olunub
İdman 12:11 / 19.12.2019

Dekabrın 17-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) tədrisi ingilis dilində aparılan "İdman jurnalistikası” magistr proqramlarının ilk məzunlarına diplomların təqdimat mərasimi keçirildi . Mərasimdə Azərbaycan gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, baş katibin müavini Azər Əliyev, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şar, İdman jurnalistikası proqramının rəhbəri Dan Mason, Azərbaycan Respublikasının təhsil nazirinin müavini Firudin Qurbanov, cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev, Olimpiya çempionları və başqa qonaqlar iştirak etdilər.
Tədbirdə Akademiyanın rektoru Fuad Hacıyev çıxış edərək bildirdi ki, idman jurnalistikası magistr proqramı nəinki Azərbaycanda, ümumiyyətlə Qafqazda ilk dəfə tədris olunur. Proqramın yaradılmasında məqsəd bu sahədə beynəlxalq səviyyədə rəqabətə davamlı kadrların yetişdirilməsidir. Proqramın rəhbəri media sahəsində tanınmış beynəlxalq ekspert Den Meysondur. O, Britaniya konsulluğu, İREX, "Tomson” fondu və digər beynəlxalq təşkilatların müxtəlif media layihələrinə rəhbərlik edib. Proqrama ilk qəbul 2017-ci ildə aparılıb. 6 gənc ingilis dilli proqrama qəbul edilib.
Bu ixtisasa qəbul olan tələbələr müasir teleradio avadanlığı ilə tam təchiz edilmiş multimedia mərkəzində yerli və xarici mütəxəssislər tərəfindən keçilən modullar çərçivəsində PR, audio və video, onlayn media sahəsində peşəkar bacarıqlara yiyələnib, beynəlxalq idman yarışlarına, nüfuzlu tədbirlərə media təmsilçisi qismində iştirak hüququ qazanıblar. Belə ki, idman jurnalistikası magistr proqramının tələbələri dəfələrlə onlayn radio və televiziya vasitəsilə canlı yayım edib, yüksək nailiyyətli idmançılar, görkəmli məşqçilər, könüllü və tələbələrdən müsahibələr alıblar.
Təhsil aldıqları iki il ərzində magistrantlar Böyük Britaniyaya səfər edib və iki həftə ərzində BBC televiziyasında təcrübə qazanıblar. Onlar əsas təlim modullardan birini Şeffild Hallam Universitetində keçiblər. Eyni zamanda, magistrantlar bir neçə beynəlxalq tədbirin, o cümlədən Bakıda keçirilən para-cüdo üzrə Qran-Pri turnirinin təşkilinə və keçirilməsinə media dəstəyi göstəriblər.
ADBTİA-nın idman jurnalistikası magistr proqramının ilk məzunları artıq bir sıra yerli teleradio şirkətləri, eləcə də "Associated Press”, BBC, «Əl Cəzirə» və s. nüfuzlu xarici media qurumları ilə əməkdaşlığa başlayıblar. Onların bu fəaliyyətləri Azərbaycanda keçirilən mötəbər idman tədbirlərinin daha geniş işıqlandırılmasında, respublikamızın beynəlxalq arenada idman ölkəsi kimi tanıdılmasında mühüm rol oynayacaq.


27193 oxunub

InvestAZ