XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024



Voleybol mütəxəssisi karyerasını İndoneziyada davam etdirəcək
İdman 14:21 / 25.11.2019

Gənc və peşəkar voleybol mütəxəssisi Ziya Rəcəbov karyerasını İndoneziyada davam etdirəcək.
Həmyerlimiz qadın voleybolçulardan ibarət komandalar arasında keçirilən İndoneziya Proliqasında çıxış edən "Jakarta Pertamina Energi” klubu ilə müqavilə imzalayıb. Artıq komandaya təqdim olunan Z.Rəcəbov əvvəllər qadın voleybolçulardan ibarət "Rabitə”, "Azəryol” və "Lokomotiv” komandalarını çalışdırıb. Perspektivli mütəxəssis kişi voleybolçulardan ibarət Azərbaycan millisini çalışdırıb, həmçinin "Neftçi” və "Sərhədçi” klublarında işləyib və bir çox uğurlara imza atıb.
İkinci dərəcəli beynəlxalq məşqçi adına layiq görülmüş Z.Rəcəbovun rəhbərliyi altında kişilərdən ibarət milli komandamız "Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. 2015-ci ildən milli komandamızda köməkçi məşqçi kimi fəaliyyət göstərən mütəxəssis Lüksemburqda təşkil oluna "Novo Cup” beynəlxalq turnirində bürünc medala sahib olub.
Cari ildə "Lokomotiv”də baş məşqçilik fəaliyyətinə başlayan gənc məşqçi İndoneziya klubundan aldığı təklifə görə komanda ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verib.
İndoneziya Proliqasında çempionluq hədəfləyən Z.Rəcəbov heyətin formalaşdırılması istiqamətində işlərə başlayıb. "Jakarta Pertamina Energi” klubunun aparıcı üzvlərinin İndoneziya yığmasının heyətində noyabrın 30-dan dekabrın 11-dək Filippində keçiriləcək XXX Cənub-Şərqi Asiya Oyunlarında iştirakını nəzərə alsaq, artıq paytaxt təmsilçisi ilk transferini reallaşdırıb. Belə ki, komanda Azərbaycan millisinin kapitanı Odina Əliyevanı heyətinə cəlb edib. Dəfələrlə Azərbaycan çempionu olan voleybolçu Türkiyə və İtaliyada da legioner həyata yaşayıb.
Qeyd edək ki, "Jakarta Pertamina Energi” klubu İndoneziya Proliqasının 2018-2019-cu il mövsümünü ikinci pillədə başa vurub.

20412 oxunub

InvestAZ