Kəndirlə mübarizə üzrə ölkə birinciliyi və OCEP turnirində qaliblər müəyyənləşib
İdman 10:22 / 07.12.2025
20 nömrəli məktəb-liseydə yeniyetmə və gənclər arasında kəndirlə mübarizə üzrə ölkə birinciliyi və Milli Olimpiya Komitəsinin (MOK) OCEP layihəsi çərçivəsində Bakı məktəbləri arasında turnir keçirilib. Yarış Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinin, Milli İdman Növləri Assosiasiyası və Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
OCEP turnirində iştirak edən məktəblərdən ilk 3 yerin sahibləri ölkə çempionatına vəsiqə qazanaraq birincilkdə mübarizə aparıblar.
OCEP turnirində 420 kq-a qədər oğlanların mübarizəsində 200 nömrəli Məktəb-Lisey Kompleksi birinci, İ.Əfəndiyev adına Elitar Gimnaziya ikinci, 60 nömrəli tam orta məktəb isə üçüncü yeri tutub. 390 kq-a qədər qarışıq komandalar arasında isə 200 nömrəli Məktəb-Lisey Kompleksinin komandası birincilik əldə edib. 158 nömrəli tam orta məktəb ikinci, 189 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub.
Ölkə birinciliyinin nəticələrinə əsasən isə U17 - 420 kq oğlanlar kateqoriyasında "Zəfər” İdman Klubu çempion olub. İZİA Peşə Təhsil Mərkəzi ikinci, "Buta” İdman Klubu isə üçüncü yerə sahib çıxıb. U17 - 390 kq qarışıq komandaların mübarizəsində "Zəfər” İdman Klubu birinci, İZİA Peşə Təhsil Mərkəzi ikinci, 158 nömrəli tam orta məktəb üçüncü pillədə qərarlaşıb.
U23 - 450 kq oğlanlar üzrə yarışda "Zəfər” İdman Klubu qızıl medal əldə edib. PRIDE–AzKMİC gümüş, "Turan” İdman Klubu (Zaqatala) isə bürünc medal qazanıb. U23 - 420 kq qarışıq komandalar arasında "Zəfər” İdman Klubu birinci, "Buta” İdman Klubu ikinci, İZİA Peşə Təhsil Mərkəzi isə üçüncü yerin sahibi olub.
Tədbiri Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, yarışların təşkili sektorunun müdiri Aslan Salahzadə, həmçinin Milli Olimpiya Komitəsinin nümayəndələri Elxan Səməd-zadə, Günay Əsgərova, Ruslan Məmmədov və Nərmin Kərimova izləyiblər. Yarışlarda fərqlənən komanda üzvlərinə Gənclər və İdman Nazirliyi tərəfindən diplom və medallar, Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyi tərəfindən isə kuboklar təqdim olunub.
Birincilik və turnirdə ümumilikdə 14 məktəbdən 22 komanda və 4 idman klubundan 8 komanda iştirak edib. Nəticələr Beynəlxalq Kəndirlə Mübarizə İdmanı Federasiyasının texniki reqlamentinə əsasən dairəvi sistem üzrə hesablanıb.
332 oxunub