Paytaxtımız kəmər güləşi üzrə 3-cü Avropa çempionatına ev sahibliyi edir. Milli Gimnastika Arenasında keçirilən çempionatın açılış mərasimində təşkilatçı və dəstəkçi qurumların nümayəndələri, idmançılar və tamaşaçılar iştirak ediblər.
İlk olaraq iştirakçı komandaların dövlət
bayraqları zala gətirilib. Sonra söz Beynəlxalq Kəmər Güləşi Federasiyasının
baş katibi Xabir Xabibullinə verilib. O, ev sahibliyinə görə Azərbaycana təşəkkürünü
bildirib, idmançılara uğurlar arzulayıb.
Ardından öz təəssüratlarını bölüşən gənclər və
idman nazirinin müavini Fərhad Hacıyev 16 ildən sonra bu idman növü üzrə Avropa
çempionatının Bakıda keçirilməsinə sevindiyini söyləyib: "Azərbaycan
qeyri-Olimpiya, xüsusən də ənənəvi idman növlərinə diqqət yetirir. Ənənəvi
idman növləri ölkəmizdə get-gedə daha da inkişaf edir. Əminəm ki, budəfəki
Avropa çempionatının da təşkilatçılığı yüksək səviyyədə olacaq".
Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Sonda nümunəvi çıxışlar tamaşaçılara təqdim olunub.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Beynəlxalq
Kəmər Güləşi Federasiyası, Azərbaycan Milli İdman Növləri Assosiasiyası (AMİNA)
və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilən qitə
birinciliyi oktyabrın 4-dək davam edəcək. Yarış zamanı atletlər sərbəst və
klassik üslublarda bütün çəki dərəcələri üzrə mübarizə aparırlar.