XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



79 cüdo məşqçisi MOK-un ACF ilə birgə təşkil etdiyi beynəlxalq təlimdə iştirak edəcək
İdman 13:21 / 05.02.2023
Fevralın 6-da Bakıda Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının 2022-ci il mart ayından başlamış birinci səviyyə cüdo məşqçiliyi sertifikatı proqramı çərçivəsində yekun təlimlərə start veriləcək. Milli Olimpiya Komitəsinin (MOK) və Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə keçiriləcək tədbirdə 79 cüdo məşqçisi imtahan verəcək.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiya Həmrəyliyi Fondunun maliyyə, Beynəlxalq Cüdo Federasiyasının texniki dəstəyi ilə icra olunan proqram iştirakçıların sayına görə 2 hissədən ibarət olacaq.
Seminar və imtahan BCF Akademiyasının direktoru Envik Qalea, Akademiyanın proqram rəhbəri Dr. Tibor Kozsla, Akademiyanın idman direktoru Daniel Laskau və digər ekspertlər (ümumilikdə 10 ekspert) tərəfindən keçiriləcək. Məşqçilər Akademiyanın mütəxəssislərinin nəzarəti altında ilk bir həftə ərzində cüdo texnikası və fəndləri üzrə bilikləri təkmilləşdirdikdən sonra praktiki imtahan verəcəklər.
BCF Akademiyasının qaydalarına əsasən, yekun seminar və imtahanlar adətən onların öncədən müəyyən etdikləri xarici ölkələrdə keçirilir və ora müxtəlif ölkələri təmsil edən proqram iştirakçıları iştirak edirlər. Lakin, Azərbaycandan olan iştirakçıların sayının çoxluğu nəzərə alınaraq, akademiyanın təcrübəsində ilk dəfə olaraq yekun seminar və imtahanın sırf bir ölkəni təmsil edən məşqçilər üçün həmin ölkədə təşkil edilməsinə qərar verilib.
ACF-in Akademiya ilə 2022-ci ilin mart ayından başlayan əməkdaşlığı nəticəsində qeyd edilən proqrama 80-dən çox cüdo məşqçisi cəlb edilib. Nəzəri imtahanları uğurla başa vuran 79 cüdo məşqçisi əyani surətdə imtahan verərək müvafiq sertifikatı əldə etmək imkanı qazanıblar. Məşqçilərin sertifikat proqramında iştirak haqqı ACF tərəfindən qarşılanıb.
Beynəlxalq səviyyəli məşqçilərin yetişdirilməsinə ölkədə olan daxili ehtiyacı nəzərə alaraq, MOK bu kimi kurslara daha müntəzəm və silsilə şəkildə 2016-ci ildən etibarən dəstək olur. Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi ilə təşkil olunan bu kimi kurslar üçün məruzəçi ekspert yalnız müvafiq Beynəlxalq İdman Federasiyası tərəfindən təyin olunur və adıgedən qurumların texniki qaydalarına uyğun təşkil edilir.


11796 oxunub

InvestAZ